SEPAH müharibədən sonrakı İranda öz yeni üstün mövqeyini dini dövlət modelinə asanlıqla güzəştə getməyə də bilər
İran savaşı Ukrayna müharibəsində olduğu kimi ictimai rəyi yenidən bölüb. Tərəflər bir-birini iranpərəstlikdə və sionizmdə günahlandırmaqdan belə çəkinmirlər. Belə ittihamlar Ukrayna savaşının ilk vaxtlarında da vardı. Amma o müharibə bizdən min kilometrlərlə aralıda hələ də davam etməkdədir, İranla savaş isə qulağımızın dibindədir, sonda bizə hansı ciddi təsirləri olacaq, onu demək də çətindir.
İran Ukrayna deyil- ərazi də, əhali də, savaşın məqsədləri də tam fərqlidir. Əvvəl gündən o fikirdəyəm ki, biz bu savaşdan heç bir halda mənfəət götürə bilmərik, ona görə bu ölkədəki rejimdən asılı olmayaraq(qərarı xalq verə bilər) dinclik və əmin-amanlıq bizim faydamızadır. Amerika və İsrail rədd olub öz sərhədinə çəkilməli, bütün problemləri diplomatiya ilə həll etməlidir. İran rejimin nə "mal olduğunu" Azərbaycan hamıdan daha yaxşı bilir. Amma bu müharibəyə haqq qazandıra bilməz.

ABŞ prezidenti Trampın “İran artıq rejim dəyişikliyi yaşayıb” fikrini zənnimcə, qəribsəməmək lazımdır. Tramp haqlıdır. Çünki fevralın 28-dək İranda dini rejim və onun başında Əli Xamenei dayanırdı. İndi isə Xamenei həyatda yoxdur, onun taxtına oturan varisi Müctəba da hələ üzə çıxmayıb və prinsipcə, dini rejimin necə deyərlər, əvvəlki zaftası qalmayıb və tam arxa plana keçib. Bu böyük müharibələrdə dövlət üçün xüsusi qiymətli əsərləri müvəqqəti sığınacaqlarda gizlətməyə də bənzəyə bilər, amma Tehranın gizlədiləsi indi çox qiymətli bir şeyi də qalmayıb. Düzdür, Tramp savaşa başlayanda hakimiyyət dəyişikliyi ilə bərabər, 60 kilo zəngilənləşdirilmiş uranın da təhvil verilməsini şərt kimi irəli sürmüşdü, amma bu da divin canın almazdan onun gözünü çıxarmağa bənzəyirdi...
Baxın, sistemin ideoloji dayağı olan yeni ali dini lider ortada yoxdur. Halbuki son müharibəyə qədər ölkənin ən yüksək vəzifəli şəxsi dini lider idi və ordu, kəşfiyyat, eləcə də əsas dövlət orqanlarına birbaşa nəzarət edirdi. Ali dini rəhbəri seçən və nəzəri olaraq onu vəzifədən uzaqlaşdıra bilən, din alimlərindən ibarət Ekspertlər Şurası da gizlinə çəkilib. Əvəzində isə ortaya Qərbə boyunu yox, boynunu göstərmək fürsəti gözləyən İnqilab Keşikçiləri Korpusu(SEPAH) çıxıb, başsız qalan hakimiyyətin bütün səlahiyyətlərini onlar üstələniblər.
Əlbəttə ki, SEPAH yaranışından bəri dini rejimin qorunmasında əsas rol oynayıb, dövlətin hərbi, siyasi və iqtisadi gücü olub. Amma ilk dəfədir ki, ali dini liderin yoxluğunda SEPAH həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində diktə edən mövqeyə keçib. Hansısa təhlil yazısında “İnqilab Keşikçiləri Respublikası” ifadəsini oxudum, doğurdan da situasiyaya adekvat tapıntıdır. Yəni real idarəetmə hərbi elitanın əlində cəmlənib. Bunu indidən hərbi diktatura kimi “möhürləmək” də olar, belə net rəydə tələsməmək də. Aydındır ki, SEPAH İranın xarici siyasətinə indiyədək açıq müdaxilə etmirdi, daha çox “kabadayı”, bir az da rejimin “şilləvuranı” rolunda görünürdü. İndi isə bu güc İranın xilası kimi bir missiyanı üstlənib və müşahidələr göstərir ki, bu ağır işin öhdəsindən hələ gələ bilir. Bu həm də onu deməyə əsas verir ki, SEPAH müharibədən sonrakı İranda öz yeni üstün mövqeyini dini dövlət modelinə asanlıqla güzəştə getməyə də bilər. Yəni əvvəlki kimi ali dini liderin arxasındakı güc kimi görünməkdən vaz keçə, real hakimiyyəti ələ ala bilər. Yəni Trampın istəyi gerçəkləşə, İran güc strukturlarının idarə etdiyi yeni tip siyasi sistemə transformasiya edər.

Hərbi rejimlər məsələn, avtoritar rejimlərdən daha çox qana susamış olur. Unutmayaq ki, ABŞ və Avropa İttifaqı SEPAH-ı rəsmən terror təşkilatları siyahısına daxil edib ki, bu da mümkün İran danışıqlarında ciddi problemə çevrilə bilər.
İndi yenə gələk özümüzə. İranda hakimiyyətin hərbiləşməsi və SEPAH-ın rolunun artması Azərbaycanın təhlükəsizlik mühitinə də birbaşa təsir edəcəyi şübhə doğurmur. Bu, Azərbaycan-İran münasibətlərində zaman-zaman müşahidə olunan gərginliklərin artması riskini yüksəldə, xüsusilə sərhəd təhlükəsizliyi kontekstində ciddi problemlər yaradar. Eyni zamanda, SEPAH-ın iqtisadi və logistika şəbəkələrinin genişlənməsi regiondakı enerji və nəqliyyat marşrutlarına təsir imkanlarını da artırar. Çünki SEPAH həmişə Azərbaycanla barışmaz mövqedə olub.
Azərbaycanın Qarabağda qələbəsindən sonra da sərhədimizə hərbi təlimlər aldı altında qoşun toplayan da SEPAH idi. Bu əlbəttə ki, özbaşına qərar deyildi. Amma sonradan ortamı diplomatik yollarla yumşaltmaq mümkün oldu. Əgər SEPAH İranı bu savaşdan qismən itkilərsiz çıxa bilsə, bu qüvvənin Azərbaycan daxil qonşularına uzanan dilini kəsmək əvvəlki kimi asan olmaya bilər...
Hələ deyirsiz ki, Amerika və İsrailin nə suçu?
Nazim SABIROĞLU
Musavat.com