AZ

Milli yaddaşımızın ağrılı səhifəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində tarixinin ən qüdrətli mərhələsini yaşayan ölkəmiz bu gün regionun lider dövləti kimi Cənubi Qafqazda əbədi sülhün, dayanıqlı inkişafın möhkəm təməllərini formalaşdırır, gələcəyə yönəlmiş siyasətlə bu torpaqlarda yaşayan bütün insanları aydın yola, xoşbəxt sabaha doğru yönəldir. 

Ortaq gələcəyin qurulmasında fəal iştirak hər birimizin ümumi missiyasıdır. Bununla yanaşı, keçmişin ibrət dərslərini də heç zaman unutmamalıyıq. Bu dərslər bizə gələcəyə doğru yolumuzda daha həssas davranmağa, addımlarımızı hər zaman düzgün müəyyənləşdirməyə kömək göstərəcək.    

Tarixin elə səhifələri var ki, aradan keçən zaman o səhifədə həkk olunmuş həqiqətləri əsla soldurmur, əksinə, illər keçdikcə bu həqiqətlər daha dərin iz qoyur. 1918-ci ilin mart ayında daşnakların bolşeviklərlə birləşərək azərbaycanlılara qarşı törətdikləri soyqırımı da tariximizin belə ağrılı səhifələrindəndir. Bu qanlı hadisələrdən artıq 108 il ötsə də, həmin günlərin ağrısı, itkilərin ağırlığı və yaddaşımızda qoyduğu izlər bu gün də canlıdır.

Hər ilin 31 mart günü biz yalnız keçmişi xatırlamırıq, eyni zamanda tariximizin bu dəhşətli həqiqətlərinə işıq salır, qurbanların xatirəsini ehtiramla yad edir və bu həqiqətlərin unudulmaması üçün bir daha özümüzə söz veririk. 108 il əvvəl baş verənlər təkcə bir dövrün faciəsi deyil, həm də milli yaddaşımızın ayrılmaz hissəsidir.

Məqsədli siyasət

XIX əsrin əvvəllərində imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri nəticəsində Azərbaycan torpaqlarının bölüşdürülməsindən sonra çar Rusiyası regionda öz maraqlarına uyğun yeni siyasi düzən formalaşdırmağa başladı. Bu siyasətin əsas istiqamətlərindən biri qədim Azərbaycan ərazilərində ermənilərin iştirakı ilə dayaq nöqtəsi rolunu oynayacaq bufer zona yaratmaq və belə bir məqsədlə "erməni dövləti" ideyasını həyata keçirmək idi.

Bu planın kökləri daha əvvəlki dövrlərə gedib çıxır. Hələ I Pyotr dövründə çar Rusiyasının cənub siyasəti çərçivəsində ermənilərin imperiya ərazisinə köçürülməsi təşviq olunurdu. I Pyotr bu məqsədlə göndərdiyi nümayəndələrə ermənilərin Rusiyaya cəlb olunmasının vacibliyini xüsusi tapşırırdı.

Ardıcıl şəkildə həyata keçirilən bu siyasət çərçivəsində XIX əsrin birinci yarısında İran və Osmanlı ərazilərində yaşayan yüz minlərlə erməni kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən İrəvan, Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər Azərbaycan bölgələrinə köçürülərək məskunlaşdırıldı. Bununla belə, bölgədə demoqrafik üstünlük hələ də uzun müddət azərbaycanlılara aid idi. Məsələn, 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı mövcud 326 kənddən cəmi 81-də ermənilər yaşayırdılar. Eyni dövrdə İrəvan qəzasında əhalinin təxminən 66 faizi azərbaycanlılardan, 34 faizi ermənilərdən ibarət idi. Bu vəziyyəti dəyişmək və bölgədə ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə azərbaycanlılara qarşı sistemli zorakılıq siyasətinə başlandı. Erməni quldur dəstələri çar Rusiyasının dəstəyi ilə gizli şəkildə silahlandırılır, güclü şəkildə təşkilatlandırılaraq yerli əhaliyə qarşı hücumlara cəlb edilirdilər. 

XIX əsrin ikinci yarısından bu məqsədə doğru planlı iş aparan ermənilər ötən əsrin ilk onilliklərində öz qanlı cinayətləri üçün əlverişli imkan tapmışdılar. Onların "Daşnaksütyun" (1880, Tiflis), "Erməni vətənpərvərləri ittifaqı" (1885, Nyu York), "Qnçaq" (1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarının hər biri "böyük Ermənistan" dövlətinin qurulması planının icrasına cəlb edilmişdi. 

XX əsrin əvvəllərində bu proses kəskin xarakter aldı, xüsusilə 1905-1907-ci illərdə azərbaycanlılara qarşı zorakılıqlar genişləndi. Çar hakimiyyətinin himayəsi altında ermənilərin həyata keçirdikləri cinayət əməlləri nəticəsində indiki Ermənistan və Dağlıq Qarabağ ərazilərindən azərbaycanlılar kütləvi şəkildə çıxarıldı, dinc əhaliyə qarşı qətliamlar, vəhşiliklər törədildi.

Ermənilər yaranmış qarışıqlığı, mərkəzi hakimiyyətin zəifləməsini fürsət bilib, Bakı, Şuşa, Zəngəzur qəzalarında kütləvi qırğınlar törətdilər. Araşdırmalara görə, 75 azərbaycanlı kəndini dəhşətli talana məruz qoydular. Azərbaycanlıların deportasiyası və soyqırımı prosesi müxtəlif miqyaslarda davam etdirildi. İnsanlar əsrlər boyu yaşadıqları əzəli yurdlarından qovuldular. Bütün bunlar təkzibi mümkün olmayan tarixi reallıqlardır. Bu reallıqlara Rusiya imperiyasının ovaxtkı statistik məlumatları da şahidlik edir. Tarixi mənbələrdə göstərilir ki, 1916-cı ilin məlumatlarına əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfərə çatmışdı. Bu quberniyanın əhalisi tarixən azərbaycanlılardan ibarət idi. Statistika həmin dövrdə İrəvan quberniyasında azərbaycanlı əhalinin sayının cəmi 4,6 dəfə artdığını göstərir. O illərdə azərbaycanlı əhaliyə qarşı güclü sıxışdırılma tədbirləri həyata keçirilirdi. Amma bu qədər sərt sıxışdırma və deportasiya müqabilində yenə də İrəvan əhalisinin təxminən 45 faizi azərbaycanlılardan ibarət idi. 

Ermənilərsə 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar mühitində "böyük Ermənistan" iddiasını reallığa çevirmək üçün azərbaycanlıları əsas maneələrdən biri kimi görürdülər. Ona görə də soydaşlarımıza qarşı maksimum amansızcasına davranırdılar. 

Tədqiqatçı alimlərin araşdırmalarında göstərilir ki, ermənilər 1915-ci ilin əvvəllərində Türkiyənin şimal-şərq bölgələrində Osmanlı dövlətinə qarşı müharibəyə və kütləvi iğtişaşlara başlamışlar. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən köçürülməsi barədə əmr vermişdi. Türkiyə ərazisindən İrəvan quberniyasına, Qarabağa və Zəngəzura erməni hərbi dəstələri və çox sayda erməni əhalisi köçüb gəlmişdi. Əvvəlcə çar Rusiyası ordusu, sonra isə bolşeviklər gəlmə ermənilərə dəstək verirdilər. Onlar havadarlarının köməyinə arxalanaraq əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində soydaşlarımıza divan tutdular. 

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında Ərzincan barışığı imzalandı. Həmin razılaşmaya əsasən, Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu erməni hərbi birləşmələri əvəz edirdi. Onlar nəzarətsizlik şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı vəhşi əməllərinin miqyasını genişləndirdilər. Mənbələrə əsasən, 1918-ci il martın 6-na qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılaraq yandırıldı. Quberniyada yaşayan 135 min Azərbaycan türkünün böyük bir qismi öldürüldü. Ermənilərin əlindən qurtulub sağ qalan soydaşlarımız Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə pənah apardılar. 

Bakıda mart qırğınları

1917-ci ildə baş verən oktyabr inqilabı nəticəsində Rusiya imperiyasının süquta uğramasından sonra regionda yaranmış siyasi boşluq erməni daşnaklarının əlinə daha bir böyük fürsət verdi. 1918-ci ilin əvvəllərində Lenin bolşevik cildinə girmiş, amma daşnak xislətini də unutmamış Stepan Şaumyanı Qafqaz üzrə fövqəladə komissar təyin edərək Bakıya göndərdi. Bu təyinat formal olaraq guya Bakıda bolşevik hakimiyyətinin qurulması məqsədi daşısa da, proseslərin gedişi faktiki olaraq erməni silahlı daşnaklarının bolşeviklərlə birləşərək azərbaycanlılara qarşı soyqırımı törətmələrinə şərait yaratdı.

31 mart 1918-ci ildə Şaumyanın əmri ilə Bakıda azərbaycanlılara qarşı kütləvi qırğınlara start verildi. Onun özünün də etiraf etdiyi kimi, bu hadisələrdə Bakı Soveti tərkibindəki minlərlə silahlı ilə birgə, Daşnaksütyun partiyasının quldur dəstələri də fəal iştirak edirdilər. 

Bir neçə gün davam edən soyqırımı aktı zamanı silahlı dəstələr azərbaycanlıların yaşadıqları məhəllələrə hücum edərək dinc əhaliyə qarşı amansız qırğınlar törətdilər. İlk hücumlar Bakının "Kərpiçxana", "Məmmədli", "Zibilli Dərə" adlandırılan hissələrinə yönəldi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı məhz azərbaycanlılar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraxodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Top atəşləri ilə yanaşı, daşnak və bolşevik silahlı dəstələri azərbaycanlı məhəllələrinə kütləvi hücumlar edir, qarşılarına çıxanı öldürürdülər.  

Bolşevik hökumətinin Xəzər dənizindəki hərbi donanması da ermənilərin fitvası ilə şəhərin azərbaycanlı məhəllələrini ardıcıl top atəşinə tuturdu. Erməni daşnakları özünəməxsus hiyləgər xislətləri ilə rus matroslarını aldadıb inandırmışdılar ki, guya azərbaycanlılar Bakıdakı xristianları qırırlar. Bu atəşlər nəticəsində minlərlə adam həyatını itirmişdi, müsəlmanların əsas ibadət yeri sayılan "Təzə pir" məscidinin minarələri zədələnmiş, şəhərin başqa tikililərinə də böyük ziyan dəymişdi. Bakının memarlıq incilərindən sayılan məşhur "İsmailiyyə" binasına od vurulmuşdu.

Üç gün boyunca təkcə Bakıda 12-15 min azərbaycanlı öldürüldü. Həmin günlər digər bölgələrlə birlikdə 30 min adam qətlə yetirildi. O zaman Nəriman Nərimanov qırğının qarşısını almaq üçün işə qarışmalı olur. Martın 30-da saat 2-də öz evində müşavirə çağırır. Müşavirəyə S.Şaumyan da dəvət olunur və hadisələrin qarşısını almaq üçün ona müraciət edilir. Şaumyan həmin müşavirədə hiyləgərcəsinə qırğının dayandırılacağına söz verir. Hətta Nərimanov telefonla A.Caparidzeyə zəng vurur və necə olursa-olsun qırğının dayandırılmasını tələb edir. Lakin bunun heç bir təsiri olmur, ermənilər qırğını daha da gücləndirirlər. Soyqırımı aprelin 2-si gecə yarıyadək davam edir. Sağ qalanlar Bakını tərk etmək məcburiyyətində qalırlar. Bir sözlə, "əks-inqilaba qarşı mübarizə" adı altında milli qırğın təşkil edilir və bu, bolşevizmin gətirdiyi böyük fəlakətə çevrilir.

Həmin günlərdə hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmişdilər. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında yazırdı: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər". Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, qiymətli əşyaları özləri ilə aparırdılar. Azərbaycanlılara qarşı bu soyqırımı və qarətlərdə Anastas Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.

Planlı cinayət

Soyqırımının miqyası, aparılma qaydası daşnakların və bolşeviklərin bu qətliamlara necə planlı şəkildə hazırlaşdıqlarını təsdiqləyir. Onlar hətta çox çətinliklə yol tapıb canını qurtarmağa çalışan mülki əhaliyə qarşı hücumları da əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirmişdilər. Şəhərin müxtəlif nöqtələrində pulemyotlar yerləşdirilmişdi. Qaçan insanları həmin silahlarla aramsız atəşə tutmuş, bu vəhşətdən kiminsə xilas olması üçün heç bir imkan qoymamışdılar. 

Qırğınlar yalnız Bakı ilə də məhdudlaşmamış, qısa müddət ərzində Azərbaycanın digər bölgələrinə də yayılmışdır. Erməni daşnakları bolşeviklərlə birgə Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, Qarsda dinc azərbaycanlı əhaliyə qarşı kütləvi zorakılıqları davam etdirmişdilər.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda minlərlə insan qətlə yetirilmiş, kəndlər viran qoyulmuş, şəhərin mühüm dini və mədəni abidələri, o cümlədən Cümə məscidi dağıdılmışdı. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, hətta Bakı və Qubadakı qırğınlardan da əvvəl baş verdiyini təsdiqləyir. Belə ki, Şamaxı soyqırımının ilk mərhələsi martın əvvəllərindən 27 marta qədər davam etmiş, ikinci mərhələsi 30 martda, 3-cü mərhələsi 18 apreldə olmuşdu. Ekspertlərin arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olmuşdu.

Erməni daşnakları və bolşeviklər Quba qəzasında da yerli əhaliyə qarşı amansız qırğınlar törətmişlər. Qəzada 162 kəndi dağıtmış, bunlardan 27-sini əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişlər. 

Naxçıvan və Zəngəzur bölgələrində də oxşar faciələr yaşanmış, yüzlərlə kənd dağıdılmış, on minlərlə insan öldürülmüş və ya doğma yurdlarından didərgin düşmüşdür. Aprelin 29-da Gümrü yaxınlığında, əsasən, qadın, uşaq və yaşlılardan ibarət üç min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə qətlə yetirilmişdir. Erməni daşnakları eyni dövrdə Cavanşir və Cəbrayıl qəzalarında da onlarla kəndi yandırmış, əhalini məhv etmişlər. Həmin dövrdə törədilən qırğınlar İrəvan quberniyasında da geniş miqyas almışdır. Belə ki, bu bölgənin 199 kəndində yaşayan azərbaycanlılar məhv edilmiş, yaşayış məntəqələri tamamilə dağıdılaraq xəritədən silinmişdir. 

Soyrıqımı təkcə mart qətliamları ilə də bitməmişdi, erməni silahlı dəstələri sonradan Qarabağa doğru hərəkət edərək 1918-1920-ci illər ərzində Qarabağın dağlıq hissəsində 150-yə yaxın kəndi viran qoyub əhalisini məhv etmişdilər. 1920-ci ilin mayında isə erməni silahlı qüvvələri və XI Qızıl Ordu ilə birlikdə Gəncə şəhərində genişmiqyaslı qırğın törətmişdir. Nəticədə 12 mindən çox azərbaycanlı həyatını itirmişdir. Bu faktlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən Fövqəladə İstintaq Komissiyasının materiallarında da öz əksini tapmışdır. Bütün bu hadisələr 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarının necə sistemli xarakter daşıdığını və nə qədər geniş coğrafiyanı əhatə etdiyini göstərir.

Tarixin ibrət dərsi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Cümhuriyyətin Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmiş, komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdır. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin cümhuriyyətin süqutu bu işin başa çatmasına imkan verməmişdir. 

Yalnız Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə bu hadisələrə rəsmi siyasi-hüquqi qiymət verilmiş, Azərbaycan Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə erməni faşizminə qurban getmiş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" yaradılmışdır. Dövlətimizin başçısı 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, ölkədə və respublika hüdudlarından kənarda soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər həyata keçirilmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Zəfər nəticəsində bir neçə əsrlik problemin aradan qaldırılması, məkrli xarici güclərin regionun qarayarası kimi qondardıqları "daşnak layihəsi"nin birdəfəlik kəsilib atılması bütün şəhidlərimiz kimi 1918-ci ilin mart soyqırımı qurbanlarının da döyüş meydanında alınan qisası, onların narahat ruhlarının rahatlıq tapmasıdır.

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qırğınlar təkcə bir xalqın deyil, bütövlükdə bəşəriyyətin faciəsidir. Bu hadisələr milli yaddaşı qorumağın və gələcək nəsillərə düzgün məlumat ötürməyin vacibliyini göstərir. Bu mövzunun öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması həm tarixi ədalətin bərpası, həm də oxşar faciələrin təkrar baş verməməsi üçün mühüm əhəmiyyət daşıyır.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr