AZ

Yağışın acınacaqlı fəsadları və ya məmurlar hara baxırdı: yüzlərlə ev su içində, Ramanıda iki nəfər dünyasını dəyişib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yağışlar üç gündür bitsə də, Bakıda əhalinin evləri, əşyaları hələ də yarım metrdən yuxarı su içində qalıb. Bu problem xüsusən Xırdalan, Masazır, Sabunçu, Ramanı, Kürdəxanı və digər ərazilərdəki yüzlərlə evlərdə yaşanır. Evlərdə yaşamaq mümkün olmadığına görə sakinlərin bir çoxu qohum-qardaş, dost-tanış evinə yerləşmək məcburiyyətində qalıblar.

Bizimyol.info xəbər verir ki, bu vəziyyətə düşən insanları narazı salan əsas həm də dövlət orqanlarının biganə münasibətidir. Sakinlər gileylənir ki, günlərdir evləri, avadanlıqları su içində qalmasına baxmayaraq, dövlət orqanları yağışın fəsadlarının aradan qaldırılması üçün gəlib heç bir yardım göstərmir.

Xırdalan şəhərində Həsən bəy Zərdabi küçəsinin sakinləri Bizimyol.info xəbər portalına danışır ki, müxtəlif dövlət orqanlarına həm dəfələrlə zəng ediblər, həm də gediblər, amma ortada heç bir nəticə yoxdur: “Fövqəladə Hallar Nazirliyinin işçiləri deyir ki, bu vəziyyətdə olan evlər çoxdur, çatdıra bilmirik. Abşeron Rayon İcra Hakimiyyəti də vəziyyət barədə məlumatlıdır. “Azərsu”dan heç bir səs çıxmır, heç veclərinə deyil”.

Xırdalanda evlərin su içində qalması bir yana, şəhər sakinləri iki gündür başqa problemlərdən də əziyyət çəkir. Xırdalanda binalarda su və elektriklə bağlı problemlər yaşanır.

Ramanı qəsəbəsində yaşayanlar da acınacaqlı vəziyyətdə olduqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, hətta yağışın bu qəsəbədəki fəsadları daha faciəvi olub – insan tələfatı ilə nəticələnib: “Transformatorun ətrafında yaranmış gölməçədən iki nəfər keçəndə onları tok vurub, hər ikisi ölüb”.

Bunu Bizimyol.info portalının əməkdaşı ilə söhbətində qəsəbənin digər sakinləri də təsdiqləyib: “İki nəfəri tok vurub öldürdü, bundan böyük faciə olar? Həyətlərdə, evlərdə yaranmış gölməçələrə görə bir gün meyit evdə qaldı”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin açıqlamasında bildirilib ki, problemlər daha çox tikinti üçün əlverişsiz ərazilərdə inşa olunmuş ərazilərdə inşa olunmuş evlərdə müşahidə olunub: “Fəsadlar əsasən mərkəzləşdirilmiş kanalizasiya və yağış kollektorlarının olmadığı ərazilərdə özünü göstərir. O ərazilərdə tikilən evlər əsasən yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. Relyef baxımından da yaşayış üçün əlverişsiz ərazilərdir”.

Ramanı sakinləri isə barədə deyilənlərlə razılaşmır. Onlar bildirirlər ki, əgər yaşayış üçün əlverişsiz olsaydı, müvafiq qurumlar tikintiyə icazə verməzdi, evlər qaz, su, elektrik enerjisi ilə təmin olunmazdı: “İndi deyirlər ki, ora ev tikmək üçün uyğun deyil. Mən qaz, su, işığı özbaşına çəkmişəm? Ev tikmək üçün uyğun deyildisə, bu dövlət orqanları, məmurlar vaxtında hara baxırdılar? Müraciət eləmişik, bir Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldi, bir də polislər. Nə “Azərsu” gəldi, nə icra hakimiyyəti. Günlərdir qalmışıq bərbad vəziyyətdə...”

Kürdəxanı qəsəbəsində də sakinlər günlərdir yağışın fəsadlarından əziyyət çəkirlər. İlqar Zülfüqarov küçəsində yaşayanlar bildirir ki, bələdiyyədən tutmuş, icra hakimiyyətinə qədər müxtəlif qurumlara üz tutublar, xeyri yoxdur: “Evin içində uzunboğaz çəkmə ilə gəzirik. Qohum-qardaşı olanlar çıxıb gediblər. Getməyə yeri olmayanlar da bizim kimi, məcburən bu vəziyyətdə qalıb. Stulda oturan yerdə yatırıq, belə zülm olar?! “Azərsu” deyir ki, bizlik deyil. Müraciət ləmədiyimiz yer qalmayıb”.

Xırdalan sakinlərinin evlərinin su içində qalması ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, mümkün olan bütün tədbirləri görürlər: “Yağışın yaratdığı fəsadların qarşısı alınır. Xüsusən Xırdalan və Masazırda fəsadların aradan qaldırılması, yığılan suyun kənarlaşdırılması istiqamətində tədbirlərin görülməsinə başlanıb. Nasosxanaların fəaliyyəti xüsusi nəzarətə götürülüb”.

Sakinlər qeyd edib ki, evində yaşamaq mümkün olmayan sakinlərin gecələməsi üçün sığınacaqlar yaradılıb, kirayə evlər tutulub.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
bizimyol.info

1Mənbələr