AZ

Çinin rəsmi Sinxua agentliyi Gəncə şəhəri barədə oçerk dərc edib

Bakı, 31 mart, AZƏRTAC

Çinin rəsmi Sinxua agentliyi Gəncə şəhəri barədə oçerk dərc edib. AZƏRTAC xəbər verir ki, jurnalistlər Liu Şuçenin müəllifi olduğu “Qədim mənbələrdən yeni marşrutlara - Çin Azərbaycanın ikinci ən böyük şəhəri ilə əlaqələrini necə gücləndirir” sərlövhəli materialda qeyd olunur: “Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yol kənarındakı çayxanada çay süfrəsi ətrafındakı rahat söhbətlərindən fasilə verən yerli sakinlər Sinxua müxbirlərini səmimi təbəssümlərlə qarşılayırlar. Gəncə paytaxt Bakıdan 300 kilometr qərbdə yerləşir. Şəhər böyük bir adın kölgəsində yaşayır: XII əsrdə burada şair Nizami Gəncəvi anadan olub. Bir çox sakin üçün Çinlə ilk tanışlıq xəbərlərlə deyil, səkkiz əsrdən çoxdur ki, şəhərin tarixi yaddaşına həkk olunmuş Nizaminin poetik obrazları ilə başlayır”.

Şairin məqbərəsinin yaxınlığında Sinxua müxbiri şagirdləri ilə birlikdə orada ekskursiyada olan ibtidai sinif müəllimi Zinyət xanımla söhbət edib. O deyib: “Uşaqlarımız Nizaminin şeirlərini dördüncü sinifdən öyrənməyə başlayırlar”.

Yerli bələdçi Almaz xanım müxbirlə söhbətində qeyd edib ki, Nizami Gəncəvi məqbərəsi təkcə azərbaycanlıları deyil, həm də xarici qonaqları cəlb edir. O, 2012-ci ildə Pekində Nizaminin abidəsinin qoyulduğunu və Çinli məktəblilərin şairin şeirlərini Çin dilində oxuduğunu öyrənəndə sevincini gizlədə bilməyib.

Oçerkdə bildirilir ki, XII və XIII əsrlərdə Gəncə qədim İpək Yolunun əsas mərkəzi olub. Tarixçilər Nizaminin əsərlərində yer alan Çin şahzadəsinin obrazının karvanların gətirdiyi Şərq nağıllarından ilhamlandığına inanırlar.

Materialda daha sonra qeyd olunub: “Bu gün şəhər yenidən “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olaraq Çin və Azərbaycan arasında əməkdaşlıq üçün əhəmiyyətli bir mərkəzə çevrilir. Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dəmir yolu xətti də oradan keçir. Orta Dəhlizin ardınca müasir Çin avtomobil sənayesi də Gəncəyə gəlib. “Yutong Bus Co., Ltd”nin avtobusları şəhərin ictimai nəqliyyat sisteminin əsasını təşkil edir, onlar şəhər parkının təxminən 84 faizini təşkil edir və təxminən 20 xəttə xidmət göstərir. 2025-ci ilin sentyabr ayında şəhərə 235 yeni EURO-6 avtobusu gətirilib”.

“Bu nəqliyyat vasitələri Ələt limanından Gəncəyə bərə ilə çatdırılıb”, -deyə şirkətin Azərbaycandakı meneceri Han Ventao bildirib. O, əlavə edib ki, hazırda Gəncədə 280 ədəd “Yutong” avtobusu fəaliyyət göstərir və şirkət Azərbaycan bazarındakı iştirakını daha da genişləndirməyi planlaşdırır.

Sinxua AZƏRTAC-ın müxbirinə istinadla yazıb ki, Çinin Gəncədəki iştirakı artıq nəqliyyatla məhdudlaşmır. 2026-cı ilin yanvar ayında açılan Qərb Sənaye Parkı bir neçə Çin şirkətinin marağını cəlb edib.

Oçerkin sonunda qeyd edilir: “Əməkdaşlığın dinamikası xidmət sektoruna və kənd təsərrüfatına da şamil olunur: aprelin əvvəlinə qədər şəhərdə ənənəvi Çin təbabəti klinikası və MINISO mağazasının açılması planlaşdırılır və Azərbaycan Dövlət Aqrar Universiteti 2027-ci ilə qədər Çinin göbələk becərilməsi texnologiyasını tətbiq etmək niyyətindədir.

Seçilən
47
42
azertag.az

10Mənbələr