Reuters agentliyi İsfahanda baş verən gecə zərbələrinin dəqiq koordinatlarını müəyyən edərək hadisə yerini təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, Agentliyin ekspertləri ərazidəki binaların yerləşməsini, avtomobil dayanacağının planını, qüllələri, magistral yoldakı fənərləri və ağacların düzülüşünü peyk görüntüləri ilə müqayisə edərək kadrların həqiqiliyini sübuta yetiriblər. Arxa fondakı dağların relyefi də topoqrafik xəritəyə tam uyğun gəlib.
ABŞ mediasının yaydığı məlumata görə, hücum zamanı 900 kiloqramlıq bunker əleyhinə bombalardan istifadə olunub. Əsas hədəfin strateji əhəmiyyətli sursat anbarı olduğu bildirilir. Şahidlərin sözlərinə görə, zərbələr nəticəsində yaranan partlayış dalğası və alov sütunu kilometrlərlə uzaqdan görünüb.
Mütəxəssislər bunker əleyhinə bombaların tətbiqini hədəfin yerin dərində yerləşməsi və ya yüksək dərəcəli mühafizəyə malik olması ilə əlaqələndirirlər. Hazırda obyektə dəymiş ziyanın miqyası dəqiqləşdirilir, lakin peyk görüntüləri ərazidə ciddi dağıntıların olduğunu göstərir.
Sara
NOCOMMENT.az