Bakivaxti saytına istinadən ain.az xəbər verir.
İran–İsrail qarşıdurmasının dərinləşməsi və prosesə ABŞ-ın birbaşa qoşulması Yaxın Şərqdə mövcud siyasi balansı ciddi şəkildə dəyişməkdədir. Regional güclər arasında artan rəqabət təkcə hərbi riskləri artırmır, həm də enerji təchizatı marşrutlarını, təhlükəsizlik əməkdaşlığını və geosiyasi prioritetləri yenidən formalaşdırır.
Belə bir şəraitdə qarşıdurmanın nəticələri xüsusilə Cənubi Qafqaza – Azərbaycan və Türkiyəyə – birbaşa təsir göstərə bilər.
Bu kontekstdə əsas sual yaranır: gərginliyin davam etməsi Bakı və Ankaranın təhlükəsizlik siyasətini hansı istiqamətdə dəyişməyə məcbur edəcək və regional güc balansında hansı yeni strategiyaları gündəmə gətirəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki, Yaxın Şərqdə davam edən müharibə təbii olaraq bütün dünyaya təsir göstərir:
"Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vurur. Enerji qiymətlərinin bahalaşması artıq dünya iqtisadiyyatının digər sahələrində böhran əlamətlərini büruzə verməyə başlayıb. Bu proses davam etdikcə dünya iqtisadiyyatında problemlərin dərinləşməsi qaçılmaz olacaq".
Onun sözlərinə görə, bu, təbii olaraq bütün dünyaya, o cümlədən, Azərbaycan və Türkiyəyə də təsir edir:
"Bu, ilk növbədə iqtisadi baxımdan müəyyən problemlər yarada biləcək bir prosesdir. Digər tərəfdən isə hərbi-siyasi problemlərin yaranma ehtimalı da mövcuddur. Məsələn, ilk olaraq Azərbaycana bir dron hücumu baş vermişdi. Ondan sonrakı mərhələdə Türkiyəyə bir neçə dəfə ballistik raketlərlə hücum olunmuşdu ki, bu da hərbi təhlükəsizlik problemidir".

Elçin Xalidbəyli: Hərbi-siyasi problemlərin yaranma ehtimalı da mövcuddur
Həmsöhbətimiz bildirib ki, bu hərbi hücumların kim tərəfindən edilməsi barədə müəyyən qeyri-müəyyənlik var:
"Rəsmi Tehran bu hücumları öz üzərinə götürmür və iddia edir ki, onlar naməlum istiqamətdən həyata keçirilib, hətta araşdırma aparacağına söz verir. Halbuki müasir dövrdə hər hansı raket hücumunun hansı bölgədən və ya hansı istiqamətdən edildiyini müəyyən etmək o qədər də çətin deyil".
Elçin Xalidbəyli diqqətə çatdırıb ki, Yaxın Şərqdəki müharibə bütövlükdə region dövlətləri, o cümlədən bu regiona qonşu olan ölkələr üçün ciddi problemlər vəd edir:
"İranın qonşuları üçün də ciddi təhlükələr yaradır. Bu, həm Azərbaycan, həm də Türkiyə üçün müəyyən mənada təhlükəsizlik riskləri formalaşdırır. Məhz buna görə də hazırda həm Azərbaycan, həm də Türkiyə Yaxın Şərqdəki bu müharibənin ən qısa zamanda sona çatmasının əsas tərəfdarları kimi çıxış edirlər".
Əli Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.