AZ

Akademik İsmayıl Hacıyev: 31 Mart hadisələri xalqımızın tarixində ən ağrılı səhifələrdən biridir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 31 mart, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans təşkil olunub.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 31 Mart hadisələrinin Azərbaycan xalqının tarixində ən faciəli və ağrılı səhifələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, 1918-ci ilin mart hadisələri zamanı xalqımıza qarşı məqsədyönlü şəkildə kütləvi qırğınlar törədilib, yaşayış məntəqələri dağıdılıb, kəndlər yandırılıb, minlərlə günahsız insan amansızcasına qətlə yetirilib.

Akademik İsmayıl Hacıyev bildirib ki, bu hadisələr zamanı həm də xalqımızın tarixi-mədəni irsinə ağır zərbə vurulub.

Bölmə sədri vurğulayıb ki, bu gün Azərbaycan dövləti öz gücü və qətiyyəti ilə tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atır. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu nailiyyətin xalqımızın milli birliyinin və siyasi iradəsinin təntənəsi olduğunu qeyd edən akademik, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurların Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirdiyini diqqətə çatdırıb.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Səfər Əliyev “Azərbaycan tarixində 1918-ci il faciələri: Daşnaksütyun və bolşevik qüvvələrinin fəaliyyətinin analizi” mövzusunda məruzə edib. Məruzədə 1918-ci il hadisələrinin mahiyyəti və həmin dövrdə törədilən qırğınların ağır nəticələri geniş şəkildə təhlil olunub. Xüsusilə qeyd edilib ki, soyqırımı nəticəsində yalnız insan itkisi deyil, həm də milli mətbuat və ümumilikdə mədəniyyət sahəsi ciddi zərər görüb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Nurlana Əliyeva “Mart soyqırımı və tarixi yaddaş siyasəti” mövzusunda məruzə edib. Bildirib ki, 1918-ci ilin mart hadisələri xalqımızın yaddaşında dərin iz buraxıb. Məruzəçi, həmçinin 1905–1907-ci illərdə baş verən kütləvi qırğınlara da toxunub. O vurğulayıb ki, bu hadisələrin təbliği milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Konfransda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixi əhəmiyyətindən bəhs edilib, bu faciələrin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
azertag.az

2Mənbələr