Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması vacibdir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yeni Sabah”a məlumat verib.
Agentlik bildirir ki, bazarlarda satılan məhsullar müvafiq sənədlərlə təmin edilməli, gigiyenik şəraitdə saxlanmalı və istehlakçılara təhlükəsiz şəkildə təqdim olunmalıdır. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir.
Qısa ömrü olan məhsulların, o cümlədən ət və süd məhsullarının uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanılması zəruridir. Çiy və hazır məhsulların ayrı saxlanması, məhsulların çirklənmədən qorunması təmin olunmalıdır.
AQTA həmçinin satış yerlərində sanitariya və gigiyena qaydalarına əməl olunmasının vacibliyini vurğulayır. Satıcılar təmiz iş geyimindən (əlcək, xalat, baş örtüyü) istifadə etməli, satış sahələri müntəzəm təmizlənməli və dezinfeksiya olunmalıdır. Tullantıların yığılması üçün qapalı konteynerlərin olması və satıcıların tibbi müayinədən keçərək sağlamlıq arayışına malik olması təmin edilməlidir.
Bazar rəhbərliyi ərzaq məhsullarının təhlükəsiz şəkildə təqdim olunmasında birbaşa məsuliyyət daşıyır. AQTA bildirir ki, bazarlarda yenidənqurma işləri aparılmalı, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli və məhsulların düzgün şəraitdə saxlanması təmin edilməlidir. Yoxlamalar zamanı nöqsanlar aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Aytac Əliyeva
Telegram kanalımız