AZ

Trampdan ŞOK açıqlama: “İran atəşkəs istəyir, amma şərtimiz var!”

ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni və olduqca sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı mesajda İranın yeni rəhbərliyinin ABŞ-dan atəşkəs istədiyini iddia edib.

ABŞ prezidenti bildirib ki, İranın yeni rejim prezidenti əvvəlkilərlə müqayisədə daha az radikal və daha ağıllıdır və artıq Vaşinqtona atəşkəs təklifi göndərib. Bununla belə, Tramp açıq şəkildə şərt irəli sürüb: Hörmüz boğazı tam açıq və təhlükəsiz vəziyyətə gətirilməlidir.

Tramp qeyd edib ki, bu şərt yerinə yetirilənə qədər ABŞ və müttəfiqləri İran ərazisinə zərbələri davam etdirəcək. Onun sözlərinə görə, “əks halda İran tamamilə dağıdılacaq və sözün əsl mənasında daş dövrünə qaytarılacaq”.

Məlum olduğu kimi, ABŞ–İsrail koalisiyası fevralın 28-dən etibarən İran ərazisinə intensiv zərbələr endirir. Son həftələrdə İranın ali dini və hərbi rəhbərliyinə bağlı şəxslərin ardıcıl şəkildə hədəfə alındığı bildirilir.

Bu gərgin fonunda Trampın “İran atəşkəs istəyir” açıqlaması diqqət çəkir. Lakin Tehran bu iddiaları qəti şəkildə rədd edir və ABŞ-la hər hansı danışıqlar aparmadığını bəyan edir.

Eyni zamanda Tramp daha əvvəl də qeyd etmişdi ki, İran rəhbərliyi ictimaiyyət qarşısında sərt və barışmaz mövqe nümayiş etdirsə də, pərdəarxası mesajlarda fərqli yanaşma sərgiləyir və faktiki olaraq Vaşinqtonla razılaşmaya maraq göstərir.

Hazırkı vəziyyət Yaxın Şərqdə qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir və tərəflərin açıqlamaları ilə real proseslər arasındakı ziddiyyət diqqət mərkəzində qalır.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr