AZ

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?

Bir aydan çoxdur davam edən İran savaşında gərginlik azalmaq yerinə daha da artır. Artıq nüvə silahından istifadə məsələsi gündəmdədir. Belə ki, Qərb KİV-lərinin yazdığına görə İran 12 günlük müharibə dövründən 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarını gizlətməyi bacarıb. İddialara görə, inkişaf etmiş sentrifuqalar vasitəsilə sözügedən ehtiyatlardan on gün ərzində nüvə silahı hazırlamaq mümkündür.

Digər tərəfdən, müharibənin bu formada davam etməsi tərəfləri, xüsusilə də İsraili qane edə bilməz. Ona görə də bəzi ekspertlər İsrailin İrana qarşı nüvə zərbəsi endirmək ehtimalının yüksək olduğunu qeyd edirlər. Bu isə təbii ki, bütün region, hətta bəşəriyyət üçün qorxunc nəticələr doğura bilər.

Bu təhlükəli ssenarinin baş verməsi nə qədər realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov İsrailin nüvə silahından istifadə edəcəyini düşünmədiyini bildirib:

“ABŞ və İsrailin azğınlığına etiraz edən İran əhalisi birmənalı olaraq ölkələrinin nüvə silahına malik olmasına dəstək verib. Yəni İran cəmiyyəti sərt şəkildə hakimiyyət orqanlarına istəklərinin nəzərə alınması üçün sorğu göndərib. İran reallıqda nüvə silahı hazırlamaqdan uzaq idi, indi də uzaqdır”.

Politoloqun fikrincə, İranın nüvə silahı əldə etmək istəyində Qərb günahkardır:

“Qərb Tehranı bu yola sürükləmək üçün əlindən gələni edib. ABŞ və onun aləti olan İsrail elə bir situasiya yaradıb ki, artıq İran xalqı nüvə silahı əldə etməyin vacib olduğunu başa düşməyə başlayıb. Bu prosesdə İsrailin nüvə silahından istifadə edəcəyini düşünmürəm.

Belə bir istək ola bilsin İsrailin çoxdankı arzusudur. Amma İsrailin nüvə silahının kodu Amerikanın əlindədir və Vaşinqton Təl-Əvivə bu imkanı verməyəcək. Vaşinqton bu məsələdə İsrailə yaşıl işıq yandırmayacaq”.

T. Abbasov bu qənaətdədir ki, İsrail sürətlə geriləyir:

“Livanla müharibədə itkiləri həddən artıq böyükdür. Bir gündə onun 21 əsas tankı, ümumilikdə isə 140-a yaxın tankı məhv edilib. Hizbullah İsrailin cavabını verə bilir. İsrail şəxsi heyət baxımından da çətinliklə üzləşir. Ölkə daxilində isə antimüharibə çağırışları genişlənir. Bu baxımdan da yəqin ki, İsrail hökumətinin beynindən nüvə silahından istifadə etməklə məsələni həll etmək fikri keçir. Ancaq dediyim kimi, Vaşinqton buna imkan verməyəcək”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr