AZ

Bakı regiona həyatı qaytarır 25 milyardlıq addımın nəticələri

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İşğaldan azad edilmiş Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində regiona həyat qayıdır. Sözügedən ərazilərdə infrastrukturun yenidən qurulması, məişət şəraitinin yaxşılaşdırılması və əhalinin rifahının təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Bu proses Qarabağın sosial-iqtisadi canlılığının bərpasına zəmin yaradır.

Globalinfo.az-a danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Azər Badamov deyib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, o cümlədən keçmiş məcburi köçkünlərin layiqli və rahat həyat şəraiti ilə öz doğma yurdlarına qaytarılması dövlət siyasətinin prioritetidir:

“Ermənistan torpaqlarımızı işğal altında saxladığı 30 ildə 300-dən çox yaşayış məntəqəsini və bütün sosial infrastrukturu dağıdıb məhv etdi. Amma müharibənin başa çatdığını elan etdiyimiz ilk gündən yenidənqurma və bərpa işlərinə başladıq. Bu gün Prezidentimizin Sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramı qəbul olunaraq uğurla icra olunur”.

A.Badamov bildirib ki, son 6 ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb:

“Bu gün həmin ərazilərdə sosial infrastrukturların yenidən qurulması və bərpası demək olar ki, başa çatmaq üzrədir. Belə ki, 2 min kilometrdən çox avtomobil yolları, dəmir yolları, elektrik və rabitə xətləri, həmçinin üç beynəlxalq hava limanının tikintisi tamamlanıb. Bu gün işğaldan azad olunmuş ərazilərdə bütün istiqamətlərə rahat hərəkət mümkündür. Bundan əlavə, minalardan təmizləmə və təhlükəsiz hərəkətin təşkili istiqamətində böyük işlər görülüb. 30-dan çox kiçik su elektrik stansiyası yenidən qurularaq istifadəyə verilib”.

Azər Badamov

Deputat əlavə edib ki, həmçinin yenidən qurulan yaşayış məntəqələrdə məktəblər, uşaq bağçaları, ASAN xidmətləri, rəqəmsal və ağıllı idarəetmə sistemləri yaradılır:

“Bu gün artıq Şuşa, Füzuli, Zəngilan, Ağdam, Xankəndi, Xocalı daxil olmaqla 41-dən çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərlə birlikdə 85 mindən çox insan yaşayır. Xankəndində fəaliyyət göstərən Qarabağ Universiteti 5 mindən çox tələbəyə təhsil verərək işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli üçün tədbirlər görülür. Belə ki, Ağdam və Araz Vadisi Sənaye Parkları, Zəngilanda istifadəyə verilmiş Dostluq Aqroparkı, öz doğma yurdlarına qayıtmış sakinlər üçün iş yerləri yaradır.

Yenidən qurulmuş kəndlərdə məskunlaşan sakinlər üçün həmin yaşayış məntəqələrinin inzibati ərazilərində torpaqlar güzəştli şərtlərlə icarəyə verilir və kəndlilərə torpaqda işləmək üçün şərait yaradılır. Bu gün deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərə qayıtmış işəqadir şəxslərin 90 faizi üçün iş yerləri yaradılıb. Yəni dövlətimiz uzun illər məcburi köçkün yaşamış vətəndaşların layiqli həyatla təmin olunması üçün bütün imkanları səfərbər edib və işlər yüksək keyfiyyətlə icra olunur”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
globalinfo.az

1Mənbələr