AZ

Süni zəka ilə bağlı ŞOK xəbərdarlıq – İnsan beynini görün NƏ gözləyir?

Amerikalı yazıçı Robert Qrin süni intellektin həddindən artıq istifadəsinin zehni qabiliyyətlərin zəifləməsinə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, əgər insan yazmağı və fikirlərini sistemləşdirməyi dayandırarsa, “beyin atrofiyası başlaya”, “düşüncə dərinliyi azala və getdikcə daha səthi” xarakter ala bilər.

O qeyd edib ki, “nəticədə insanlar müstəqil düşünə, heç bir problemi həll edə bilmirlər”. Yazıçı həmçinin, xəbərdarlıq edib ki, 50-100 ildən sonra cəmiyyət kiçik bir mütəxəssis dairəsindən asılı vəziyyətə düşməklə, əksəriyyəti müstəqil təhlil etmək qabiliyyətini itirəcək. “Əsas məsələ budur ki, siz aləti istifadə edirsiniz, yoxsa o, sizi istifadə edir”, - yazıçı vurğulayıb və əlavə edib ki, süni intellekt düşüncəni əvəz etməməli, yalnız insanlara kömək etməlidir.

Qrin haqlımı? Belə bir təhlükə, yəni zamanla beynin, düşüncənin “tənbəlləşib” aşınması mümkünmü?

Süni intellekt sahəsində tədqiqatları ilə tanınan keçmiş maliyyə naziri, iqtisadi elmlər doktoru, professor Saleh Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, hazırda insanın qarşısında çox böyük həcmdə informasiya var və əsas məsələ bu məlumatları düzgün istifadə etməkdir. Onun sözlərinə görə, insana bu qədər informasiya gəlirsə, bundan düzgün nəticə çıxarmaq, düşünmə və təhlil bacarığını formalaşdırmaq lazımdır:

“İnsan əlindəki məlumatdan düzgün istifadə etməklə həm düşünmə istiqamətini müəyyən edə, həm də müxtəlif yanaşmalar formalaşdıra bilər. Onun fikrincə, böyük informasiya ilə işləmək insanı daha da gücləndirir və inkişaf etdirir. Son illərdə texnologiyalar sürətlə inkişaf edib. “Gemini”, “DeepSea”, “cloud” kimi texnologiyalar artıq çox yüksək səviyyəyə çatıb və bu sahədə dəyişikliklər davam edir”.

S. Məmmədov qeyd edib ki, əvvəllər süni intellekt daha çox sadə tapşırıqları yerinə yetirirdi, lakin 2022-ci ildən sonra “yaradıcı süni intellekt” anlayışı ortaya çıxıb:

“Bu sistemlər artıq təkcə verilən əmrləri yerinə yetirmir, həm də yeni ideyalar yarada bilir. Hazırda bu texnologiya hələ ilkin mərhələdədir, lakin gələcəkdə çox böyük və ciddi dəyişikliklərə səbəb olacaq. Bu sahədə aparılan yeniliklərdən biri kimi İlon Mask tərəfindən insan beyninə çip yerləşdirilməsi ilə bağlı təcrübələri göstərmək olar. Artıq bu istiqamətdə müəyyən sınaqlar aparılıb və nəticələr ümidvericidir. Bu cür texnologiyalar gələcəkdə insan beyninin imkanlarını genişləndirə bilər. Bu istiqamət “ümumi süni intellekt” kimi tanınır və məqsəd insanın təbii intellektinə yaxın sistemlər yaratmaqdır. Gələcəkdə bu texnologiyalar vasitəsilə biliklərin birbaşa insan beyninə ötürülməsi mümkün ola bilər”.

Professora görə, o halda təhsil sistemi də dəyişə bilər:

“Məsələn, uzun illər ərzində öyrənilən biliklərin daha qısa müddətdə mənimsənilməsi mümkündür. Hazırda insan mövcud biliklərin çox kiçik hissəsini öyrənə bilir. Halbuki kainatda çox böyük resurslar və məlumatlar mövcuddur. Süni intellekt isə bu imkanları daha geniş şəkildə istifadə etməyə şərait yaradır. Süni intellekt insan üçün həm tədqiqat, həm də resurs baxımından yeni imkanlar açır və gələcəkdə bu imkanlar genişlənəcək.

Süni intellektin təhlükəli olması və ya insanı məhdudlaşdıracağı ilə bağlı fikirlər düzgün deyil. Tarix boyu bütün texnoloji yeniliklər əvvəlcə insanlarda qorxu və narahatlıq yaradıb. Misal olaraq sənaye inqilablarını göstərmək olar. İlk sənaye inqilabı zamanı insanlar işsiz qalacaqlarından qorxurdular. Daha sonra elektrik enerjisi və texnologiyalar inkişaf edəndə də eyni narahatlıqlar yaşandı. Bir vaxtlar ABŞ-da əhalinin böyük hissəsi kənd təsərrüfatında çalışırdı. Lakin texnologiyanın inkişafı ilə bu sahədə çalışanların sayı azalsa da, ümumi istehsal və inkişaf artıb”.

Sabiq nazir hesab edir ki, bu proseslər göstərir ki, texnologiya insanı işsiz qoymur, əksinə, yeni imkanlar yaradır:

“Bu gün də süni intellektlə bağlı oxşar narahatlıqlar var, lakin bu, təbiidir və zamanla aradan qalxacaq. Süni intellekt insanın düşünmə qabiliyyətini zəiflətmir. Əksinə, düzgün istifadə edildikdə insanın intellektual səviyyəsini və məhsuldarlığını artırır. Məsələn, mənim üçün əvvəllər bir kitabı yazmaq uzun vaxt aparırdı, lakin indi süni intellektin köməyi ilə bu prosesi xeyli sürətləndirmişəm. Son 10-15 ildə dünyada informasiya həcmi kəskin artıb. 2010-cu illə müqayisədə bu gün informasiya dəfələrlə çoxdur və bu məlumatlara çıxış daha asandır. Bu məlumatların böyük hissəsi artıq insan üçün əlçatandır və istifadə edilə bilir. Gələcəkdə isə bu məlumatların birbaşa insan beyninə inteqrasiyası da mümkün ola bilər. Bu istiqamətdə hələ müəyyən texniki çətinliklər var, xüsusilə insan beyninin neyronlarının texnologiya ilə birləşdirilməsi məsələsi üzərində araşdırmalar davam edir. Gələcəkdə bu problemlər həll olunduqdan sonra insanlar daha böyük biliklərə daha qısa zamanda sahib ola biləcəklər”.

S. Məmmədov qeyd edib ki, özü də süni intellekt sahəsində bir sıra tədqiqatlar aparıb və bu mövzuda kitablar hazırlayıb. O bildirib ki, bu kitablar müxtəlif sahələrdə çalışan insanlar üçün nəzərdə tutulub. Onun sözlərinə görə, süni intellektdən hər kəs – fermer, müəllim, alim və digər peşə sahibləri istifadə edə bilər:

“Azərbaycanda ölkə səviyyəsində də bu sahəyə diqqət artırılıb və son illərdə rəqəmsallaşma və elektron sistemlərin tətbiqi genişlənib. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ölkəmizdə bir çox sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizədə də müsbət nəticələr verib. Bu baxımdan süni intellektdən düzgün istifadə həm fərdi, həm də ümumi inkişaf üçün böyük imkanlar açır və bu sahə gələcəkdə daha da önəmli rol oynayacaq”.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
23
2
musavat.com

3Mənbələr