21 yaşa qədər futbolçular arasında AÇ-2027-nin seçmə mərhələsində Türkiyə Xorvatiyanın qonağı oldu. Oyun tura məğlubiyyətsiz lider kimi daxil olan Türkiyə üçün hər mənada uğursuz alındı. Osiyek şəhərində keçirilən qarşılaşmada qonaqlar 35-ci dəqiqədə Dəmir Ege Tıknazın ikinci sarı vərəqəni alıb meydandan qovulması ilə azlıqda qaldılar. Bu epizoda sərt şəkildə etiraz edən ''ay-ulduzlular''ın baş məşqçisi Egemen Korkmaz böyük bir şanssızlıq yaşadı. Ehtiyat zonada məşqçinin ayağı sürüşdü və yıxılarkən onun başı yerə dəydi. Ciddi beyin silkələnməsi keçirən məşqçi hətta huşunu itirdi. Ona dərhal tibbi yardım göstərildi. Bu üzücü olay üzündən hakim bir müddət oyunu dayandırmalı oldu və futbolçular paltardəyişmə otağına yollandılar. 43 yaşlı mütəxəssis stadiondakı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Federasiyadan verilən açıqlamada məşqçinin xəstəxanada özünə gəldiyi qeyd olunub. Qaldığı yerdən, yəni 35-ci dəqiqədən davam edən oyunda Türkiyə həm azlıqda qalmağın, həm də bu olayın sarsıntısı üzündən meydanda heç bir varlıq göstərə bilmədi. Xorvatlar 45, 53 və 90-cı dəqiqədə vurduğu qollarla 3:0 hesablı inamlı qələbə qazandılar. Özü də Türkiyə son 20 dəqiqəyə yaxın müddəti 8 futbolçu ilə keçirməli oldu. Dəniz Ege Tıknazdan başqa 73-cü dəqiqədə Semih Kılıçsoy, 74-cü dəqiqədə Cihan Çanak birbaşa qırmızı vərəqə aldı. Xalını 13-ə çatdıran Xorvatiya bir oyun az keçirməsinə rəğmən liderliyə yüksəldi. 12 xalda qalan Türkiyə isə 2-ci pilləyə gerilədi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta