AZ

Azərbaycanlı həkim Qafqazda ilkə imza atıb Dr. İlqar Tahiroğlu

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Könül Cəfərli ilə peşəkar həkim” layihəsinin növbəti qonağı invaziv kardiologiya uzmanı, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğludur. Müsahibimiz bu günlərdə mitral klip əməliyyatını uğurla icra edərək, Azərbaycanda, eləcə də Qafqazda ilkə imza atıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Uzman invaziv kardioloq İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Ondoqquz May Universitetini bitirərək, orada 2 il internatura təhsili alıb. 2015-2019-cu illərdə İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçib. Eyni müəssisədə 2019-2021-ci illərdə invaziv kardiologiya və struktural ürək xəstəlikləri üzrə əlavə təhsil proqramına yiyələnib.

Hazırda Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi olaraq həkim fəaliyyətinə davam edir.

- Siz ölkəmizdə, eləcə də Qafqazda mitral klip əməliyyatını ilk dəfə icra edən həkimsiniz. Bu, Azərbaycan səhiyyəsi adına bir uğurdur! Öncə sizi və komandanızı təbrik edirik!

- Çox sağ olun!

- Mitral klip əməliyyatını ilk dəfə həyata keçirdiniz?

- Xeyr, İsraildə çalışdığım illərdə bu əməliyyatı çox icra etmişəm. Amma ölkəmizdə və Qafqazda ilk dəfə idi.

- Bu böyük uğura necə nail oldunuz?

- Bunun təhsilini İsrailin Hadasah Tibb Mərkəzi Universitetində almışam. Sevinirəm ki, öz vətənimdə də o əməliyyatı bu gün uğurla icra edə bilirik.

- Belə bir ilkə imza atmaq həkimdən hansı bilik və bacarıq tələb edir?

- Onu qeyd edim ki, bu əməliyyatı xüsusən invaziv kardioloqlar həyata keçirir. Struktural ürək xəstəlikləri üzrə geniş biliyə və təcrübəyə malik həkimlərin görə biləcəyi işdir.

- Bəs xəstəxana şəraitinin önəmi?

- Əlbəttə, bu da çox önəmlidir. Güclü invaziv kardiologiya şöbəsi, ürək-damar cərrahiyyəsi, angioqrafiyası olan böyük xəstəxanalarda həyata keçirilə bilər.

- Mitral klip əməliyyatı nədən ibarətdir?

- Ürəyin mitral qapağında çatışmazlıq olan və açıq əməliyyat riski çox yüksək xəstələr üçün nəzərdə tutulan bir ürək əməliyyatıdır.

- Bu əməliyyatın üstünlüyü nədir?

- Heç bir kəsik və tikiş olmadan icra edilir. Xəstənin ayaq damarından daxil olaraq, mitral qapaq çatışmazlığını xüsusi klip vasitəsi ilə aradan qaldırırıq. Əməliyyatın səhəri günü xəstə evə yazılır. Pasiyent üçün belə bir üstünlükləri var.

- Hansı xəstələrdə bu əməliyyatı icra etmək olar?

- Ürəyin mitral qapağında çatışmazlıq olan bütün pasiyentlərdə bu əməliyyat tətbiq edilə bilər. Xüsusən də ağır və açıq ürək əməliyyatı çox riskli xəstələrdə.

- Planınızda daha hansı ilklər var?

- Planlarımız bu ilklə yekunlaşmır. Hədəfimiz dünyada daha az invaziv, daha az minimal cərrahi yolla icra edilən bütün əməliyyatları ölkəmizə gətirib, burada da tətbiqinə başlamaqdır.

Qeyd: Uzm. Dr. İlqar Tahiroğlu ilə 050-993-26-26 mobil nömrəsi və ilgar_tahiroglu_cardiologist instaqram hesabı ilə əlaqə saxlaya bilərsiniz. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
qafqazinfo.az

1Mənbələr