1918-ci ilin martında Bakı və Azərbaycanın müxtəlif bölgələrində baş verən hadisələr tariximizin ən faciəli və qanlı səhifələrindən biri kimi yadda qalıb. 31 Mart soyqırımı zamanı minlərlə günahsız insan milli və dini mənsubiyyətinə görə amansız şəkildə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəni və tarixi irsimizə ağır zərbə vurulub.
Bu hadisələr təkcə bir xalqın faciəsi deyil, eyni zamanda insanlığa qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, bu qətliamların siyasi, tarixi və ideoloji mahiyyəti hələ də geniş müzakirə olunur. Tarixçilər bu hadisələrin səbəblərini, iştirakçı qüvvələri və nəticələrini araşdıraraq, həqiqətlərin üzə çıxarılmasına çalışırlar.
Bu səbəblə də KONKRET.az tarixçi Günel Aslanlı ilə müsahibəni təqdim edir:

— 1918-ci ilin mart hadisələrinin baş verməsində əsas siyasi və geosiyasi səbəblər nələr idi?
— 31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırımdır.
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Tarixi Azərbaycan torpaqları parçalandıqdan sonra Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti də başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
31 mart 1918-ci il hadisələri Azərbaycan tarixində təkcə faciəvi bir epizod deyil, həm də XX əsrin əvvəllərində regionda baş verən mürəkkəb siyasi proseslərin qanlı nəticəsi kimi qiymətləndirilməlidir. Tarixçi baxışından yanaşdıqda, bu hadisələr təsadüfi qarşıdurma deyil, müəyyən siyasi və ideoloji məqsədlərə xidmət edən planlı zorakılıq aktları kimi xarakterizə olunur.
— 31 Mart soyqırımı ilə bağlı arxiv materiallarının açılması tarixşünaslığa nə kimi yeni faktlar qazandırıb?
— 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı və digər bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı Bakı Soveti və onun silahlı dəstələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində genişmiqyaslı qırğınlar törədildi. Arxiv sənədləri, sonrakı tədqiqatlar və dövrün şahid ifadələri göstərir ki, bu hadisələr zamanı minlərlə dinc insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, məscidlər və digər mədəni irs nümunələri məhv edilmişdir.
Quba və Şamaxı bölgələrində baş verən hadisələr öz miqyasına və qəddarlığına görə xüsusi seçilir. Elə məhz Quba qəzasında aşkarlanmış kütləvi məzarlıqlar həmin dövrdə törədilən qırğınların real miqyasını təsdiqləyən mühüm tarixi sübutdur. Bu faktlar hadisələrin yalnız lokal deyil, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir.
Tarixi kontekstdə yanaşdıqda bu faciə Cənubi Qafqazda hakimiyyət uğrunda gedən mübarizənin, milli ziddiyyətlərin və geosiyasi maraqların toqquşması kimi dəyərləndirilməlidir. Dinc əhaliyə qarşı həyata keçirilmiş zorakılıq aktları insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
Müasir dövrdə 31 mart hadisələrinin öyrənilməsi yalnız tarixi həqiqətlərin üzə çıxarılması baxımından deyil, həm də kollektiv yaddaşın qorunması və gələcək nəsillərin tarixi ədalət anlayışı ilə yetişdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu faciənin xatırlanması və elmi əsaslarla tədqiqi tarixşünaslığın mühüm vəzifələrindən biri olaraq qalır.
Söhbətləşdi: Dəniz Pənahova