“Azərbaycan və Türkiyə də öz milli maraqlarını qorumağa borcludur. Bu maraqlar isə hər hansı formada müharibəyə cəlb olunmamaqdan ibarətdir...”
“Bu müharibənin İran üçün ədalətli, ABŞ və İsrail üçün isə qeyri-ədalətli olduğunu nəzərə alsaq, dünyadakı heç bir dövlət ABŞ–İsrail ikilisinə dəstək verməməli və hər bir dövlət onları qınamalıdır...”
“Müharibə zamanı bir dövlətin bütün vətəndaşlarının taleyi eyni olur. Müharibə bitdikdən sonra isə vəziyyət yenidən qiymətləndirilməli, sosial, mədəni, siyasi və iqtisadi problemlər yenidən diqqət mərkəzinə gətirilməlidir...”
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ilə Moderator.az üçün bu dəfəki söhbətimizdə ABŞ–İsrail cütlüyünün Azərbaycan və Türkiyəni də öz tərəflərində İrana qarşı hərbi əməliyyatlara cəlb etmək cəhdlərindən bəhs etdik:
-Əli bəy, İrana qarşı savaş başladılandan mütəmadi olaraq belə fikirlər səslənir ki, guya ABŞ–İsrail cütlüyü Azərbaycan və Türkiyəni də öz tərəflərində hərbi əməliyyatlara cəlb etməyə cəhd göstərirlər. Sizcə, bu doğrudurmu?
-Bu fikirlər əsassız deyil. Müharibə edən dövlətlər bütün hallarda mümkün qədər çox tərəfdar qazanmaq istəyirlər və həmin tərəfdarları müttəfiqə çevirmək onlar üçün vacibdir. Bu, indiki halda da doğrudur. Lakin qeyd edək ki, ABŞ–İsrail üçün Türkiyə və Azərbaycan sıradan müttəfiqdən daha önəmlidir. Bunun bir neçə aydın səbəbi var. Birincisi, hər iki dövlət İranla ortaq sərhədə sahibdir. Zamanı gələrsə, həm Azərbaycandan, həm də Türkiyədən İrana müdaxilə etmək texniki olaraq mümkündür. İkincisi, ABŞ–İsrail Azərbaycan və Türkiyə vasitəsilə İran üzərində psixoloji təzyiq yaratmaq istəyinə malikdir. Bu da hərbi baxımdan vacib bir məqamdır. Üçüncüsü isə, ABŞ–İsrail mümkün dərəcədə İrana qarşı başqalarının resurslarından istifadə etməyə üstünlük verir. Bir səbəb də savaşı genişləndirərək, demək olar ki, az qala, bütün bölgə dövlətlərini İrana qarşı yönəltməkdən ibarətdir. Bunlar ABŞ–İsrail birliyinin strategiyasının tərkib hissəsidir, lakin aydın məsələdir ki, bütün bunlar sadəcə kağız üzərində asan görünür. Praktik müstəvidə isə bu planların həyata keçirilməsi xeyli çətinliklərlə üzləşə bilər...
- Deyilənlər əsassız deyilsə, Azərbaycan və Türkiyəni hansı qismdə savaşa qatmaq fikirləri var; quru əməliyyatı iləmi, yoxsa ərazimizdən raket və aviasiya zərbələri iləmi?
-ABŞ–İsrail ittifaqı Azərbaycanın və Türkiyənin ərazilərindən müharibənin gedişatına uyğun olaraq istifadə etmək istəyər. Müharibənin hansı dərəcədə eskalasiya edəcəyini əvvəlcədən bilmək mümkün olmadığına görə, bəzən ümumi strategiya üzərində razılaşır, detalları isə hadisələrin gedişinə buraxırlar. Amma onların əsas arzusu hər iki dövlətimizin onların ixtiyarında və hazır vəziyyətdə olmasından ibarətdir...
-Bəs görəsən, ABŞ və İsrail inanırlarmı ki, Azərbaycan, yaxud Türkiyə olaraq bizlər, – hələ qonşuluq və dindaşlıq məsələlərini demirik, – on milyonlarla türkün yaşadığı bir dövlətin ərazisinə özlərinin, və ya bizim tərəfimizdən quru əməliyyatı, yaxud raket və aviasiya zərbələri həyata keçirməyə, Allah eləməmiş, Təbrizə, yaxud Ərdəbilə raket atılmasına və ya quru hücumu edilməsinə imkan verərik?
-Onlar buna inanmış, bəlkə də ümid etmiş ola bilərlər. Bilirsiniz ki, inanmaq da, ümid etmək də realizmlə zidd məfhumlardır. Müharibə realizmin bir institutudur və əsasən güc məfhumu üzərində qurulur. Bu institutdan istifadə edərək tərəflər öz maraqlarını qorumağa çalışırlar. Azərbaycan və Türkiyə də öz milli maraqlarını qorumağa borcludur. Bu maraqlar isə hər hansı formada müharibəyə cəlb olunmamaqdan ibarətdir. Bu müharibənin İran üçün ədalətli, ABŞ və İsrail üçün isə qeyri-ədalətli olduğunu nəzərə alsaq, dünyadakı heç bir dövlət ABŞ–İsrail ikilisinə dəstək verməməli və hər bir dövlət onları qınamalıdır...
İşin dini tərəfinə gəldikdə isə, hazırda utancverici bir vəziyyətə şahid oluruq, çünki İslam dövlətlərindən İrana ciddi bir dəstək görmədik. Onlardan bəziləri hətta Iranı qınadı...
İşin milli tərəfinə gəldikdə isə, müharibə zamanı bir dövlətin bütün vətəndaşlarının taleyi eyni olur. Müharibə bitdikdən sonra isə vəziyyət yenidən qiymətləndirilməli, sosial, mədəni, siyasi və iqtisadi problemlər yenidən diqqət mərkəzinə gətirilməlidir. Uzunmüddətli sabitlik problemlərin həlli üçün vacib şərtlərdən biridir...
Söhbətləşdi:
Sultan Laçın