AZ

Hörmüz boğazında dənizçilər üçün “presedentsiz vəziyyət” yaranıb

Bakı, 1 aprel, AZƏRTAC

Yaxın Şərqdə davam edən müharibə fonunda Hörmüz boğazında təxminən 20 min dənizçi blokadada qalıb. Bu, İkinci Dünya müharibəsindən sonrakı dövr üçün “presedentsiz vəziyyət” hesab olunur.

AZƏRTAC xəbər verir ki, BMT-nin məlumatına görə, boğazda təxminən iki min gəmi ilişib qalıb. Onların arasında neft və qaz tankerləri, yük gəmiləri, eləcə də altı turist kruiz layneri var.

Müharibədən əvvəl boğazdan gündə təxminən 150 gəmi keçirdi, hazırda isə bu rəqəm beşdən çox deyil.

Münaqişə başlayandan bir ay ərzində boğazda gəmilərə qarşı 19 hücum qeydə alınıb. Bu barədə Londonda yerləşən BMT-nin Beynəlxalq Dəniz Təşkilatı məlumat yayıb. Hadisələr nəticəsində yeddi dənizçi həlak olub, səkkiz nəfər yaralanıb, beş nəfər isə itkin düşmüş hesab edilir. Çərşənbə axşamı Dubay sahilləri yaxınlığında tam yüklü neft tankeri ehtimal olunan pilotsuz uçuş aparatı ilə zərbəyə tuş gəlib.

Ötən həftə diplomatik səylərin artması fonunda hücumların sayı azalıb. Hazırda Beynəlxalq Dəniz Təşkilatı döyüş zonasındakı dənizçilərin evakuasiyası və təhlükəsizliyinin təmin olunması ilə məşğuldur.

“Müasir tarixdə bu qədər dənizçinin blokadada qalması presedent olmayıb”, – deyə təşkilatın dəniz təhlükəsizliyi departamentinin direktoru Damyen Şevalye bildirib. O əlavə edib: “Münaqişə tərəflərini hücumları dayandırmağa çağırırıq ki, dənizçilər təhlükəsiz ərazilərə təxliyə olunsun. Onlar artıq bir aydır aktiv döyüş zonasındadır. Bu, son dərəcə qorxulu vəziyyətdir və onların hansı psixoloji təzyiq altında olduğunu yalnız təsəvvür etmək olar”.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası isə bildirib ki, gəmilərdə qalan ekipajlardan minlərlə məktub alınıb. Dənizçilər məcbur olduqları şəraitdən şikayət edir və vətənə qayıtmaq üçün kömək istəyirlər.

Şevalye vurğulayıb ki, ən yaxşı həll gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunmasıdır. Lakin bu yalnız döyüş əməliyyatları dayandırıldıqdan sonra mümkün olacaq. Fars körfəzində qalan gəmilər Səudiyyə Ərəbistanı və Omandakı şirkətlər tərəfindən ərzaq, su və yanacaqla təmin olunur.

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır: dünya üzrə neft və qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçir. 1968-ci ildə Beynəlxalq Dəniz Təşkilatı boğazda gəmilərin təhlükəsiz hərəkəti üçün ikizolaqlı marşrut sistemi təsdiqləyib. Lakin bəzi gəmilər İran sahillərinə yaxın olan şimal marşrutunu seçir ki, bu da onların hərəkətinə yerli hakimiyyətin nəzarətini təmin edir.

“Əgər dənizçilər belə münaqişələr fonunda özlərini təhlükəsiz hiss etməsələr, sahəyə yeni mütəxəssislərin cəlb edilməsi çətin olacaq. Halbuki tələbat artır,” – deyə Şevalye əlavə edib. “Dənizçilər olmadan dünya ticarəti mövcud ola bilməz və bütün ölkələrin iqtisadiyyatı bu ticarətdən asılıdır”.

Seçilən
99
50
azertag.az

10Mənbələr