AZ

Ermənistanda seçki gərginliyi: Rusiya bazası seçkilərə qarışır

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik də artır. Bakupost.az xəbər verir ki, bu dəfə gündəmə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ilə bağlı iddialar gəlib.

Revanşist dairələrə yaxın media orqanlarının iddiasına görə, bazanın şəxsi heyəti arasında anti-Paşinyan kampaniyası aparılır. Bildirilir ki, bəzi bölmə komandirləri Ermənistan vətəndaşları ilə söhbətlər apararaq onları Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasını dəstəkləməyə çağırır, əks halda müxtəlif təzyiq vasitələri ilə hədələyirlər.

Bu iddialar fonunda Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının seçki prosesinə müdaxilə edə biləcəyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli isə bu ehtimalları real hesab etmir:

“Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının birbaşa seçkilərə müdaxilə imkanları yoxdur. Hətta Paşinyan özü belə bir ssenarinin yaranmasında maraqlı ola bilər. Onun apardığı təbliğat əsasən anti-Rusiya ritorikasına əsaslanır”.

Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyətini qorumaq üçün müxtəlif siyasi və qeyri-rəsmi dayaqlara da malikdir.

Ə.Əlibəyli hesab edir ki, Ermənistanda əsas risk xarici müdaxilə deyil, daxili qarşıdurmanın dərinləşməsidir:

“Seçkilər ərəfəsində 102-ci bazanın rolundan daha çox ölkə daxilində vətəndaş qarşıdurmasının alovlanması ehtimalı var. Rusiyanın əsas təsir aləti hərbi deyil, iqtisadi rıçaqlardır. Paşinyana təzyiq də daha çox bu istiqamətdə ola bilər. Digər tərəfdən, Rusiya milyarder Samvel Karapetyanı, eləcə də revanşist və separatçı qüvvələri maliyyələşdirməklə proseslərə təsir göstərə bilər”.

Rüfət Sultan, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr