AZ

İsveçdə mötədillər ifrat sağçı millətçi partiya ilə koalisiyaya hazırdırlar

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 1 aprel, AZƏRTAC

Mötədillər Partiyası qarşıdan gələn seçkilərdən sonra ifrat sağçı millətçi İsveç Demokratları (İD) Partiyası ilə birgə hökumət qurmağa hazır olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir və Mötədillər Partiyasının lideri Ulf Kristersson birgə mətbuat konfransında İD-nin əhəmiyyətli təsirə və bir sıra nazir vəzifələrinə sahib olacağı kabinetə rəhbərlik etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq, digər məsələlərlə yanaşı, miqrasiya siyasəti üçün məsuliyyətin İD-yə ötürülməsini də ehtimal edir. İfrat sağçı partiyanın lideri Yimmi Okesson vurğulayıb ki, partiya cinayətkarlığa qarşı mübarizə və daha sərt immiqrasiya siyasəti də daxil olmaqla əsas siyasət istiqamətləri üzərində portfellərin və təsirin mütənasib şəkildə bölüşdürülməsinə ümid edir.

Tərəflər artıq Mötədillər Partiyası, Xristian Demokratlar, Liberallar və İsveç Demokratlarını əhatə edən TİDÖ koalisiyasındakı digər partiyalarla hərəkətlərini əlaqələndirir və seçkilərin uğurlu olacağı təqdirdə çoxluq hökuməti qurmağa ümid edirlər.

Bəyanat müxalifət tərəfindən kəskin tənqidlərə səbəb olub. Sosial Demokratlar, Yaşıllar, Mərkəzçi və Sol partiyalarının nümayəndələri təhlükəli siyasi dönüş və demokratik institutlar üçün risklər barədə xəbərdarlıq edirlər.

“Mötədillər və İsveç Demokratları İsveç xalqının istəmədiyi bir hökumətdə nazir vəzifələrini bölüşdürürlər. TİDÖ partiyaları artıq bir neçə ildir ki, çoxluğa sahib olmayıblar və sentyabr ayında da onu əldə etməyəcəklər. İsveçə rifahı gücləndirən, emissiyaları azaldan və bərabərliyi artıran bir hökumət lazımdır. İnsanları bir-birinə qarşı qoyan bir hökumət deyil”, - deyə Yaşıllar Partiyasının həmsədri Daniel Helden mətbuat konfransında bildirib.

Müxalifətin fikrincə, İD-nin təsirinin güclənməsi siyasətin sərtləşməsinə, sosial qütbləşmənin artmasına və hüquqi təminatların zəifləməsinə gətirib çıxara bilər. Tənqidçilər xüsusilə İD-nin hökumətdə mümkün iştirakına diqqət yetiriblər - bəzi müxalifət siyasətçiləri bu addımı tarixi və son dərəcə narahatedici adlandırıblar.

Son sorğulara görə, İsveç Demokratları dəstək baxımından Mötədillərdən irəlidədir ki, bu da onların potensial koalisiyadakı mövqelərini gücləndirə bilər.

Qeyd etmək lazımdır ki, Riksdaq, regional və bələdiyyə şuralarına seçkilər sentyabrın 13-də keçiriləcək.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
azertag.az

1Mənbələr