Bakı, 31 mart, AZƏRTAC
Trans-Xəzər nəqliyyat dəhlizinin qlobal əhəmiyyəti durmadan artır və bu marşrut artıq beynəlxalq logistika sistemində strateji mövqeyini daha da möhkəmləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, son dövrlərdə müşahidə olunan tendensiyalar göstərir ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) artıq yalnız Asiya ilə Avropa arasında yük daşımalarını təmin edən alternativ xətt deyil, daha geniş coğrafiyanı əhatə edən qlobal logistika dəhlizinə çevrilməkdədir.
“Əvvəllər bu marşrut əsasən Asiya–Avropa istiqamətində istifadə olunurdusa, artıq yeni mərhələdə yüklərin Asiyadan Amerika bazarına çatdırılmasında da bu dəhlizin imkanları praktik şəkildə sınaqdan keçirilir. Bu baxımdan Qazaxıstanın Trans-Xəzər marşrutu vasitəsilə ABŞ bazarına çıxaraq un ixracını artırması Orta Dəhlizin real qlobal ticarət alternativi kimi formalaşdığını göstərən mühüm nümunədir. Mart ayında Kostanay şəhərindən Nyu-York istiqamətində multimodal konteyner formatında 24 ton buğda ununun göndərilməsi bu marşrutun artıq transkontinental tədarük zəncirində istifadə olunduğunu açıq şəkildə sübut edir. Bu daşınma bir neçə mühüm strateji məqamı ortaya qoyur. Birincisi, Orta Dəhlizin praktikliyi artıq nəzəri deyil, real logistika əməliyyatları ilə sübut olunur və bu marşrut ölçülə bilən, etibarlı nəqliyyat həllinə çevrilir. İkincisi, multimodal logistikanın – dəmir yolu, dəniz və yenidən dəniz daşımalarının inteqrasiyası – uzaq məsafələrdə fasiləsiz və çevik tədarük zənciri qurmağa imkan verir. Üçüncüsü, ixrac coğrafiyasının genişlənməsi xüsusilə quruya çıxışı olmayan ölkələr üçün yeni imkanlar yaradır və onların məhsullarının qlobal rəqabət qabiliyyətini artırır”, - deyə o vurğulayıb.
R.Ağamirzəyev əlavə edib ki, bu prosesdə Azərbaycanın rolu xüsusilə önəmlidir: “Bakı Limanı və ümumilikdə ölkəmizin nəqliyyat infrastrukturu Orta Dəhlizdə əsas logistika qovşağı kimi mövqeyini daha da gücləndirir. Azərbaycan bu marşrutda yalnız tranzit ölkə deyil, həm də qlobal tədarük zəncirinin mühüm bağlantı nöqtəsinə çevrilir. Qlobal ticarət sistemində baş verən geosiyasi dəyişikliklər, ənənəvi marşrutlarda yaranan risklər və tədarük zəncirlərinin şaxələndirilməsi ehtiyacı Trans-Xəzər dəhlizinə marağı daha da artırır. Bu gün Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarətin əsas arteriyalarından birinə çevrilməkdədir. Gələcək illərdə bu marşrut üzrə daşımaların həcminin artacağı və onun Asiya–Avropa ilə yanaşı Asiya–Amerika ticarətində də mühüm rol oynayacağı gözlənilir”.
R.Ağamirzəyev vurğulayıb ki, düzgün koordinasiya, infrastrukturun inkişafı və region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi sayəsində Trans-Xəzər nəqliyyat dəhlizi yaxın perspektivdə daha geniş coğrafiyanı əhatə edən strateji marşruta çevriləcək və qlobal iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Müxbir-Vüqar Qurbnaoğlu