AZ

“Türkiyə üçün ən çətin rəqib Paraqvay olacaq” - DÇ-2026

Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb. Türkiyə bu qarşılaşmada D qrupunda ABŞ, Avstraliya və Paraqvay yığmaları ilə üz-üzə gələcək.

Mövzu ilə bağlı Redaktor.az-a AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bildirdi ki, baş verənlər türk dünyasının növbəti qələbəsidir:

"Türkiyə ilə yanaşı Özbəkistanın, həmçinin Bosniya və Herseqovinanın İtaliya kimi güclü rəqibləri geridə qoyaraq burada təmsil olunması ən azından bizim üçün təqdirəlayiq haldır. Digər tərəfdən, etiraf etmək lazımdır ki, Türkiyə seçmə komandasına daha çətin rəqiblər də düşə bilərdi. Amerika Birləşmiş Ştatları, Avstraliya və Paraqvay kimi rəqiblərin çempionatın əsas favoritləri hesab olunmaması Türkiyə millisinin bəxtinin müəyyən qədər gətirdiyindən xəbər verir".

Müsahibimiz şansları dəyərləndirərkən Türkiyə millisinin heyətində "Yuventus" və "Real Madrid" kimi klubların oyunçularının olduğunu qeyd etdi. O, əlavə etdi ki, rəqiblər də zəif deyil:

"ABŞ millisi əvvəlki dünya çempionatında nümayiş etdirdiyi oyunla qrupdan çıxmağa tam layiq olduğunu sübut etmişdi. Onlar qrup mərhələsində Braziliya və Almaniya kimi nəhəngləri geridə qoymağı bacarırlar, üstəlik, turnirin Amerikada keçirilməsi onlara ev sahibi kimi əlavə üstünlük qazandıraraq qüvvələri bərabərləşdirir. Eyni zamanda, son on ildə ciddi inkişaf yolu keçən Avstraliya millisinin heyətindəki bir çox futbolçunun İngiltərə Premyer Liqası kimi nüfuzlu çempionatlarda çıxış etməsi komandanın səviyyəsini xeyli artırıb".

Şərhçinin fikrincə, bu turnirin əsl “qara qutusu” Paraqvay millisidir.

"Latın Amerikasında Argentina, Braziliya, Kolumbiya və Uruqvay kimi nəhənglərlə rəqabət aparıb əsas turnirə vəsiqə qazanmaq onların gücünün bariz göstəricisidir. Bu baxımdan, Türkiyə üçün ən çətin sınaq məhz sərt oyun üslubuna və möhkəm müdafiəyə malik Paraqvaya qarşı ola bilər. Texnikalı komandalara qarşı effektiv mübarizə aparmağı bacaran bu rəqib, eyni oyunu Türkiyəyə qarşı da nümayiş etdirsə, millimiz ciddi çətinliklərlə üzləşə bilər. Təbii ki, ev sahibi amili və ya Paraqvayın Latın Amerikası təcrübəsi kimi faktorlar müəyyən üstünlüklər yaratsa da, bunlar həlledici fərqlər deyil. Nəticə etibarilə bütün komandaların şansları demək olar ki, bərabərdir. Uzunmüddətli turnirlərdən fərqli olaraq, belə qısamüddətli yarışlarda oyun günü daha az səhv edən, psixoloji təzyiqə davam gətirən və fiziki hazırlığını qoruyan tərəf qalib gələcək. Sadalanan bütün amillər oyunöncəsi müəyyən təsəvvür yaratsa da, ümumi mənzərəni xırda detallar və futbolçuların həmin andakı performansı müəyyən edəcək", - deyə Aslan Kərimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
12
1
redaktor.az

2Mənbələr