İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə fəaliyyət göstərən dünyanın ən böyük 18 texnologiya şirkətini, o cümlədən Apple, Google, Microsoft, Nvidia və Tesla-nı “qanuni hərbi hədəf” elan edib. Tehran bu şirkətləri İsrailin raket zərbələrində süni intellekt texnologiyalarından hədəf təyini üçün istifadə etməkdə ittiham edir.
NOCOMMENT.az xəbər verir ki, SEPAH sözügedən şirkətlərin regiondakı əməkdaşlarına və ofislərinin 1 kilometr radiusunda yaşayan sakinlərə dərhal təxliyə olunmaları barədə xəbərdarlıq edib. Hücumların 1 aprel, çərşənbə günü saat 20:00-da başlayacağı elan olunub.
Korpusun yaydığı məlumata görə, artıq bəzi hədəflərə zərbələr endirilib. Bildirilir ki, İsrailin Ben-Qurion və Hayfa şəhərlərində yerləşən AT&T və Siemens şirkətlərinin obyektləri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə atəşə tutulub. Hazırda beynəlxalq texnologiya nəhəngləri və bölgədəki ABŞ müttəfiqləri təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndiriblər. Ekspertlər bu addımı qlobal kiber və fiziki infrastrukturun birbaşa hərbi qarşıdurma zonasına çevrilməsi kimi qiymətləndirirlər.
Sara
NOCOMMENT.az