AZ

SEPAH ABŞ şirkətlərini hədəf alacaq

İranın elit hərbi qurumu regiondakı Intel, Microsoft və digər iri texnologiya şirkətlərinin obyektlərinə zərbə endirilə biləcəyini bəyan edib...

Poliqon xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin aparıcı texnologiya şirkətlərinə qarşı ciddi xəbərdarlıqla çıxış edib. Qurum regionda yerləşən Intel, Microsoft və digər iri şirkətlərin obyektlərinə zərbələr endirilə biləcəyini bəyan edib. Bu addımın səbəbi kimi “İrana qarşı davam edən aqressiya” göstərilir.

SEPAH-ın yaydığı bəyanatda qeyd olunur ki, terror aktlarının planlaşdırılması və hədəflərin izlənməsi prosesində ABŞ-yə məxsus informasiya-kommunikasiya texnologiyaları və süni intellekt şirkətləri əsas rol oynayır. Bu səbəbdən, belə fəaliyyətlərdə iştirak edən bütün əsas qurumların bundan sonra “qanuni hədəf” kimi qəbul ediləcəyi vurğulanıb.

Qurum tərəfindən açıqlanan siyahıya Cisco, HP, Oracle, Apple, Google, Meta, IBM, Nvidia, JPMorgan, Tesla, General Electric və Boeing kimi iri korporasiyalar da daxildir.

Bəyanatda bildirilir ki, əgər İrana qarşı hərbi və ya digər formada təzyiqlər davam edərsə, qeyd olunan obyektlərə zərbələr 1 aprel tarixindən etibarən, yerli vaxtla saat 20:00-dan başlayaraq həyata keçirilə bilər. Bununla yanaşı, SEPAH regionda fəaliyyət göstərən bu şirkətlərin əməkdaşlarına müraciət edərək, həmin tarix və vaxta qədər ofisləri və istehsal sahələrini tərk etməyə çağırıb.

Ekspertlər hesab edir ki, bu cür açıqlamalar regionda gərginliyin daha da artmasına səbəb ola bilər və xüsusilə texnologiya infrastrukturlarının təhlükəsizliyi məsələsini ön plana çıxarır. Eyni zamanda, belə təhdidlər beynəlxalq biznes mühitinə və qlobal texnologiya sektorunun fəaliyyətinə də ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr