AZ

Gələcəyin tədqiqatçısından ekoloji problemlərə iqtisadi baxış - MÜSAHİBƏ

Bakı, 1 aprel, AZƏRTAC

ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nübar Cəbrayıl “QS World University Rankings” reytinqinə görə dünyanın ən yaxşı ikinci universiteti olan “Imperial College London”a qəbul olub. O, Ətraf Mühit Texnologiyaları Proqramından Ətraf mühit iqtisadiyyatı və siyasəti ixtisası üzrə təklif alıb. Bu proqram Təbiət elmləri fakültəsinə aiddir və Ətraf Mühit Siyasəti Mərkəzi tərəfindən təklif olunur. Mərkəz 1977-ci ildən etibarən Böyük Britaniyada ətraf mühit tədqiqatları sahəsində liderdir.

Nübar Cəbrayıl, həmçinin Fransada siyasi elmlər üzrə təhsil alıb və tədqiqatı 2025-ci ildə İngiltərənin “University College London”da keçirilən məşhur konfransda (XI ICCEES World Congress) təqdim olunub.

AZƏRTAC ətraf mühit iqtisadiyyatı və siyasətinə maraq göstərən Nübar Cəbrayılın müsahibəsini təqdim edir.

-Nübar xanım, “Imperial College London” kimi nüfuzlu universitetə qəbul prosesi necə keçdi? Ən çətin mərhələ hansı oldu?

-Universitetə etdiyim müraciətdən qısa müddət sonra müsahibəyə çağırıldım. Doğrusu, təəccübləndim, çünki bu qədər tez geridönüş alacağımı gözləmirdim. Artıq xarici universitetlərə qəbul ərizələri ilə bağlı təcrübəm olduğundan, esse və sənədlərin doldurulması o qədər də çətin olmadı. Ərizənin ən əsas qismi tədqiqat sahəsini seçmək idi, çünki ixtisaslaşmaq üçün bir çox maraqlı ekoloji sahələr mövcuddur. Bundan əlavə, xaricdə təhsil aldığım zaman valideynlərimdən uzaq qalmaq da mənim üçün çətin prosesdir. Onların mənə inamı isə ən böyük motivasiyamdır.

Fikrimcə, “Imperial College London”un “QS World University Rankings” siyahısında yüksək yer tutan universitet olması vacib deyil. Belə ki, bəzi universitetlər reytinq sistemində ən yüksək yerdə ola bilər, digəri isə ilk onluqda yer ala bilməz. Bu, tamamilə subyektivdir və düşünürəm ki, olmamalıdır. Universitetə müraciət edərkən onun proqramlarının nüfuzunu, hətta tədqiqatçıları və akademiklərini araşdırmağa üstünlük vermək lazımdır.

-Ətraf Mühit Texnologiyaları Proqramı daxilində məhz Ətraf mühit iqtisadiyyatı və siyasəti istiqamətini seçməyinizin səbəbi nədir?

-Bu proqram iqtisadiyyat, mühəndislik, resursların idarə edilməsi və sosial elmlər kimi bir çox müxtəlif sahələrdə təcrübəsi olan insanlar üçün nəzərdə tutulub. Həmçinin 8 ixtisaslaşma var və mən öz bakalavr təcrübəmə, tədqiqat maraqlarıma ən uyğun olanı seçməyə qərar verdim. Çünki hər zaman təbiət aləminə böyük maraq göstərmişəm və düşünürəm ki, ictimai elmlərlə təbiət elmləri daha tez-tez və daha səmərəli şəkildə kəsişməlidir. İnsanların həyatını yaxşılaşdırmağa yönələn sosial və iqtisadi siyasətlər, onların yaşayış mühitini - Yer kürəsini də nəzərə almalıdır. Eyni zamanda, ekoloji məsələlərin mahiyyət etibarilə iqtisadi xarakter daşıdığına və onların həllinin ətraf mühit sahəsində iqtisadi siyasət və tənzimləmə tələb etdiyinə inanıram. Beynəlxalq münasibətlər ixtisası üzrə təhsilimi və ekologiyanın qlobal siyasətin formalaşdırılmasındakı strateji rolunu nəzərə alaraq, fəaliyyətimi məhz bu istiqamətdə inkişaf etdirmək qərarına gəldim.

-Azərbaycanda mövcud ekoloji problemlərə iqtisadi yanaşma ilə bağlı hansı ideyalarınız var?

-Azərbaycanda su qıtlığı və Xəzər dənizinin çirklənməsi hazırda mövcud olan ən vacib ekoloji problemlərdir. Çünki bu məsələlər həm ətraf mühitə, həm də insanların gündəlik həyatına, iqtisadi fəaliyyətə və uzunmüddətli dayanıqlılığa birbaşa təsir göstərir. Su ehtiyatlarının azalması kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və regional inkişaf üçün ciddi risklər yaradır. Xəzər dənizinin çirklənməsi isə biomüxtəlifliyə, dəniz ekosisteminə və sahilyanı yaşayış məkanlarına zərər vurur. Bu problemlərin daha effektiv şəkildə həll olunması üçün onların səbəb və nəticələrinin daha dərindən öyrənilməsi, yəni sahə tədqiqatlarının artırılması olduqca vacibdir. Məncə, bu sahələrə iqtisadi yanaşma tətbiq etməklə resurslardan daha səmərəli istifadəni təşviq edən, çirklənmənin iqtisadi dəyərini nəzərə alan və uzunmüddətli dayanıqlığı hədəfləyən siyasətlər formalaşdırmaq mümkündür. Məsələn, su idarəçiliyində daha effektiv tarif və tənzimləmə mexanizmləri məncə, düzgün iqtisadi yanaşmadır.

Gələcəkdə daha çox sahə tədqiqatı aparmaq və Coğrafi İnformasiya Sistemləri (GIS) proqramlarından istifadə etməklə problemlərin miqyasını müəyyənləşdirmək istəyirəm. Həmçinin siyasət formalaşdırılmasında istifadə olunacaq məlumat toplama prosesinə töhfə vermək əsas hədəflərim arasındadır. Məsələn, duzsuzlaşdırma prosesinin daha sürətlə həyata keçirilə biləcəyi mexanizmlər, bu sahədə Azərbaycan kontekstində daha uyğun və effektiv innovativ yanaşmalar, eləcə də iqtisadi təşviqləri tədqiq etmək mənim xüsusi maraq dairəmə daxildir.

Seçilən
14
1
azertag.az

2Mənbələr