AZ

Psixoloq Sevinc Eminova: “Fərdin əsas məqsədi ailəni zorla dəyişmək deyil, öz mövqeyini daha qurucu, faydalı şəkildə ifadə etməkdir”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk psixoloq Sərdar Vətənsevər bildirib ki, əgər bir ailədə doğruları söyləyən şəxs sizsinizsə, tənqid olunma və kənarlaşdırılma ehtimalı ən yüksək olan da sən ola bilərsən: "Ailə sistemi travmatik olsa belə, onu yaxşılaşdırmaq məqsədilə ediləcək hər hansı bir müdaxilə onlar tərəfindən təhlükə kimi qəbul ediləcək. Və bu vəziyyətdə məsuliyyət sənin üzərinə qoyulacaq".Ailədə öz sözünü keçirmək, doğruları müdafiə etmək üçün nə edilməlidir?

Psixoloq Sevinc Eminova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə ailədə hər hansı modeli dəyişmək uzun zaman tələb edir: “Hər bir ailə formalaşmış davranış və münasibət nümunələri üzərində qurulur, həmçinin bu nümunələr balansı qoruyub saxlamağa kömək edir. Lakin bəzən mövcud balansı dəyişməyə yönəlmiş hər hansı bir davranış və ya fikir digər ailə üzvləri tərəfindən qəbul edilməyə bilər. Bu vəziyyətdə fərdin əsas məqsədi ailəni zorla dəyişmək deyil, öz mövqeyini daha qurucu, faydalı şekildə ifadə etməkdir. Məsələn, Ailədə "Siz niyə hemişə belə edirsiniz?" yerinə "Bu vəziyyətdə mən özümdə narahatlıq hiss edirəm" ifadəsi daha effektiv ünsiyyət qurmağa kömək edir. Yəni ilk ifadəni duyan ailə üzvü avtomatik olaraq müdafiə mexanizminə keçəcək. Digər halda isə əksinə, qarşı tərəfin hiss və ehtiyaclarını anlamağa çalışacaq. Bundan başqa ailədə sərhədin qoyulması da mühüm rol oynayır. Bir insan hər hansı davranışı qəbul etmirsə, onu dəqiq şəkildə ifadə etməli və öz mövqeyini bildirməlidir. Düşünürəm ki, ümumiyyətlə ailədə hər hansı modeli dəyişmək uzun zaman tələb edir və bu dəyişiklik təktərəfli deyil, kompleks şəkildə olmalıdır. Əgər dəyişim heç bir halda qəbul edilmirsə bir müddət vəziyyəti axarına buraxmaq və səssizcə izləmək daha yaxşı olardı.

İnsan ilk növbədə özünə sual verməlidir ki, mən niyə bunu edirəm? Sözümü keçirsəm nə deyişəcək? Bəlkə də elə dəyişməli olan insanın öz düşüncələridir. İnsanın düşüncəsi dəyişdikcə, özünü anladıqca və inkişaf etdirdikcə ətraf mühitə verdiyi reaksiyalar da dəyişə bilər və bu da münasibətlərə müsbət təsir göstərə bilər”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
bizimyol.info

1Mənbələr