AZ

Bişkekdə “MedExpo Kyrgyzstan 2026” beynəlxalq səhiyyə sərgisi açılıb

Bakı, 1 aprel, AZƏRTAC

Qırğızıstan paytaxtında “MedExpo Kyrgyzstan 2026” beynəlxalq səhiyyə sərgisi açılıb. Tədbir aprelin 2-nə qədər davam edəcək.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, sərgidə Qırğızıstan, Belarus, Qazaxıstan, Çin, Latviya, Pakistan, Polşa, Rusiya, Özbəkistan və Cənubi Koreya da daxil olmaqla 10 ölkədən 90-dan çox şirkət iştirak edir.

Sərgidə tibbi avadanlıqlar, laboratoriya diaqnostikası, dərman preparatları, tibbi cihazlar, reabilitasiya və fizioterapiya həlləri, eləcə də səhiyyədə rəqəmsal və İT texnologiyaları nümayiş olunur.

Açılış mərasimində çıxış edən Qırğızıstanın səhiyyə naziri Damir Osmanov qeyd edib ki, illər ərzində sərgi təcrübə mübadiləsi, innovativ inkişafların nümayişi və peşəkar dialoqun təşviqi üçün təsirli bir platforma olduğunu sübut edib.

O əlavə edib: “Bu gün səhiyyənin inkişafı müasir texnologiyaların tətbiqi, tibbi xidmətin keyfiyyətinin artırılması və hər bir vətəndaş üçün əlçatanlığın təmin edilməsi ilə birbaşa bağlıdır. “MedExpo” kimi platformalar təcrübə mübadiləsi və qabaqcıl həlləri tətbiq etməklə bu prosesi sürətləndirir”.

“MedExpo Kyrgyzstan 2026” sərgisində, həmçinin beynəlxalq mütəxəssislərin iştirakı ilə tibb təşkilatlarının idarə edilməsi, rəqəmsallaşma və səhiyyədə müasir yanaşmaların tətbiqi ilə bağlı müzakirələr də daxil olmaqla işgüzar proqram təqdim olunur.

Sərgi səhiyyə sisteminin modernləşdirilməsini, tibbi texnologiyalar bazarının inkişafını və beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləməyi hədəfləyir.

Seçilən
23
azertag.az

1Mənbələr