Ötən həftə ölkə ərazisində yağan intensiv yağışların zərər vurduğu yerlərdən biri də Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsindəki körpü olub.
Ölkə.Az xəbər verir ki, körpünün dağılması insanların qarşı tərəfə keçməsini mümkünsüz edib.
Sakinlər qarşı tərəfə keçmək üçün həyatlarını təhlükəyə ataraq qaz xəttinin üzərinə çıxmağa məcbur qalıb.
Həmin anların görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yaranmış vəziyyətlə bağlı açıqlama verib.
Qurumdan Ölkə.Az-a bildirilib ki, Umbakı qəsəbəsində sel suları nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.
Məlumata görə, əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb.
"Artıq vətəndaşların hərəkəti alternativ yol vasitəsilə təmin olunur, nəqliyyatın hərəkəti də bu istiqamət üzrə təşkil edilib. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək", - AAYDA-dan qeyd edilib.
Billurə