AZ

Netanyahunun yeni siyasi oyunu: radikallardan uzaqlaşma cəhdi

İsraildə Likud partiyası hələ də əsas güc olaraq qalır, lakin parlament çoxluğunu təmin etməkdə çətinlik yaşayır və mövcud koalisiya radikal sağ qüvvələrin təsiri altında formalaşıb. Bu isə həm daxili siyasi balansı, həm də İsrailin beynəlxalq imicini mürəkkəbləşdirən əsas faktorlardan biridir.

Eyni zamanda, rusdilli yəhudi elektoratının aktivləşməsi və İsrailin sabiq müdafiə və xarici işlər naziri Aviqdor Libermanın ətrafında müəyyən konsolidasiyanın yaranması yeni koalisiya ehtimallarını gündəmə gətirir.

Bu fonunda İsrailin Baş naziri Benyamin Netanyahu üçün əsas strateji xətt radikal müttəfiqlərdən asılılığı azaltmaq və daha çevik siyasi konfiqurasiya qurmaqdan ibarətdir. Çünki mövcud model uzunmüddətli perspektivdə həm daxildə etirazları artırır, həm də xarici siyasətdə manevr imkanlarını daraldır. Likud daxilində də sağ qanada qarşı narazılıqların artması bu dəyişiklik zərurətini daha da aktuallaşdırır.

Digər tərəfdən, rusdilli yəhudilərin siyasi çəkisi bu prosesdə həlledici rol oynaya bilər. Əgər bu elektorat Libermanın liderliyi altında birləşə bilsə, Netanyahu üçün yeni və daha stabil koalisiya qurmaq imkanı yaranacaq. Bu isə radikal fiqurların hökumətdən kənarlaşdırılması və daha mərkəzçi siyasətin önə çıxması ilə nəticələnə bilər.

Bununla yanaşı, İranla bağlı proseslər də bu daxili siyasi dinamikanın mühüm hissəsinə çevrilib. Xarici təhlükə faktorunun idarə olunması və mümkün hərbi uğur Netanyahunun seçki mövqelərini gücləndirə bilər.

Bu səbəbdən regiondakı qarşıdurmalar yalnız geosiyasi deyil, həm də İsrail daxilində siyasi balansın yenidən qurulmasına təsir edən əsas amillərdən biri kimi çıxış edir.

Alim Nəsirov

Seçilən
1
1
bakivaxti.az

2Mənbələr