AZ

Neftçalada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar  Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbində  “Mart qırğınları xalqımızın qan yaddaşıdır” adlı məlumatlandırma tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə üzvləri, ziyalılar, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl Bankə qəsəbəsi ərazisində yerləşən Seyidlər qəbirstanlığında 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək dualar oxunub.
Daha sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə hazırlanmış 31 Mart soyqırımına həsr olunan rəsm və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.

Tədbir zamanı ilk olaraq Ümummilli Lider Heydər Əliyevin, soyqırım qurbanlarının və  Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər- tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil işçisi Rövşən Həsənov, Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Gülxanım Abdulhüseynova 1918-ci ilin mart hadisələrinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq bildiriblər ki, həmin dövrdə minlərlə günahsız insan amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, xalqımızın tarixi-mədəni irsinə ciddi ziyan vurulub. Neftçala rayonu da bu faciələrdən ciddi zərər çəkmiş ərazilərdən biri olub. Qeyd olunub ki, bu qanlı hadisələr uzun illər ərzində lazımi siyasi-hüquqi qiymətini almasa da, müstəqillik dövründə tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atılıb.

Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilməsi bu faciələrə dövlət səviyyəsində verilmiş ilk siyasi qiymət baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, bu uzaqgörən siyasət nəticəsində xalqımızın başına gətirilən müsibətlərin araşdırılması, arxiv materiallarının üzə çıxarılması və həqiqətlərin dünya ictimaiyyətinə təqdim olunması istiqamətində sistemli iş aparılmağa başlanıb. Çıxışlarda eyni zamanda qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində ölkəmizin tarixi həqiqətləri beynəlxalq platformalarda daha geniş şəkildə təbliğ olunur və soyqırım faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri  böyükdür. 

Tədbir çərçivəsində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı tarixi faktları və hadisələri əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara həmin dövrün acı nəticələri barədə ətraflı məlumatlar təqdim olunub.

Seçilən
23
unikal.az

1Mənbələr