AZ

Quba-Xaçmazda insan alveri, erkən nigahlar və uşaq əməyinə qarşı maarifləndirmə layihəsi həyata keçirilib

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi tərəfindən həyata keçirilən yeni layihə, insan alveri, məişət zorakılığı, erkən və qohum nigahlar, eləcə də uşaq əməyinin istismarı kimi hallara qarşı vətəndaşların maarifləndirilməsini hədəfləyir. Layihə çərçivəsində birbaşa 800, dolayısı ilə isə 8000 nəfərin maarifləndirilməsi planlaşdırılır.

Layihənin əsas məqsədi insan alveri cinayəti, məişət zorakılığı, erkən və qohum nigahlar, həmçinin uşaq əməyinin istismarına qarşı vətəndaşların məlumatlandırılmasıdır. Dövlət tərəfindən müvafiq qanunvericilik mövcud olsa da, bəzi hallarda insanların həyatlarını təhlükəyə atan cəhdlər müşahidə olunur və bu kimi halların qarşısının alınması üçün maarifləndirmə vacibdir.

Layihənin həyata keçirildiyi Quba-Xaçmaz regionu son dövrlərdə erkən nigah hallarının artması, qohum nigahlarının baş verməsi və sosial baxımdan həssas təbəqənin çoxluğu səbəbindən seçilib. Layihə insan alveri və digər transmillı cinayətlərə qarşı müdafiə tədbirlərinin tətbiqi üçün münbit zəmin yaradır.

Layihə dövründə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq olunacaq və Baş İdarənin nümayəndəsi tədbirlərdə iştirak edəcək. Təşkilat, həmçinin İnsan Alverinə qarşı Mübarizə üzrə QHT koalisiyasının üzvü olaraq layihəyə dəstək verir.

Məsələ ilə bağlı  insan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az-a açıqlamasında bildirib:
“Layihə, qanunlar vasitəsi ilə insan alverinin ilkin mərhələdə qarşısının alınmasına, erkən və qohum nigahlarının, uşaq əməyinin istismarının dayandırılmasına yönəlmiş davamlı tədbirləri əhatə edir. Lakin bəzi valideynlərin və yerli idarəetmədəki hərəkətsizliklərin bu cəhdlərin qarşısını alması halları mövcuddur. Biz layihə çərçivəsində hədəf qruplarının maarifləndirilməsinə xüsusi diqqət yetirəcəyik və risklərin azaldılmasına çalışacağıq.”

Layihə çərçivəsində maarifləndirmə tədbirləri, sosial şəbəkələr və yerli icmalar vasitəsilə geniş auditoriyaya çatdırılacaq və ailə dəyərlərinin inkişafı, milli-mənəvi dəyərlərə müdaxilələrin qarşısının alınması prioritet olacaqdır.

Zəhra Ağayeva

Seçilən
46
qht.az

1Mənbələr