AZ

İnkişaf edən şəhərlər Azərbaycanda müasir şəhərsalma modelləri MƏQALƏ

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şamaxı, 1 aprel, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Dövlət Pedaqoji Universitetin Şamaxı filialının müəllimi Dürdanə Heydərovanın “İnkişaf edən şəhərlər: Azərbaycanda müasir şəhərsalma modelləri” sərlövhəli məqaləsini təqdim edirik.

Prezident İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın sosial-iqtisadi, mədəni və strateji inkişaf xəttində böyük əhəmiyyət daşıyan mühüm mərhələ kimi dəyərləndirilir.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi həm də zəngin şəhərsalma və memarlıq ənənələri ilə xarakterizə olunur. Tarixi İpək Yolu üzərində strateji mövqedə yerləşən Gəncə, Şamaxı, Naxçıvan, Bakı, Şəki və Bərdə kimi qədim mərkəzlərimiz təkcə ticarət və sənətkarlıq qovşağı deyil, həm də intibah dövrünün parlaq mədəniyyət ocaqları kimi tanınıb. Bu şəhərlər Şərq və Qərb sivilizasiyaları arasında mühüm iqtisadi-siyasi körpü rolunu oynayaraq, özünəməxsus memarlıq məktəblərinin (məsələn, Naxçıvan, Şirvan-Abşeron məktəbləri) formalaşmasına rəvac verib. Qədim qala divarları, möhtəşəm məqbərələr, karvansaralar və dini abidələrlə bəzədilmiş bu yaşayış məskənləri Azərbaycanın orta əsrlər şəhərsalma mədəniyyətinin yüksək inkişaf səviyyəsini bu gün də özündə yaşadır.

Milli-mənəvi dəyərlərimizin təbliği Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasının prioritet istiqamətlərindən birini təşkil edib. Ulu Öndər tərəfindən təməli qoyulan bu uzaqgörən siyasət - mədəni irsimizin mühafizəsi, bərpası və beynəlxalq miqyasda tanıdılması ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir.

Xalqımızın minilliklər boyu yaratdığı zəngin tarixi irsi qoruyub saxlamaq və onu orijinallığını itirmədən gələcək nəsillərə ötürmək ali dövlət qayğısı olmaqla yanaşı, həm də yüksək məsuliyyət tələb edən strateji vəzifədir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin bərpası, milli musiqi və sənətkarlıq nümunələrimizin UNESCO-nun siyahılarına daxil edilməsi bu varislik xəttinin parlaq təzahürüdür. Milli-mənəvi irsimizə sahib çıxmaq bizə Ulu Öndər Heydər Əliyevdən miras qalan müqəddəs bir əmanətdir və hər bir azərbaycanlı üçün şərəfli vətəndaşlıq borcuna çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan müasir şəhərsalma modelləri bu sahənin dövlətimiz üçün daşıdığı strateji önəmi bir daha təsdiqləyir. Tarixi memarlıq ənənələri ilə modern üslubun harmoniyası Azərbaycanda icra olunan infrastruktur layihələrində innovativ yanaşmaların tətbiqini zərurətə çevirib. Bakının simvoluna çevrilən Heydər Əliyev Mərkəzi və “Alov qüllələri” kimi unikal memarlıq inciləri milli memarlıq irsimizin müasir dünya trendləri ilə uğurlu vəhdətinin ən bariz nümunələridir.

BMT-nin Məskunlaşma Proqramı tərəfindən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Azərbaycanda keçirilməsi barədə qəbul edilən qərar ölkəmizin qlobal müstəvidə artan nüfuzunun və dinamik diplomatik gücünün bariz göstəricisidir. Bu mötəbər tədbirin Bakıya həvalə olunması həm də Azərbaycanın müasir şəhərsalma, “ağıllı şəhər” konsepsiyalarının tətbiqi və dayanıqlı regional inkişaf sahəsində əldə etdiyi mütərəqqi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi deməkdir.

İnsanların dünyagörüşünün və mədəniyyətinin formalaşmasında önəmli rola malik olan şəhərsalma və memarlıq ənənələri, memarlığın yalnız yaradıcılıq işi olmadığını, həm də insanların həyatında, mədəniyyətlərin inkişafında və şəhər mühitinin təşəkkülündə böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Estetik zərifliklə funksionallığın vəhdətinə əsaslanan müasir Azərbaycan memarlığı hazırda inkişafının dinamik mərhələsini yaşayır. Bu dövrün əsas xüsusiyyəti şəhərsalma prinsiplərinin “ağıllı” infrastruktur və yaşıl texnologiyalar üzərində qurulmasıdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri şəhərsalmanın dövlət siyasətində strateji prioritet olduğunu bir daha təsdiqləyir.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları və yaşıl enerji zonası layihələri Azərbaycanın dayanıqlı inkişaf gündəliyində qlobal liderlik iddialarını gücləndirir. Bu innovativ model alternativ enerji mənbələrindən səmərəli istifadəni, ekoloji mühitin bərpasını və müasir ictimai nəqliyyat ekosisteminin qurulmasını özündə birləşdirir. Beləliklə, Azərbaycan özünün yeni şəhərsalma arxitekturası ilə həm milli ənənələrə, həm də qlobal ekoloji hədəflərə sadiqliyini nümayiş etdirir.

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı imzalanmış Sərəncam ali təhsil müəssisələrinin elmi potensialının bu istiqamətdə səfərbər olunmasını zəruri bir vəzifə kimi qarşıya qoyur. Bu xüsusda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı bölgədə fəaliyyət göstərən nüfuzlu elm və təhsil ocağı kimi təkcə pedaqoji kadr hazırlığı ilə deyil, həm də sosial-humanitar inkişaf məsələlərinə elmi yanaşmaların formalaşdırılması ilə diqqət mərkəzindədir. Ali təhsil mühitində aparılan elmi-tədqiqat işləri bir daha təsdiqləyir ki, şəhərsalma yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də sosial davranış, mədəni transformasiya və insan kapitalının yüksəlişi ilə birbaşa bağlı olan kompleks bir prosesdir. Bu mənada, ADPU-nun Şamaxı filialı “Şəhərsalma və Memarlıq İli”nin ideoloji mahiyyətinin elmi müstəvidə təbliğinə və effektiv müzakirə platformasına çevrilməsinə öz dəyərli töhfəsini verməkdədir.

Azərbaycanda həyata keçirilən müasir şəhərsalma strategiyası birbaşa insan amilini və onun rifahını önə çıxarır. Hazırda rahat yaşayış mühiti, yüksək təhlükəsizlik standartları, əlçatan sosial infrastruktur və ekoloji sağlamlıq dövlət siyasətinin əsas prioritetlərinə çevrilib. Rəqəmsal transformasiya – “elektron hökumət” həlləri, intellektual nəqliyyat sistemləri və kommunal xidmətlərin tam avtomatlaşdırılması şəhər ekosistemini daha səmərəli və çevik edir.

Gələcəyin şəhərləri yalnız texnoloji üstünlükləri ilə deyil, həm də sosial inklüzivliyi ilə fərqlənməlidir. Bu baxımdan, uşaqlar, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün maneəsiz və uyğunlaşdırılmış şəhər mühitinin yaradılması müasir urbanistikanın ən mühüm keyfiyyət göstəricisidir. Beləliklə, rəqəmsal innovasiyalarla humanitar dəyərlərin vəhdəti Azərbaycanın yeni şəhərsalma modelinin özəyini təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
azertag.az

1Mənbələr