AZ

Kişilərlə deyişəndə qışqırmalı oluram Samirə Vüqara cavab verdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Meyxanaçı Vüqar Əbdülov qadın meyxanaçıların kişilərlə eyni səhnədə çıxış etməsinə qarşı olduğunu bildirib. Onun bu fikri meyxanasevərlər arasında müzakirələrə səbəb olub.

Sitat: “Kişi ilə qadının söz mübadiləsi alınmaz. Əvvəldən düzəldilmiş formada olar, amma bədahətən yox. Qadınların kişilərlə meyxana deməsini qəbul etmirəm. Qadınla kişinin eyni meydanı bölüşməsinin əleyhinəyəm”.

Globalinfo.az-a danışan meyxanaçı Samirə Yusifqızı Vüqar Əbdülovun fikrini dəstəklədiyini bildirib:

“Vüqarın dedikləri ilə razıyam, çünki kişi səsi ilə qadın səsi uyğun gəlmir. Təbii ki, bəzi hallarda tək olduğum üçün ya qışqıraraq, ya da bəmdən oxuyuram, amma tonallıq hər zaman düzgün alınmır. Deyişmə bir az məzəli, atmacalı, əyləncəlidir və belə daha maraqlı olur, nəinki hansısa sosial, siyasi və ya təhsil mövzusunda ciddi nəsə deyəndə”.

S.Yusifqızı əlavə edib ki, qadınla deyişmə zamanı bəzən kişilər atmacalı sözlər deməkdən çəkinirlər:

“Mentalitetimiz baxımından bəzi şeylər düz gəlmir. Ona görə də Vüqar Əbdülovun dedikləri ilə tam razıyam. Qadınla qadın, kişi ilə kişi deyişsə daha yaxşıdır. Amma əgər qadın (meyxanaçı) yoxdursa, mən nə edim? Varsa belə, üzdə deyillər”.

Samirə Yusifqızı həmçinin zamanında Vüqar Əbdülovla birlikdə toylarda meyxana dediyini xatırladıb:

“Vüqar mənim dostumdur. İlk dəfə elə deyişməni Vüqarla etmişik. Toyda Vüqar, rəhmətlik Kərim, Ağamirzə və mən deyişmişik. Rəhmətlik Ağasəlim də iştirak edib. 1994-1995-ci illərdə. Vüqarla toylarda oxumuşuq, meyxanalar demişik. Hələ o zaman bir masa arxasında 8-9 kişi əyləşib, tək mən olmuşam”.

Meyxanaçı bəzi deyişmələrə qoşulmadığını da qeyd edib:

“Bəzən elə deyişmələr olur ki, mən qoşulmuram, kənarda qalır. Orada sürətli, sərt, bəzən sərt sözlər deyilir ki, mənim qoşulmağım alınmır. Həmçinin müəyyən jarqonlar istifadə olunur ki, mənə deyilə bilməz”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
globalinfo.az

1Mənbələr