AZ

Yağışın insanlara vurduğu ziyanı kim ödəyəcək? AÇIQLAMA

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Bakı və Abşeron yarımadasında yağan intensiv yağışlar yüzlərlə vətəndaşın həyatını iflic edib.

Bakupost.az xəbər verir ki, evlər, həyətlər, zirzəmilər və avtomobillər su altında qalıb, bir çox küçə və qəsəbələrdə hərəkət demək olar ki, mümkünsüz vəziyyətə düşüb.

Yağıntılar təkcə sakinləri deyil, sahibkarları da ciddi ziyana salıb. Su altında qalan məhsullar yararsız hala düşüb, bəzi sahibkarlar isə mallarını dəyərindən aşağı qiymətə satmağa məcbur qalıblar. Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzinin bir hissəsinin su altında qalması, Sumqayıtda “Merinos Halı” mağazasının su basması nəticəsində satış zalındakı məhsulların yararsız hala düşməsi, eləcə də Taxta bazarında ciddi maddi zərərin yaranması ilə bağlı çoxsaylı görüntülər yayılıb. Oxşar hallar ölkənin digər bölgələrində də qeydə alınıb.

Bütün bunların fonunda əsas sual açıq qalır: dəymiş zərəri kim ödəyəcək və bu proses necə aparılmalıdır?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən hüquqşünas Babək Umudov bildirir ki, baş verənlər həm fövqəladə təbiət hadisəsi, həm də infrastruktur problemlərinin nəticəsi kimi qiymətləndirilə bilər:

“Rəsmilər çıxışlarında yağıntının normadan dəfələrlə artıq olduğunu, mövcud kanalizasiya sistemlərinin bu həcmdə su üçün nəzərdə tutulmadığını deyərək məsuliyyətdən yayınmağa çalışırlar. Belə olan halda vətəndaş və sahibkarların zərəri dövlətdən tələb etməsi üçün sistemin nasaz olduğunu sübut etməsi lazımdır. Bu isə praktik olaraq çox çətin, hətta bəzən qeyri-mümkündür”.

Hüquqşünasın sözlərinə görə, problem təkcə kanalizasiya ilə bağlı deyil:

“Subasmaların səbəbi yalnız suötürücü sistemlərin zəifliyi deyil. Yol infrastrukturunun düzgün qurulmaması da bu vəziyyətə gətirib çıxara bilər. Lakin istənilən halda dövlət qurumları məsuliyyəti üzərinə götürməkdən yayınır və sübut yükü vətəndaşın üzərinə düşür”.

Babək Umudov hesab edir ki, real çıxış yolu sığorta mexanizmlərindən keçir:

“Vətəndaş və sahibkarların yeganə praktik ümid yeri icbari və ya könüllü sığortalardır – əlbəttə ki, vaxtında sığorta olunublarsa. Qanunvericiliyə görə, daşınmaz əmlakların icbari sığortası tələb olunur. Bundan əlavə, ticarət obyektləri üçün mülki məsuliyyətin icbari sığortası da nəzərdə tutulur. Bu sənədlər vasitəsilə dəymiş zərərin kompensasiyasını tələb etmək mümkündür”.

Lalə,BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
www.bakupost.az

1Mənbələr