ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
2026-cı ilin mart–aprel dönəmi beynəlxalq siyasətdə həm regional, həm də qlobal səviyyədə ciddi gərginliklərin yaşandığı bir dövr olaraq diqqət çəkdi.
Avropa İttifaqından Böyük Britaniyaya, Asiya və Yaxın Şərq regionlarına qədər bir çox mərkəzdə siyasi və iqtisadi maraqların toqquşması, diplomatik münasibətlərin daha mürəkkəbləşməsi ilə nəticələndi. Bu proses qlobal güclər arasında rəqabətin artmasına, strateji ittifaqların yenidən formalaşmasına və bəzi hallarda mövcud beynəlxalq təşkilatların effektivliyinin sınanmasına səbəb oldu.
Eyni zamanda, böhranlı vəziyyətlər yeni koordinasiya və əməkdaşlıq mexanizmlərinin yaradılmasını da gündəmə gətirdi, bu isə beynəlxalq arenada adaptasiya və çevik idarəetmənin vacibliyini göstərdi.
Belə bir kontekstdə sual yaranır: artan geosiyasi gərginliklər beynəlxalq təşkilatların funksionallığını zəiflədir, yoxsa onları daha yeni və çevik əməkdaşlıq yolları qurmağa məcbur edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Abutalıb Səmədov deyib ki, qlobal güclər arasında artan rəqabət beynəlxalq təşkilatların effektivliyini xeyli zəiflədib:
"Xüsusilə BMT öz üzərinə götürdüyü vəzifələri tam icra edə bilmir və bu təşkilatda ciddi islahatlara ehtiyac var. Uzun illərdir bu islahatlardan danışılır, lakin hələ ki, real addımlar atılmayıb və hansı konkret tədbirlərin görülə biləcəyi də ciddi şübhələr doğurur. Bunun əsas səbəbi isə bəzi böyük dövlətlərin maraqlarının toqquşmasıdır ki, bu da BMT-də zəruri islahatların həyata keçirilməsinə mane olur".
Onun sözlərinə görə, Avropa İttifaqı da ciddi böhran yaşayır. Bunun səbəbi bəzi Şərqi Avropa ölkələrinin aparılan siyasətə kəskin etirazıdır:
"Lakin, əgər Amerika Birləşmiş Ştatları Macarıstana dəstək verməsəydi, həmin ölkənin baş naziri Avropa İttifaqında bu dərəcədə cəsarətli addımlar ata bilməzdi. Yəni ABŞ ilə Avropa İttifaqı arasında mövcud gərginlik, əslində, Avropa daxilində də ciddi münaqişələrə yol açır".

Abutalıb Səmədov: Yeni qurumların yaradılması istiqamətində müəyyən təşəbbüslər də mövcuddur
Müsahibimiz onu da qeyd edib ki, NATO da ağır vəziyyətdədir və hətta parçalanmaq təhlükəsi ilə üz-üzədir. Lakin ehtimal olunur ki, təşkilat parçalanmayacaq və Trampdan sonra NATO-nun yenidən əvvəlki vəziyyətinə qaytarılması üçün zəruri addımlar atılacaq:
"Yeni qurumların yaradılması istiqamətində müəyyən təşəbbüslər də mövcuddur. Məsələn, Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası yaxın 2–3 il ərzində nüfuzlu bir quruma çevrilə bilər. Lakin Trampın prezidentlik müddəti başa çatdıqdan sonra bu qurumun fəaliyyətinin davamlılığı şübhə doğurur".
Abutalıb Səmədov onu da deyib ki, indiki şəraitdə yeni qurumlar yaransa da, onların uzunömürlü olma ehtimalı çox aşağıdır:
"Ən məqsədəuyğun yol mövcud qurumların effektivliyini artırmaqdır, lakin yaxın 1–2 ildə bu istiqamətdə ciddi irəliləyiş gözlənilmir. Daha real ssenari Trampın prezidentlik dönəmindən sonra bu müzakirələrin daha fəal şəkildə aparılması və zəruri addımların atılması ola bilər".
Əli Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.