Bakı, 1 aprel, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə bağlı Fərman imzalanması həssas qruplara göstərilən diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bildiyimiz kimi, bununla bağlı aylıq təqaüd məbləği 700 manat müəyyən olunub.
Bunu AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.
QHT sədri qeyd edib ki, müharibə artıq geridə qalsa da, onun ağır nəticələri və acıları hələ də cəmiyyətimizi müşayiət etməkdədir. Xüsusilə mina təhlükəsi postmüharibə dövrünün ən ciddi problemlərindən biri olaraq qalır və insanların həyat və sağlamlığı üçün real risk yaratmağa davam edir. Təəssüf ki, yaxın illərdə də bu ağır nəticələrin tam aradan qaldırılması zaman, böyük resurslar və davamlı diqqət tələb edəcək. Məhz buna görə də minatəmizləmə fəaliyyəti ilə məşğul olan şəxslərin təhlükəsizliyinin təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi və bu sahədə çalışan insanların əməyinə və həyatına yüksək dəyər verilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır. Eyni zamanda, mina təhlükəsinə qarşı mübarizə yalnız texniki məsələ deyil, həm də humanitar və sosial məsuliyyət məsələsidir. Bu sahədə çalışan insanların həyatını riskə ataraq cəmiyyətin təhlükəsizliyi naminə gördüyü işlər xüsusi qiymətləndirilməli, onların ailələrinin sosial təminatı daim diqqət mərkəzində saxlanılmalıdır. Bu yanaşma həm də cəmiyyətə verilən mühüm mesajdır ki, dövlət hər bir vətəndaşının həyatını və rifahını qorumağı özünün əsas vəzifəsi hesab edir və bu istiqamətdə ardıcıl addımlar atmaqda davam edir.
C.Hüseynzadə vurğulayıb ki, bu sənəddə sosial ədaləti təcəssüm etdirən çox mühüm bir məqam da yer alır. Bildiyimiz kimi, qanunvericilikdə hüquqi aktlar adətən geriyə şamil olunmur. Lakin bu Fərmanda xüsusi olaraq qeyd edilib ki, Prezidentin təqaüdü bu Fərman qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyəti zamanı baş vermiş bədbəxt hadisələr nəticəsində həlak olan və ya aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə də şamil edilir. Bu yanaşma dövlətimizin vətəndaş yönümlü siyasətinin və sosial dəstək mexanizmlərinin ehtiyacı olan hər bir vətəndaşı əhatə etməyə yönəldiyini bir daha göstərir. Son dövrlərdə xüsusilə sosial sahədə aparılan uğurlu islahatlar nəticəsində artıq kiçik icmaların belə sosial ehtiyacları diqqətə alınır və qanunvericilik bu istiqamətdə davamlı olaraq təkmilləşdirilir.
Ekspertin fikrincə bu, Azərbaycan vətəndaşlarının sosial ehtiyaclarının düzgün qiymətləndirilməsi və vaxtında zəruri addımların atılması ilə bağlı dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. O bildirib ki, Prezident İlham Əliyevin sosial sahəyə hər zaman xüsusi diqqət ayırdığı dövlət büdcəsinin icrası və sosial proqramların genişləndirilməsi ilə də aydın şəkildə öz təsdiqini tapır.