Ölkədə keyfiyyətsiz, hətta saxta dərman vasitələri satılırmış.
Bu nöqsanlar Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar zamanı üzə çıxıb. Mərkəzin Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva "Xəzər Xəbər"ə bildirib ki, mart ayı ərzində 29 yoxlama aparılıb.
Bunlardan 25-i özəl tibb müəssisəsi, 4-ü isə fiziki şəxsə məxsus obyektdir. Aparılan yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb və bunların əsasında cərimələr yazılıb. Ümumilikdə, 26 protokol tərtib olunub ki, bunlardan da 13-ü hüquqi, digər 13-ü isə fiziki şəxsə tətbiq edilib.
Nöqsanların aradan qaldırılması istiqamətində atılan addımlardan da danışan Xəyalə Əliyeva vurğulayıb ki, ilkin olaraq tərtib edilmiş protokollar toplanmış materiallarla birlikdə növbəti icraata Səhiyyə Nazirliyinə göndərilir. Nazirlik də öz növbəsində yoxlama materiallarının qanunvericiliklə müəyyən olunmuş qaydada ərazi üzrə məhkəmə orqanlarında mübahisələndirilməsini təmin edir.
Onu da qeyd edək ki, Analitik Ekspertiza Mərkəzi ötən ay 54 aptekdə də yoxlama aparıb. Yoxlamalardan 19-u Bakıda, 35-i isə digər şəhər və rayonlardakı apteklərdə həyata keçirilib. 12 aptekdə nöqsan aşkarlanıb və inzibati protokollar tərtib olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.