İntensiv yağışlardan sonra Abşeron rayonunun Qobu qəsəbəsində torpaq qatı yuyulub, 2 ev uçub, 1 evə isə ciddi ziyan dəyib.
Xezerxeber.az-ın məlumatına görə, gecə saatlarında baş verən təbii fəlakət nəticəsində bir-birinə bitişik 6 fərdi yaşayış evindən 2-si tamamilə dağılıb, daha bir ev isə ciddi zərər görərək yaşayış üçün yararsız hala düşüb.
Hadisə sakinlərin evdə olduğu vaxt baş verdiyindən vəziyyət daha da təhlükəli olub. Sel suları yaxınlıqdakı evlərin divarlarını uçurub, ərazi demək olar ki, dağıntı zonasına çevrilib. Xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, hadisədən zərər çəkən ailələr artıq müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunublar. Onların aylıq kirayə xərcləri də qarşılanır.
Qeyd olunub ki, dağılan və zərər görən evlərin bərpası Qobu bələdiyyəsi tərəfindən həyata keçiriləcək. Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və bərpa işlərinə hazırlıq istiqamətində tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.