AZ

Müəllim əməyi hər zaman əvəzsizdir və... - MÜSAHİBƏ

Müəllimlik elə bir sənətdir ki, onun bəhrəsi illər sonra cəmiyyətin simasında, insanların düşüncəsində və həyat yolunda özünü göstərir. Müəllim yalnız dərs deyən deyil, qəlblərə toxunan, ümid yaradan, sabaha inam aşılayan bir ziyalıdır. O, hər gün sinfə daxil olarkən təkcə bilik deyil, həm də dəyər, əxlaq və həyat dərsi gətirir. Zaman dəyişir, texnologiyalar inkişaf edir, lakin müəllimin missiyası dəyişməz qalır – insan yetişdirmək, gələcəyi formalaşdırmaq.

Belə müəllimlərdən biri də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən biologiya müəllimi Könül Rzayeva Böyükağa qızıdır. Uzun illərdir təhsil sahəsində çalışan, peşəsinə sevgi və məsuliyyətlə yanaşan müsahibimizlə müəllimlik yolu və təhsil baxışları haqqında söhbətləşdik.

– Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Sizi kim kimi tanıya bilərik?

-Mən Könül Rzayeva Böyükağa qızıyam. 1984-cü il 3 yanvar tarixində Bakı şəhərində anadan olmuşam. Nərimanov rayonu 82 nömrəli məktəbdə 11 il təhsil aldıqdan sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olunmuşam. 2007-ci il sentyabrın 1-dən Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə biologiya və təbiət müəllimi kimi çalışıram. Öz peşəsini sevən müəlliməm və “Yaradıcı müəllim” müsabiqəsinin 2023–2025-ci illər üzrə qaliblərindən biriyəm.

– Biologiya və biofizika sahəsinə marağınız necə yaranıb?

-Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Müxtəlif amillər – kompüterlər, texnogen təsirlər və digər faktorlar insan sağlamlığına təsir göstərir. Bu problemlərin həlli yollarını araşdırmaq üçün xüsusilə biofizika sahəsinə maraq göstərdim və təhsil aldığım müddətdə diplom işimi də məhz bu sahəyə həsr etdim.

– Niyə məhz müəllimlik peşəsini seçdiniz?

-Özümü ən çox bu sahədə gördüm. Əmin idim ki, müəllim kimi cəmiyyətə və Vətənə daha faydalı ola bilərəm. Gələcəyin savadlı və vətənpərvər nəslinin yetişməsində pay sahibi olmaq istədim.

– Müəllimlik sizin üçün nə deməkdir?

-Müəllimlik mənim üçün sadəcə peşə deyil. Qarşıma məqsəd qoydum ki, müasir dövrün tələblərinə cavab verən, peşəsini sevən bir müəllim olum.

– Bu peşənin ən çətin tərəfləri nələrdir?

-Müasir müəllim intellektual, innovativ, yaradıcı olmalı, İKT biliklərinə yiyələnməlidir. Qarşısında isə yüksək bacarıqlara malik şagirdlər əyləşir. Bu, müəllimdən daha çox məsuliyyət və daim inkişaf tələb edir.

– İlk dərs gününüzü necə xatırlayırsınız?

-İlk dərs günüm həyatımın ən xoş və yaddaqalan günlərindən biri idi. Bir qədər həyəcanlı idim, sanki imtahandan keçirdim. Lakin şagirdlərin və məktəb rəhbərliyinin səmimi münasibəti məni ruhlandırdı.

– Sizin üçün yadda qalan müəllim kim olub?

-Mənə biologiyanı sevdirən müəllimim Gündüz Mövsümzadə olub və onu həmişə minnətdarlıqla xatırlayıram.

– Müasir şagirdlərlə əvvəlki nəsil arasında hansı fərqləri görürsünüz?

-Bugünkü şagirdlər XXI əsr bacarıqlarına malikdirlər. Onlar daha çox araşdıran, texnologiyadan istifadə edən və müasir düşüncəli gənclərdir.

– Şagirdlərinizə ən çox hansı tövsiyələri verirsiniz?

-Onlara Vətənini, millətini sevən şəxsiyyət olmağı, sərbəst düşünməyi və daim inkişaf etməyi tövsiyə edirəm.

– Gənc müəllimlərə nə məsləhət görərdiniz?

-Müasir texnologiyaları mənimsəsinlər və dövrün tələblərinə uyğun peşəkar olsunlar.

– Tədrisdə texnologiyanın rolu barədə nə düşünürsünüz?

-Texnologiya müasir təhsilin ayrılmaz hissəsidir. Şagirdlərin marağını artırmaq üçün innovativ yanaşmalar mütləq tətbiq olunmalıdır.

– Uğurlarınızın əsas səbəbi nədir?

-Sevdiyim peşə, şagirdlərimə olan bağlılığım və daim öz üzərimdə işləməyim.

– Unudulmaz peşə anlarınız hansılardır?

-“Yaradıcı müəllim” müsabiqəsində iştirakım və əldə etdiyim uğurlar mənim üçün çox dəyərlidir.

– Sizi ilhamlandıran əsas amil nədir?

-Şagirdlərimin uğurları – onların yüksək nəticələri, olimpiadalarda qazandıqları nailiyyətlər mənim üçün ən böyük motivasiyadır.

– Dərsliklərlə bağlı fikirləriniz necədir?

-Dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmalı, onların məntiqi təfəkkürünü və müstəqil düşünmə bacarığını inkişaf etdirməlidir.

– Biologiya və fizikanın rolu barədə nə deyə bilərsiniz?

-Hər iki fənn həyatla birbaşa bağlıdır və bu inteqrasiya şagirdlərə düzgün şəkildə çatdırılmalıdır.

– Yaxşı müəllim necə olmalıdır?

-Empatik, pozitiv, peşəkar və şagirdlərinin etibarını qazanan bir şəxs olmalıdır.

– Azərbaycan təhsili haqqında fikirləriniz necədir? 

-Azərbaycan təhsili həm müasir, həm də milli dəyərlərə sadiq bir sistemdir və bu istiqamətdə inkişaf davam edir.

– Sizi ən çox qürurlandıran uğur hansıdır? 

-Sertifikatlaşdırmada yüksək nəticə əldə etməyim (93 bal), “Biliyini paylaş” müsabiqəsində qalib olmağım və 540 məktəb arasında II yerə layiq görülməyim.

– Övladlarınızın müəllim olması ehtimalı varmı?

-Onlara seçim azadlığı verirəm. Hansı peşəni seçsələr, hər zaman dəstək olacağam.

– Müasir cəmiyyətdə müəllimin rolu nədir?

-Müəllim əməyi hər zaman əvəzsizdir və belə də qalacaq.

– Gələcək planlarınız nələrdir?

-Yeni layihələrdə iştirak etmək, təhsil menecmenti sahəsində inkişaf etmək, “Sabahın alimləri” və qrant müsabiqələrinə şagirdlər hazırlamaq.

Könül xanıma səmimi müsahibəyə görə təşəkkür edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
15
ikisahil.az

1Mənbələr