AZ

Test imtahanları tarixə qovuşur? — AÇIQLAMA

Azərbaycanda onilliklərdir tətbiq olunan test üsulunun effektivliyi və gələcək taleyi yenidən geniş müzakirə mövzusuna çevrilib. Təhsil mütəxəssisləri kütləvi və fasiləsiz testləşmənin tədris keyfiyyətinə mənfi təsir göstərdiyini, bu metodun yalnız epizodik tətbiqinin daha faydalı olduğunu vurğulayırlar. Mövcud imtahan sisteminin yaxın gələcəkdə köklü dəyişikliklərə məruz qalması ehtimalı gündəmdədir.

KONKRET.az xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib.

O deyib ki, hazırda təhsil sistemində imtahanların keçirilməsi zəruridir:

“Hər hansı bir müsabiqənin və ya prosesin nəticəsini müəyyən bir imtahandan yoxlamaq mümkündür. Lakin bütün tədris prosesini imtahanlara bağlamaq, imtahan xofu yaratmaq və imtahan yönümlülük formalaşdırmaq doğru yanaşma deyil. Bu, həm abituriyentlərdə, həm şagirdlərdə, həm də müəllimlərdə psixoloji təzyiq yaradır və təhsil mühitinə mənfi təsir göstərir. Azərbaycan təhsil sistemində ən böyük problemlərdən biri şagirdlərin və müəllimlərin imtahandan çəkinməsi, imtahan qorxusunun formalaşmasıdır. Hazırda həm imtahan yönümlülük, həm də imtahanın çətinləşdirilməsi prosesi mövcuddur. Bu vəziyyət ailələrdə də öz əksini tapır. Təxminən ailələrin yarısından çoxu 5-ci sinifdən etibarən uşaqlarını hazırlıq kurslarına və ya fərdi repetitor yanına göndərir. Repetitor fəaliyyəti qanunidir və bu, dünya təcrübəsində də geniş yayılmış praktika hesab olunur. Lakin problem, repetitorluğun yayğınlaşması ilə imtahandan qorxunun artırılmasıdır. Dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələrinə qəbul prosesi sadələşdirilib. Məsələn, Finlandiyada tələbələr orta məktəbdəki ümumi nəticələri və bitirmə göstəriciləri ilə universitetə qəbul olunur, xüsusi imtahan tələb olunmur. Almaniyada yalnız məktəb bitirmə imtahanının nəticəsi universitet qəbulunda əsas götürülür. ABŞ və Kanadada bəzi əyalətlərdə xüsusi qəbul imtahanı keçirilmir. Avropanın bir neçə ölkəsində də bu sistem rahat şəkildə tətbiq olunur”.

O qeyd edib ki, Azərbaycanda isə 5-6 fəndən universitetə qəbul üçün imtahan keçirilir:

“Bu imtahan 5-ci sinifdən 11-ci sinifə qədər bütün mövzuları əhatə edir. Şagird bu 6 siniflik proqramı bilmək məcburiyyətindədir ki, maksimal nəticə göstərsin. Bu vəziyyət uşaqların psixoloji və fiziki vəziyyətinə ciddi təsir edir. Bu yorğunluq və çətinlik uşaqların həyatına mənfi təsir göstərir. Bəzi uşaqlar isə musiqi və ya digər ixtisas sahələrində karyera qurmaq istəyir, amma imtahanda onlara riyaziyyatdan çətin suallar verilir. Bu, imtahan qorxusunun və test yönümlülüyünün yanlış bir anlayış olduğunu göstərir. İmtahan yönümlülüyü və testə fokuslanma məsələsinin tənzimlənməsi vacibdir. Müvafiq addımların atılması gənclərin psixoloji sağlamlığını qorumaq və təhsil prosesini səmərəli etmək baxımından mühüm əhəmiyyət kəsb edir”.

Seçilən
26
1
konkret.az

2Mənbələr