AZ

Yağışlara görə bahalaşma ola BİLƏR

“Son günlər müşahidə olunan intensiv yağıntılar regionlarda müəyyən fəsadlar yaradıb və bu vəziyyət kənd təsərrüfatına da təsirsiz ötüşmür”.

KONKRET.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, torpağın həddindən artıq islanması, sel və su basmaları əkin sahələrinə ciddi ziyan vurur:

“Belə hallarda bitkilərin kök sistemi zədələnir, məhsuldarlıq aşağı düşür, bəzi sahələr isə tamamilə yararsız vəziyyətə düşə bilir”.

İqtisadçı qeyd edib ki, xüsusilə açıq sahədə becərilən məhsullar bu cür hava şəraitinə daha həssasdır. Ən çox zərər çəkən sahələr sırasında tərəvəzçilik, taxılçılıq və meyvəçilik yer alır:

“Pomidor, xiyar kimi tərəvəzlər artıq sudan tez zədələnir. Taxıl sahələrində isə bitkilərin yerə sərilməsi, yəni yatma halları baş verir. Meyvə ağaclarında çiçəklər tökülə və xəstəliklər arta bilər”.

A.Nəsirli əlavə edib ki, güclü yağışlar heyvandarlığa da dolayı təsir göstərir:

“Otlaq sahələrinin palçığa çevrilməsi yem bazasını zəiflədir və bu da heyvandarlıqda məhsuldarlığın azalmasına səbəb olur”.

Qiymət artımı məsələsinə toxunan iqtisadçı bildirib ki, bahalaşma əsasən zərərin miqyasından asılı olacaq:

“Əgər zərər genişmiqyaslı olarsa və məhsul itkisi çox olarsa, bazarda təklif azalacaq və bu da qiymət artımına gətirib çıxara bilər. Xüsusilə tez xarab olan məhsullarda bu daha tez hiss olunur”.

Onun sözlərinə görə, zərər lokal xarakter daşıdığı halda və idxal imkanları aktiv olduqda qiymət artımı ya zəif, ya da qısamüddətli olur:

“Ümumilikdə, belə hava şəraiti kənd təsərrüfatı üçün risklidir və təsirin miqyası yağıntının gücü və davametmə müddətindən birbaşa asılıdır”.

Seçilən
11
3
konkret.az

4Mənbələr