AZ

Trampın Yaxın Şərq sınağı: Qələbə yoxsa strateji fiasko?

Milli.az saytına istinadən ain.az xəbər verir.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bu müharibənin başlanmasından bir ay keçəndən sonra Vaşinqtonda ucadan deməyə çəkinilən bir gerçəyi artıq təsbit etmək olar: ABŞ ayrı-ayrı zərbələrdə üstün görünə bilər, amma strateji baxımdan kampaniyanı artıq uduzur. İranın əsas üstünlüyü elə onun çökməməsidir. İslam Respublikası ayaqda qaldı, idarəolunmanı saxladı, rejimin siyasi nüvəsini qorudu, cavab zərbələri endirmək imkanını itirmədi və ən əsası, təkcə rəqiblərinə deyil, bütün dünya iqtisadiyyatına son dərəcə ağır xərc yükləyə bildi.

Tehran üçün bunun özü kifayətdir ki, müharibənin ilk ayını fəlakət yox, öz modelinin yaşarlılığının sübutu kimi təqdim etsin.

Hadisələrə yalnız dağıntıların prizmasından baxsaq, ABŞ və İsrail hərbi uğur qazandıqlarını iddia edə bilərlər. İranda yüksək vəzifəli siyasi və hərbi fiqurlar öldürülüb. Ölkənin hərbi hava qüvvələri və dəniz infrastrukturunun əhəmiyyətli hissəsi çox ağır itkilər verib. Nüvə proqramı yenidən geri atılıb. Raket potensialı zəiflədilib. Tehranın Livandakı ən mühüm müttəfiqlərindən biri kütləvi dağıdıcı zərbələrə məruz qalıb. Bütün bunlar doğrudur. Amma belə miqyaslı müharibələrdə vurulan hədəflərin quru statistikası hələ heç nəyə zəmanət vermir. Burada təkcə dəyən ziyanın həcmi deyil, bir əsas sual önə çıxır: müharibənin siyasi məqsədlərinə nail olunubmu? Məhz bu yerdə Tramp üçün mənzərə heç də qalib tərəfin mənzərəsi deyil.

Münaqişənin əvvəlində Ağ ev faktiki olaraq qarşısına maksimalist hədəflər qoymuşdu. Trampın və onun yaxın çevrəsinin ritorikasından görünürdü ki, söhbət təkcə İranı cəzalandırmaqdan və ya bir neçə çəkindirici zərbə endirməkdən getmir. Əslində Vaşinqton daha iri nəticə gözləyirdi: İranın hərbi-siyasi iradəsini qırmaq, ölkənin raket istehsal qabiliyyətini sıradan çıxarmaq, illərdir Yaxın Şərqi silkələyən proksi qrupları boğmaq, İranın nüvə silahına sahib olmasının qarşısını almaq, ən sərt ssenaridə isə rejimin özünü siyasi transformasiyaya məcbur etmək. Bir ay keçib. Və indi tam əminliklə demək olar: bu vəzifələrin heç biri tam həcmdə yerinə yetirilməyib.

ABŞ-ın məğlubiyyəti haqqında danışmağın artıq şişirtmə kimi görünməməsinin birinci və bəlkə də əsas səbəbi də budur. Vaşinqton müharibəyə həddən artıq şişirdilmiş gözləntilərlə daxil olmuşdu. Məqsəd sadəcə obyektləri bombalamaq deyildi, İranın siyasi mahiyyətini dəyişmək idi. Amma İran ilk zərbədən dağılacaq dövlət deyil. Tehran onilliklər boyu məhz belə ssenariyə hazırlaşıb. Bu rejim dinc dövrün rahat konstruksiyası kimi yox, təzyiq altında sağ qalma sistemi kimi qurulub. Əsas siyasi və hərbi postlar üçün əvvəlcədən ehtiyat fiqurlar müəyyənləşdirilib. İdarəetmənin çoxqatlı konturları formalaşdırılıb. Sanksiyalar, sabotaj, təcrid, hədəfli qətllər və daimi xarici təhdid şəraitində yaşamaq təcrübəsi var. Ona görə də rejimin tab gətirməsinin özü artıq o deməkdir ki, Amerikanın ilkin planı fiaskoya uğrayıb.

Məhz burada bu müharibənin əsas paradoksu üzə çıxır. ABŞ və İsrail doğrudan da İrana özlərinin cavabında aldıqlarından daha ağır birbaşa zərər vurublar. Amma İranın qalib çıxması üçün Amerika aviadaşıyıcılarını batırmasına, İsrail şəhərlərini yandırıb külə döndərməsinə və ya ABŞ ordusunu sındırmasına ehtiyac yox idi. Ona ilk dalğanı keçmək, təslim olmamaq, cavab vermək qabiliyyətini saxlamaq və münaqişəni rəqib üçün bahalı, əsəbləri tarıma çəkən, siyasi baxımdan zəhərli, iqtisadi baxımdan dağıdıcı sınağa çevirmək kifayət edirdi. Elə baş verən də budur.

Vaşinqtonda işlərin planlaşdırıldığı kimi getmədiyini göstərən çox dəqiq bir indikator var. Bu da elə ABŞ-ın daxilindəki əhvaldır. Son məlumatlara görə, amerikalıların 61 faizi prezident Trampın bu münaqişəni idarəetmə tərzini bəyənmir. Cəmi 37 faiz bunu dəstəkləyir. Bəli, bu rəqəmlər müəyyən mənada Amerikanın ümumi partiya parçalanmasını əks etdirir. Respublikaçıların on nəfərindən yeddisi Ağ evin addımlarını dəstəkləyir, demokratlar arasında isə müharibəni faktiki olaraq on nəfərdən yalnız biri bəyənir. Amma məsələ də məhz bundadır: Tramp bayraq ətrafında milli səfərbərlik yaratmaq əvəzinə, daxildə yeni bir parçalanma xətti açdı. O, müharibə dövrünün milli liderinə çevrilmədi. O, ölkənin yalnız bir yarısının lideri olaraq qaldı, digər yarı isə bu müharibəni təhlükəli avantüra kimi görür.

Bu isə Tramp üçün xüsusi təhlükəlidir. Onun siyasi karyerası illərlə bahalı və uzanan Yaxın Şərq müharibələrini inkar etmək üzərində qurulmuşdu. O, hakimiyyətə Amerikanı "bataqlığa" salmadan güc, işğalsız təzyiq, illərlə davam edən kabus olmadan çəkindirmə vədi ilə gəlmişdi. O, köhnə xarici siyasət elitasını İraqa, Əfqanıstana, mənasız yerə trilyonlarla dollar xərcləməyə, başqa cəmiyyətləri zorla yenidən qurmaq cəhdlərinə görə yerin dibinə soxurdu. İndi isə elə özü amerikalılara çox tanış olan tələnin içinə düşüb: sürətli giriş, aydın şüarlar, effektli zərbələr, sonra isə hədəflərin bulanıqlaşdığı, xərclərin şişdiyi, müttəfiqlərin yayınmağa başladığı və qələbənin nə demək olduğunun getdikcə qeyri-müəyyənləşdiyi yapışqan reallıq.

ABŞ-ın strateji uğursuzluğunun ikinci səbəbi də məhz budur. Vaşinqton ağır zərbə endirə bildi, amma İranı o dərəcədə silahsızlaşdıra bilmədi ki, Tehran artıq təhlükə mənbəyi olmasın. İranın raket imkanları doğrudan da zəiflədilib. Ancaq bu imkanlar tam sıradan çıxarılmayıb. İran İsraili və ABŞ-ın bölgədəki müttəfiqlərini atəşə tutmaqda davam edir. Üstəlik Tehran daha əvvəl də göstərib ki, ciddi zərbələrdən sonra raket proqramını nisbətən qısa müddətdə bərpa edə bilir. Əgər bu müharibə İranın hərbi-sənaye bazasının qəti çökdürülməsi ilə nəticələnməsə, Tehran böyük ehtimalla bütün gücünü dron, raket və asimmetrik təzyiq arsenalının sürətlə yenidən qurulmasına atacaq.

Eyni sözü regional müttəfiqlər şəbəkəsi haqqında da demək olar. Bəli, "Hizbullah" darmadağın edilib, amma məhv edilməyib. Onun infrastrukturu dağıdılıb, kadr potensialına ağır zərbə dəyib, operativ sərbəstliyi kəskin məhdudlaşıb. Lakin bu, tam yox olmaq demək deyil. Yaxın Şərqdə belə strukturlar nadir hallarda birdəfəlik tarixə qarışır. Onlar geri çəkilir, formasını dəyişir, kölgəyə çəkilir, fürsət gözləyir, sonra isə başqa qiyafədə geri qayıdır. İranın dolayı təzyiq strategiyasının digər elementləri barədə də eyni fikri söyləmək olar. Husilərin müharibəyə elə ilk gündən yox, daha sonra qoşulması çox şey deyir: İranın münaqişəni uzatmağa hesablanmış çoxqatlı planı var. Bu, zərbələr altında improvizasiya deyil. Bu, əvvəlcədən hesablanmış dözümlülük modelidir.

Ayrı və olduqca narahatedici bir xətt də nüvə məsələsidir. İran ərazisində hələ də təxminən 440 kiloqram yüksək zənginləşdirilmiş uran qalır. Bu, abstraksiya deyil, diplomatik eyham da deyil. Bu, gələcək üçün real ehtiyatdır. Hətta ölkənin mövcud nüvə infrastrukturu ciddi zərər görsə belə, belə materialın saxlanması faktının özü göstərir ki, İranın nüvə hekayəsi bitməyib. Əksinə, indiki müharibə İran rəhbərliyinin növbəti nəslini daha sərt nəticələr çıxarmağa sövq edə bilər. Əvvəllər dini-siyasi məhdudiyyətlərə, əvvəlki nüvə fətvasına, eşiklə bomba arasında balans siyasətinə istinad etmək mümkün idisə, bu münaqişədən sonra Tehranda belə qənaət formalaşa bilər ki, yeganə real təhlükəsizlik təminatı artıq raket arsenalı deyil, tamhüquqlu nüvə çəkindirməsidir. Onda belə çıxacaq ki, İran bombasının qarşısını almaq məqsədi ilə başladılan müharibə strateji perspektivdə əksinə, Tehranı bu yola sonadək getmək qərarına daha da yaxınlaşdırıb.

ABŞ-ın bu müharibədən uduzan tərəf kimi çıxmasının üçüncü səbəbi dünyaya yüklənən xərclərin iqtisadi miqyasıdır. Burada Tehran özünü xüsusilə soyuqqanlı və amansız strateq kimi göstərdi. İran çox yaxşı anlayır: ABŞ-la birbaşa qarşıdurmada simmetrik nəticə əldə edə bilməz. Amma Qərbin, Asiyanın və bütövlükdə qlobal bazarın ən həssas nöqtəsinə zərbə vura bilər - energetikaya, logistikaya, sığortaya, dəniz daşımalarına, kritik xammal tədarükünə və qlobal ticarətin sinir sisteminə.

Bu il aviasiya yanacağının qiyməti 120 faiz artıb. Brent markalı neft 87 faizdən çox bahalaşıb. Hörmüz boğazı faktiki olaraq ya bağlanıb, ya da ən azı daimi təhlükə zonasına çevrilib. Halbuki dünya neft ixracının təxminən beşdə biri adətən məhz bu boğazdan keçir. Eləcə də dünya üzrə mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi həmin marşrutun payına düşür. Məsələ bununla da bitmir. Hörmüzdən həm də dünya helium tədarükünün üçdə biri keçir. Bir çoxları bu resursun əhəmiyyətini kiçildir, halbuki o, təkcə tibbi və sənaye sistemləri üçün yox, həm də yarımkeçirici istehsalı üçün kritik önəm daşıyır. Eyni marşrutdan dünya gübrə satışlarının da üçdə biri keçir. Yəni söhbət təkcə neft və qazdan getmir. Söhbət dünya iqtisadiyyatının bir neçə fundamental dayağına eyni vaxtda potensial zərbədən gedir: nəqliyyata, elektronikaya, aqrar sektora, ərzaq qiymətlərinə və yüksək texnologiyalı istehsal zəncirlərinə.

Avropada qaz qiymətləri artıq bir ay ərzində 70 faizdən çox artıb. Buna səbəb həm LNG tədarükündə yaranan fasilələr, həm də İran raket zərbəsinin Qətərin iri qaz yataqlarından birinə vurduğu zərərdir. Və bu, mümkün domino effektinin hələ başlanğıcıdır. Hörmüzdə blokada nə qədər uzansa, region infrastruktur zərbələrinin meydanı olaraq nə qədər uzun müddət qalsa, dünyanın təkcə enerji böhranı ilə yox, ərzaq, logistika və çip böhranı ilə də üz-üzə qalmaq riski bir o qədər yüksələcək. İran strategiyasının əsl gücü də məhz bundadır. Tehran sanki dünyaya belə deyir: bizi boğmaq qərarına gəlmisinizsə, biz səssizcə kənara çəkilməyəcəyik. Elə edəcəyik ki, bizi boğmağın bədəli qlobal miqyas alsın.

Və məhz burada İran təkcə iqtisadi yox, siyasi-psixoloji effekt də qazanır. Misir, Keniya, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı və Cənubi Afrikada keçirilmiş beynəlxalq sorğuların nəticələrinə görə, respondentlərin cəmi 18 faizi münaqişədə və onun qlobal nəticələrində İranı günahkar sayır. Bunun müqabilində 29 faiz məsuliyyəti ABŞ-ın, 38 faiz isə İsrailin üzərinə qoyur. Bu rəqəmlər son dərəcə önəmlidir. Onlar göstərir ki, İranın ağır itkilərinə baxmayaraq, dünya ictimaiyyətinin xeyli hissəsinin gözündə Tehran baş verənlərin başlıca təqsirkarı kimi görünmür. Əksinə, ABŞ və İsrailin zərbələri, xüsusən də bir çoxlarına kənardan perspektivli görünən danışıqlar fonunda endirilən hücumlar Vaşinqton və Təl-Əvivə diplomatik şansı hərbi məcburiyyət naminə puç etmiş güc obrazı qazandırıb. Bu isə Amerikanın mənəvi-siyasi mövqeyinə neft qiymətlərinin artımının onun iqtisadi dayanıqlığına vurduğu zərbədən heç də az ziyan vurmur.

Buradan ABŞ-ın məğlubiyyətinin dördüncü səbəbi çıxır: legitimlik çatışmazlığı. Corc Buş kiçiyin dövründəki İraq kampaniyasından fərqli olaraq, bu dəfə Vaşinqton müharibəyə geniş ideoloji qabıq verməyə heç cəhd də göstərmədi. Nə əvvəlki "demokratiya" duaları vardı, nə "qaydalara əsaslanan nizam" barədə gurultulu çıxışlar, nə də ən azı geniş beynəlxalq koalisiya görüntüsü yaratmaq üçün ciddi cəhd. Faktiki olaraq bu müharibədə ABŞ-ın yeganə real müttəfiqi İsrail oldu. Halbuki bu dövlət özü də bu gün son bir nəsildə görünməmiş dərəcədə dərin beynəlxalq təcrid içindədir.

Tramp çox yöndəmsiz vəziyyətə düşdü. Əvvəlcə NATO müttəfiqlərini dəstəyə çağırdı, sonra isə real dəstəyin gəlməyəcəyini anlayanda belə görüntü yaratmağa başladı ki, guya buna ehtiyacı da yoxdur. Bütün kampaniyanın ən açıq siqnallarından biri də elə budur. Bu, gücü yox, zəifliyi göstərir. Liderliyi yox, tənhalığı göstərir. Müttəfiqləri başına yığmaq bacarığını yox, hətta formal baxımdan yaxın sayılan dövlətləri belə bu müharibənin onların maraqlarına uyğun olduğuna inandıra bilməməsini göstərir. Nəticədə transatlantik münasibətlər indiki böhrandan daha da zəifləyərək çıxır. Onlarla birlikdə ABŞ-ın özünü qaydaları müəyyən edən sistemin lideri kimi təqdim etmək imkanı da aşınır. Çünki Vaşinqton həmin qaydaları işinə düşəndə elə özü pozur.

Beşinci səbəb Vaşinqton üçün daha da alçaldıcıdır: bu müharibə gözlənilmədən ABŞ-ın rəqiblərini varlandırır. Birinci ayın ən paradoksal nəticələrindən biri məhz belə görünür. Neft qiymətlərində partlayışın qarşısını almaq üçün Amerika hakimiyyəti İran və Rusiyaya münasibətdə neft məhdudiyyətlərini yumşaltmağa getdi. Nəticədə Tehran indi müharibədən əvvəlkindən daha çox gündəlik neft gəliri əldə edir. Yəni iqtisadi baxımdan əldən salınmalı, strateji cəhətdən zəiflədilməli olan ölkə bazarın müəyyən konfiqurasiyasında məhz ona qarşı aparılan müharibə sayəsində daha çox qazanmağa başlayır.

Daha da danışan isə Rusiya amilidir. Münaqişə davam etdiyi müddətdə yüksək neft qiymətləri fonunda Moskva gündəlik əlavə təxminən 150 milyon dollar qazanır. Bu, nəhəng vəsaitdir və Ukraynaya qarşı müharibənin davamına, hərbi alışlara, büdcənin dəstəklənməsinə, xarici təzyiqin yumşaldılmasına yönəldilə bilər. Tam absurd mənzərə yaranır: ABŞ baha başa gələn Yaxın Şərq kampaniyasına girişir, amma onun nəticələri eyni anda Amerikanın əsas geosiyasi rəqiblərindən birinin maliyyə vəziyyətini yaxşılaşdırır.

Çin üçün mənzərə daha mürəkkəbdir, amma Pekin üçün sərfəli elementlər də az deyil. Bəli, Çin neftinin yarıdan çoxunu Fars körfəzindən alır və tədarük riskləri ilə qaçılmaz şəkildə üzləşir. Amma eyni zamanda Çin ABŞ-dan fərqli olaraq özünü bu müharibənin gündəlik siyasi və hərbi tələlərinə salmır. O, müşahidə edir, təhlil edir, öyrənir. Çin hərbçiləri, şübhəsiz, çox diqqətlə baxırlar ki, ABŞ raketdən müdafiə tutucularını nə sürətlə xərcləyir, hərbi resursları necə bölüşdürür, strateji çəkindirmənin digər istiqamətləri necə boşalır. Pekin üçün bu, sadəcə Yaxın Şərq böhranı deyil. Bu, real münaqişə təzyiqi altında Amerika supergücünün resursları necə xərclədiyinə dair praktik dərsdir.

ABŞ-ın məğlubiyyətinin altıncı səbəbi müharibəyə dəstəyin Respublikaçılar Partiyasının daxilində aşınmasıdır. Bu, yəqin ki, həm ən vacib, həm də ən çox gözdən qaçan əlamətlərdən biridir. Tramp kampaniyaya başlayanda onun komandasında aydın şəkildə hesab edirdilər ki, partiya intizamı və güc kultu sabit dəstəyi təmin edəcək. Amma münaqişə uzandıqca ilk çatlar görünməyə başladı. Pentaqon İrandakı cari əməliyyatların dəstəklənməsi üçün əlavə 200 milyard dollar istəmək niyyətində olduğunu anlatdı. Rəsmi sorğu hələ yoxdur və bunun özü artıq çox şey deyir. Görünən odur ki, Vaşinqtonda Kapitol təpəsində lazım olan dəstəyi toplamağın gözlənildiyindən daha çətin olacağından ehtiyatlanırlar.

Xüsusən də respublikaçı qanunvericilərin özü müharibənin dərinləşməsi perspektivindən açıq şəkildə aralanmağa başlayanda mənzərə daha aydın olur. Əgər partiya daxilində "İrana quru qoşunlarının göndərilməsini dəstəkləmərəm, xüsusən də qapalı brifinqlərdən sonra" kimi fikirlər səslənirsə, bu o deməkdir ki, gərginlik təkcə demokratlar arasında yox, Trampın öz bazasında da artır. Bu isə onun üçün artıq az qala strateji təhlükədir. Çünki prezidentin daxili düşərgəsini içəridən yeyib-dağıtmağa başlayan xarici müharibə artıq konsolidasiya aləti olmaqdan çıxır və siyasi zəifliyin katalizatoruna çevrilir.

Və məhz burada tam aydın görünür ki, niyə ABŞ bu gün açıq atəş gücü üstünlüyünə baxmayaraq müharibəni uduzur. Çünki o, sadə bir suala aydın cavab verə bilmir: qələbə necə görünür? Rejim dəyişikliyi? Yoxdur. İranın raket infrastrukturunun tam məhvi? Yoxdur. Proksi şəbəkələrinin tam zərərsizləşdirilməsi? O da yoxdur. İranın nüvə silahına doğru irəliləmək qabiliyyətinin aradan qaldırılması? Yüksək zənginləşdirilmiş uranın yüzlərlə kiloqramı hələ də gələcək üçün strateji ehtiyat kimi qalırsa, bu da yoxdur. Təhlükəsiz Hörmüzün açılması? Bu da baş verməyib. Geniş beynəlxalq dəstək? O da yoxdur. ABŞ daxilində siyasi konsolidasiya? Bu da yoxdur.

Beləliklə, qarşımızda nadir, amma çox ibrətamiz bir mənzərə var: supergüc eyni anda nəhəng fiziki dağıntı yarada, amma əsas siyasi meyarların hamısında uduza bilər. Tramp dünyaya sürətli və effektli güc nümayiş etdirmək istəyirdi. Əvəzində isə onun iradəsinə tabe olmayan, qlobal qiymətləri qızışdıran, rəqiblərini gücləndirən, Amerika cəmiyyətinin ciddi hissəsini qəzəbləndirən və onun xarici siyasət kursunun məntiqini sual altına alan bir müharibə aldı.

Əlbəttə, müharibəyə tam qiymət yalnız o başa çatandan sonra verilə bilər. ABŞ hələ də İrana əlavə zərər vura bilər. İsrail İran infrastrukturunun dağıdılması miqyasını daha da genişləndirə bilər. Tehran da yeni ağır itkilər verə bilər. Amma münaqişə yaxın günlərdə bitsə belə, reallıq sərt olaraq qalacaq: İran rejimindən nə sağ çıxsa, təkcə sağ qaldığı üçün özünü haqlı sayacaq. Tehran üçün psixoloji qələbə də məhz budur. Nə triumf, nə təntənə, nə də regionu düşmənlərdən təmizləmək. Daha qaranlıq və daha təhlükəli bir şey: sağ qalmaqla öz doğruluğunu təsdiqləmək.

Belə müharibədən sonra İran elitasında barışıq ovqatı olmayacaq. Orada intiqam ruhu hökm sürəcək. Bu hiss ölkə daxilinə yönələ bilər - daha sərt repressiyalar, təmizləmələr, cəza aksiyaları, səfərbərlik və istənilən fərqli fikrin boğulması formasında. Yaxud xaricə yönələ bilər - raket arsenalının sürətlə bərpası, asimmetrik təzyiq alətlərinin genişləndirilməsi, nüvə strategiyasının yenidən düşünülməsi və ABŞ-la İsrailə qarşı uzun oyuna daha böyük stavka qoyulması formasında. İranın gələcək rəhbərləri bu müharibədən böyük ehtimalla çox sadə nəticə çıxaracaqlar: əsas çəkindirmə vasitəsi nə beynəlxalq hüquqa apeliyadır, nə diplomatiyaya ümid, nə də başqalarının təminatlarına inam. Əsas çəkindirmə vasitəsi rəqibə və bütün dünyaya nəhəng xərclər sırımaq qabiliyyətidir.

Bu isə o deməkdir ki, müharibədən sonrakı İran, əgər indiki rejim və ya onun varisləri ayaqda qalsa, böyük ehtimalla dronların, raketlərin, yeraltı infrastrukturun və paylanmış hərbi istehsalın sürətli bərpasına başlayacaq. Bu həm də o deməkdir ki, Tehranda nəhayət belə qərara gələ bilərlər: bomba təhlükəsizliyin ən yaxşı təminatıdır, necə ki, vaxtilə Şimali Koreyada belə oldu. Və onda bu münaqişə ilə bağlı ən ağır sual ortaya çıxır: bütün bunlar nə naminə idi? Əgər müharibənin nəticəsi İranın hərbsizləşdirilməsi yox, onun daha sərt, daha qisasçı və nüvə yönümlü transformasiyası olacaqsa, onda bu kampaniyanın strateji mənası nə idi?

Əlbəttə, demək olar ki, İsrail üçün bölgədə düşmən qüvvələri vaxtaşırı "biçib seyrəltmək" məntiqinin özünəməxsus, soyuqqanlı və kifayət qədər kinik, amma başadüşülən bir izahı var. Təl-Əvivin hesabı sadədir: düşmənə nəfəs dərib kritik güc toplamaq imkanı verməkdənsə, onu müəyyən aralıqlarla əzib zəiflətmək daha sərfəlidir. Bu, ayrıca bir strateji dünyagörüşüdür. Ancaq Vaşinqton üçün eyni yanaşma o qədər də inandırıcı səslənmir. Amerika mühasirədə yaşayan balaca dövlət deyil. O, dünyanın hər tərəfində öhdəlikləri olan qlobal supergücdür. Ölkə daxilində dərin siyasi qütbləşmə var, ağır borc yükü var, Çinlə sərt rəqabət var, Ukrayna ətrafında müharibə düyünü var, üstəlik ticarət, texnologiya və müttəfiqlər sistemində böhranlar bir-birinə qarışıb. Belə şəraitdə Yaxın Şərqdə bahalı, uzanan və strateji baxımdan sonu görünməyən müharibə ABŞ üçün güc rıçağı yox, resursların təhlükəli şəkildə havaya sovrulması deməkdir.

Elə buna görə də Tramp, bütün sərt ritorikasına baxmayaraq, görünür, İran rejiminin təbiətini yanlış oxuyub. Yəqin onun təsəvvürü belə olub ki, qarşısında növbəti xoşagəlməz, amma axırda sınacaq bir rəqib dayanıb və kobud gücün ildırım sürətli nümayişi ilə onu geri oturtmaq, hətta kapitulyasiyaya məcbur etmək mümkündür. Amma İran nə Venesueladır, nə Səddamın son dövrlərindəki İraq, nə də bircə ağır zərbədən sonra rəhbərliyi iflic olan ölkə. Bu, özünəməxsus siyasi mədəniyyəti olan, müharibə yaddaşı çox dərin işləyən, geniş coğrafi dərinliyə, mürəkkəb relyefə, güclü dövlət inersiyasına və dözümlülüyü az qala ideologiyaya çevirmiş böyük bir sivilizasiya məkanıdır. Belə rəqib texnoloji baxımdan geri qala bilər, amma yenə də supergüc üçün son dərəcə əlverişsiz, yorucu və başağrılı rəqib olaraq qalır.

Və nəhayət, bu hekayənin bir qatı da var ki, raketlər, neft qiymətləri və geopolitik hesablar haqda söhbətlərin arasında çox vaxt arxa plana keçir. Söhbət insanlardan gedir. Yenə də bu bölgənin sakinləri böyük strategiyaların girovuna çevriliblər. İran və Livanda minlərlə insan həyatını itirib. Bir milyondan çox adam didərgin düşüb. İsraildə əhali artıq iki ilə yaxındır sirenalar, sığınacaqlar və bitib-tükənməyən psixoloji yorğunluq rejimində yaşayır. Körfəz ölkələrində çalışan ekspatlar və əmək miqrantları isə iş, sabitlik və təhlükəsizlik ümidi ilə Dubaya, Dohaya, Mənamaya gedəndə ağıllarına belə gətirmədikləri bir qeyri-sabitliklə qəfil üzləşiblər. Bütöv bir region yenidən təşvişin, parçalanmış ailələrin, bahalaşmanın, qorxunun və növbəti zərbə gözləntisinin məkanına çevrilib.

Əgər bütün bunlar - minlərlə ölüm, milyonlarla vahimə içində yaşayan insan, viran qalmış şəhərlər, dağılmış logistika marşrutları, qiymət sıçrayışı, dərinləşən düşmənçilik, yeni silahlanma dalğası və demək olar qaçılmaz görünən növbəti raunda hazırlıq - sonda bir müddət sonra yenə başqa müharibəyə qayıtmaq üçündürsə, o zaman ən ağır və ən amansız sual ortaya çıxır: bəs bütün bunlar nə naminə idi?

2026-cı ilin martının sonuna mənzərə son dərəcə sərtdir. Tramp sürətli qələbə qazana bilmədi. O, siyasi dönüş nöqtəsi yarada bilmədi. İranı sındıra bilmədi. Dünya iqtisadiyyatını təhlükədən çıxara bilmədi. Müttəfiqləri ətrafına yığa bilmədi. Amerikanın liderliyini möhkəmləndirə bilmədi. ABŞ-ın rəqiblərini qlobal planda zəiflədə bilmədi. Əksinə, bu müharibə artıq İrana ən vacib şeyi verdi: dünyanın ən güclü hərbi superdövləti ilə bölgənin hegemonunun birgə zərbəsi altında belə rejimin ayaqda qala bildiyini sübut etdi. Deməli, Tehran məntiqinə görə, o, mübarizəni davam etdirmək gücünü də qoruyur.

İndiki məqamın acı həqiqəti də elə budur. Birləşmiş Ştatlar İranı dağıda bilər, amma bu müharibəyə hansı siyasi nəticə naminə girdisə, həmin nəticəni Tehrana qəbul etdirə bilmir. Supergüc siyasi məqsədinə çata bilmirsə, rəqib məhv olmursa, iradəsini itirmirsə, zərər vurmaq imkanını saxlayırsa, qlobal xərcləri şişirdirsə və Amerikanın qüdrətini elə Amerikanın öz zəifliyinə çevirirsə, bunun adı məğlubiyyətdir - hələ bu söz rəsmi sənədlərə düşməsə belə.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
news.milli.az

2Mənbələr