Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının (avtomobil nömrələrinin) itirilməsi və ya yararsız hala düşməsi hallarında sürücülər bir sıra vacib məqamları nəzərə almalıdırlar.
BAKU.WS-in məlumatına görə, ilk növbədə, nömrə itirildiyi halda vətəndaş dərhal yaşadığı ərazi üzrə polis bölməsinə müraciət edərək bu barədə arayış almalıdır.
Daha sonra isə müraciət Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə təqdim olunmalıdır.
Qanunvericiliyə əsasən, itirilmiş dövlət qeydiyyat nişanlarının tapılması üçün bir ay müddət verilir. Bu müddət ərzində nömrə tapılarsa, sahibinə qaytarılır. Əks halda, həmin nömrəni yenidən əldə etmək mümkün olmur və yeni qeydiyyat nişanı alınmalıdır. Yeni nömrənin rüsumu isə üzərindəki hərf və rəqəm kombinasiyasına uyğun olaraq müəyyən edilir.
Bəzi hallarda nömrələr itmir, oğurlanır. Əgər kimsə tapdığı nömrəni pul qarşılığında geri qaytarmağı təklif edirsə, bu zaman vətəndaş dərhal polisə məlumat verməlidir. Belə hallarda hüquq-mühafizə orqanlarının müdaxiləsi vacibdir.
Eyni zamanda, nömrələrin zədələnməsi və ya qopub düşməsi halları da tez-tez rast gəlinir. Xüsusilə yapışqanlı və ya zəif bərkidilmiş nömrələr güclü külək, yüksək sürət və intensiv yağıntı nəticəsində yerindən çıxa bilər. Bəzən sürücülər bunu dərhal hiss etmirlər.
Qeyd edək ki, dövlət qeydiyyat nişanı olmadan və ya natamam (bir ədəd olmadan) avtomobil idarə etmək inzibati məsuliyyət yaradır. Həmçinin saxta və ya başqa nəqliyyat vasitəsinə aid nömrələrlə avtomobil idarə edən şəxslər də cərimələnir. Bu hallarda 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq olunur.