AZ

Hüseyn Nağıyev: Xaricdə milli musiqimizin təbliği ifaçıların üzərinə düşür - MÜSAHİBƏ VİDEO

Bakı,1 aprel, AZƏRTAC

Azərbaycanın zəngin musiqi irsinin ayrılmaz hissəsi olan kamança əsrlər boyu xalqımızın duyğularını, tarixini və estetik dünyasını öz səsində yaşadan ən qədim və zərif musiqi alətlərindən biridir. Bu gün isə bu qədim alətin sədası təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif konsert salonlarında səslənərək milli musiqimizin zənginliyini və ifaçılıq ənənələrini beynəlxalq auditoriyaya təqdim edir. Gənc ifaçılar da bu ənənəni davam etdirərək kamançanın imkanlarını daha geniş səhnələrə daşıyırlar.

Bu gənc istedadlardan biri də kamança ifaçısı Hüseyn Nağıyevdir.

Tar ifaçısı, Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Elçin Nağıyevin ailəsində dünyaya göz açan Hüseyn hazırda Azərbaycan Milli Konservatoriyasının birinci kurs magistrantıdır. Respublika və beynəlxalq müsabiqələr laureatı olan Hüseyn Nağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində kamança ilə ilk tanışlığından, müəllimlərinin yaradıcılıq yolundakı rolundan, həmçinin Azərbaycan kamança məktəbinin xüsusiyyətləri və milli alətimizin dünya səhnəsində təbliği ilə bağlı fikirlərini bölüşüb.

Kamança ilə simfonik orkestrin vəhdəti

Gənc ifaçı bildirib ki, onun musiqi ilə ilk tanışlığı uşaq yaşlarına təsadüf edir. Musiqiçi ailəsində dünyaya göz açdığı üçün peşəkar musiqi mühitində böyüdüyünü deyən həmsöhbətimiz qeyd edib ki, bu mühit onun sənətə marağının formalaşmasında mühüm rol oynayıb. O, kamança ilə ilk tanışlığının isə təxminən 7–8 yaşlarında baş verdiyini söyləyib.

İfaçının sözlərinə görə, bu aləti seçməsində iki əsas amil mühüm rol oynayıb. Bunlardan birincisi görkəmli bəstəkar Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün yazdığı konsert əsəri olub. Hüseyn Nağıyev qeyd edib ki, həmin əsəri uşaq yaşlarında təsadüfən dinləyib və əsərin dramaturgiyası, kamança ilə simfonik orkestrin vəhdəti onda güclü təəssürat yaradıb. O, bunu bir növ taleyin çağırışı kimi dəyərləndirərək məhz həmin musiqidən sonra bu alətə xüsusi bağlılıq hiss etdiyini vurğulayıb.

Onun sözlərinə görə, kamança ilə bağlı ikinci mərhələ isə yenə təsadüf nəticəsində baş verib: “Atam bir gün evə kamança gətirdi və mən bu aləti ilk dəfə canlı şəkildə əlimə aldım. Elə həmin gündən kamança ilə dostluğum başladı”.

Hüseyn Nağıyev ilk musiqi təhsilini Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında alıb. Daha sonra bakalavr pilləsində təhsilini Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Elşən Mansurovun və Əməkdar müəllim Afət Kazımovanın sinfində davam etdirib. Hazırda isə magistratura pilləsində təhsilini Əməkdar müəllim Afət Kazımovanın və Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin rəhbərliyi ilə davam etdirir.

Sənət yolunda müəllimlərinin rolu

Müxtəlif müəllimlərin sənətdə formalaşmasına təsirindən danışan gənc ifaçı vurğulayıb ki, ifaçılıq sənəti praktik sahə olduğundan burada müəllim amili xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, fərdi dərslər zamanı müəllimlə birbaşa ünsiyyət təkcə texniki bacarıqların inkişafına deyil, həm də musiqi zövqünün və ifa tərzinin formalaşmasına təsir göstərir. Hüseyn Nağıyev qeyd edib ki, onun musiqi zövqünün və sənət dünyagörüşünün formalaşmasında mərhum kamança ifaçısı Ədalət Vəzirovun və Xalq artisti Elşən Mansurovun xüsusi rolu olub.

Gənc musiqiçi hesab edir ki, Azərbaycan tar və kamança məktəbi bu gün regionda və ümumilikdə geniş musiqi məkanında yüksək peşəkarlığı ilə seçilir. Onun sözlərinə görə, milli musiqi alətlərimizin peşəkar səviyyədə formalaşması və böyük səhnələrə çıxması birbaşa Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. O vurğulayıb ki, Üzeyir bəyin milli alətlərin nəzəri və praktiki baxımdan sistemləşdirilməsi istiqamətində gördüyü işlər bu gün Azərbaycan ifaçılarının müxtəlif beynəlxalq səhnələrdə solist kimi çıxış etməsinə imkan yaradır.

Avropa səhnələrində kamança sədası

Musiqiçi xarici səhnələrdə dinləyicilərin münasibətinin də diqqətçəkən olduğunu qeyd edib. O bildirib ki, xüsusilə Avropa auditoriyası musiqiyə çox açıq və tolerant yanaşır. Dinləyicilər üçün ifaçının hansı ölkədən olması deyil, təqdim olunan musiqinin dəyəri və peşəkarlığı daha önəmlidir.

“Avropada çıxış edəndə xüsusi bir sevinc – bir neçə gün davam edən bir eyforiya hissi yaşayıram. Çünki konsertdən sonra dinləyicilər çəkinmədən yaxınlaşır, alətlə maraqlanır, suallar verirlər, hətta bəzən ifa etməyə də cəhd göstərirlər. Məsələn, ötən il Amsterdam şəhərində yerləşən məşhur “Royal Concertgebouw” konsert salonunda çıxışımız olmuşdu. Konsertdən sonra orta yaşlı bir bəy mənə yaxınlaşıb təəssüratlarını bölüşdü, hətta kamança öyrənmək istədiyini söylədi”, – deyə Hüseyn Nağıyev bildirib.

O, bu faktı milli musiqi alətlərimizə xaricdə duyulan marağın aydın nümunəsi kimi qiymətləndirib.

Kamançanın unikallığından danışan ifaçı qeyd edib ki, bu alətin səs tembri bəzi Avropa alətlərinə müəyyən qədər yaxın səslənsə də, əslində tamamilə fərqlidir və heç bir alətə birbaşa bənzəmir. Onun fikrincə, milli alətlərimizin unikallığı da məhz bundadır.

Hüseyn Nağıyev bildirib ki, Azərbaycan musiqi mühitində yüksək peşəkarlığa malik çox sayda istedadlı ifaçı yetişir və milli musiqimizin beynəlxalq uğurları da böyük ölçüdə bununla bağlıdır.

Musiqiçinin sözlərinə görə, kamança ifaçılıq sənətinin və alətin hazırlanma ənənəsinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi mühüm addımdır. Lakin alətin daha geniş tanıdılması üçün canlı ifalar, beynəlxalq konsertlər və ifaçıların şəxsi fəaliyyəti həlledici rol oynayır.

O, gələcəkdə Azərbaycan kamançasının da digər məşhur milli musiqi alətləri kimi dünya musiqi məkanında daha güclü brendə çevriləcəyinə inamını ifadə edib.

“Xaricdə milli musiqimizin təbliği ifaçıların üzərinə düşür. Düşünürəm ki, biz bu istiqamətdə daha çox çalışmalıyıq ki, ispan klassik gitarası kimi digər milli alətlər kimi, bizim kamançamız da dünya musiqi məkanında tanınan bir brendə çevrilsin”, – deyə gənc ifaçı sözlərini yekunlaşdırıb.

Müxbir – Günel Alıyeva
Videooperator – Namiq Abdullayev
Seçilən
3
1
azertag.az

2Mənbələr