AZ

Qaz çıxarışsız evlərə gəlir? - Həmin qayda ilə bağlı AÇIQLAMA

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, xüsusilə mülkiyyət hüququnu təsdiq edən “kupça”nın alınması uzun illərdir vətəndaşların ən ağrılı problemlərindən biri olaraq qalır. Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə sənədsiz evlərin sayı təxminən 500 minə çatır. Bu gün Azərbaycanda on minlərlə mənzil, fərdi ev və obyekt faktiki istifadə olunsa da, hüquqi baxımdan mövcud sayılmır. Yəni həmin əmlaklar dövlətin rəsmi bazasında qeydiyyata alınmayıb.

"Kupça"sı olmayan fərdi yaşayış evlərinə kommunal xidmətlərin -qaz, işıq və su xətlərinin çəkilməsində hazırda ciddi çətinliklər yaranır. Xüsusilə son illərdə tikilmiş evlərin sahibləri sənəd çatışmazlığı səbəbindən bu xidmətlərdən yararlana bilmədiklərini bildirirlər. Məlumdur ki, 1 oktyabr 2023-cü il tarixindən etibarən paytaxt və ətraf ərazilərdə sənədsiz fərdi yaşayış evlərinin qaz təchizatı şəbəkəsinə qoşulması dayandırılıb. Bu qərar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə əlaqədardır.

Bununla belə, son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif platformalarda bələdiyyə sənədi və etibarnamə əsasında sənədsiz evlərə qaz çəkilməsi ilə bağlı elanlar yayılır. Bu cür məlumatlar bəzi vətəndaşlarda ümid yaratsa da, onların nə dərəcədə real və qanuni olduğu sual altındadır. Xüsusilə sənədsiz evlərdə yaşayan insanlar qaz probleminin həlli ümidi ilə bu elanlara maraq göstərirlər.


“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Musavat.com-a açıqlamasında bildirib ki, birlik qazlaşdırma xidmətini ona təqdim olunan qaydalara əsasən həyata keçirir: “Sənədsiz evlərin qazlaşdırılması ilə bağlı birliyə heç bir qayda təqdim edilməyib. Birlik hazırda bununla bağlı hansısa fəaliyyət həyata keçirmir”.

Millət vəkili Razi Nurullayev bildirir ki, hazırda ölkənin bir çox kənd və qəsəbələrində insanlar evlərinə sənəd ala bilmədikləri üçün qaz və işıq çəkdirə bilmir. Söhbət qeyri-qanuni tikililərdən getmir. Söhbət illərdir yaşayış olan, ailələrin məskunlaşdığı evlərdən gedir.

“Ən acınacaqlısı isə odur ki, çox vaxt qaz borusu həmin evlərin düz önündən keçir. Texniki imkan var, qaz var, amma vətəndaşa deyilir ki, çıxarış, evin qeydiyyat sənədini gətir. Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün kupça almaq həm baha, həm də olduqca mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir. Nəticədə vətəndaşlar bu prosesdən imtina edir və deyir ki, evimdə donaram, amma bu sənədləşmə əzabını bir daha yaşamayacam. Bu, artıq təkcə sosial məsələ deyil. Bu, insan ləyaqətinə toxunan bir problemdir. Kənd yerlərində yaşayan, illərdir evində məskunlaşan, lakin bu imtiyazlı kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailə var ki, mövcud mexanizmlərdən kənarda qalır. Bu insanlar nə sənədləşməni tamamlaya bilir, nə də kommunal xidmətlərə çıxış əldə edir".

Qeyd edək ki, Prezident İlham Əliyev bu məsələyə dəfələrlə toxunaraq müvafiq fərman və sərəncamlar imzalasa da, onların praktik nəticələri hələ də gözlənilən səviyyədə deyil.

Musavat.com-un məlumatına görə, Prezidentin 19 fevral 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsi və daşınmaz əmlak bazarının inkişafına dair əlavə tədbirlər haqqında” Fərmanda daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi və sürətləndirilməsi tapşırılıb.

Bundan əvvəl, 2009-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklər bu sahənin tənzimlənməsini hədəfləmişdi. 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə torpaq sahələrinin sənədləşdirilməsi proseduru sadələşdirildi. Eyni zamanda, 2014-cü ildə imzalanmış “Elektron xidmətlərin təşkili haqqında” Fərman daşınmaz əmlakın elektron qeydiyyatını nəzərdə tuturdu.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
0
3
musavat.com

4Mənbələr