AZ

Montella mətbuat konfransında nələr dedi? - ''Bu oyunçular 24 ildi, DÇ-yə vəsiqə qazanılmamasında günahkar deyil''

Kosovonun baş məşqçisi Franko Fodanın ardından mətbuat konfransına Türkiyənin çalışdırıcısı Vinçentso Montella çıxdı. Xatırladaq ki, martın 31-də Priştinada baş tutacaq Kosovo - Türkiyə matçının qalibi DÇ-2026-ya vəsiqə qazanacaq. İtaliyalı mütəxəssis ''ay-ulduzlular''ın başında gördüyü mühüm işlərdən və qarşıdakı oyundan danışaraq bunları dedi: ''Burda çalışdığım 2,5 ilin yekunları barədə qısaca danışmaq istərdim. Hər şeyə bu futbolçular sayəsində nail olmuşuq. Həqiqi qəhrəmanlar onlardı. Böyük futbolçu olmaqdan savayı həm də böyük insanlardı. Çox çətin bir dönəmdə bu vəzifəyə gəldim. İlk oyundaca AÇ-nin seçmə mərhələsində heç vaxt evdə uduzmayan Xorvatiyanı səfərdə yendik. O gündən etibarən oyunçular meydanda ürəklərini qoymağa başladılar. Oynayan da, oynamayan da bir-birinə dəstək verdi və savaşan bir kollektivə çevrildik. Onlar formalarının arxasında öz adlarının yox, böyük millətin adının yazıldığını fərq etdilər. Bu ölkə ilk gündən mənə öz insanı kimi davrandı. Hər zaman arxamda federasiyanın dəstəyini hiss etdim. Rəsmi oyunlarda Türkiyə yığması tarixində orta hesabla ən yüksək xal toplayan məşqçiyəmsə, bu, mənə verilən dəstək sayəsində mümkün olub. Bütün dünyada hörmət edilən bir komandaya çevrildik. Millətlər Liqasında yüksəldik. FİFA-nın reytinqində yüksəldik. İndi də uzun müddətdi, arzusunda olduğumuz dünya çempionatına vəsiqə üçün əlimizdən gələni edəcəyik. Kosovo ilə oyunun nəticəsindən asılı olmayaraq oyunçularıma qarşı düşüncələrim qətiyyən dəyişməyəcək. Onları heç nəyə dəyişmərəm! Kosovo tam layiqli şəkildə bu oyuna vəsiqə qazanıb. Taktiki cəhətdən nə etmək istədikləri aşkar görünür. Konkret bir oyun şablonları var və bunu görmək mümkündü. Biz də finala ən yaxşı şəkildə hazırlaşacağıq və nə etmək istədiyimizi bilirik. Təzyiqi hər birimiz hiss edirik. Çünki bu, final oyunudu. Bu komanda 24 ildi, dünya çempionatında iştirak etmir. Sonuncu iştirak zamanı indi heyətdə olan bir çox futbolçu heç doğulmamışdı. 24 il mundiala vəsiqə qazanmamışıqsa, bunda indiki futbolçuların günahı yoxdu! Bu dəfə artıq vəsiqə qazanmaq istəyirik. Ölkəmiz üçün ən yaxşısını edəcəyik. Kosovonun güclü tərəflərini bilirik. Bunun üzərində çalışmışıq. Amma öz üstünlüklərimizi ön plana çıxarmalıyıq''.

Seçilən
32
44
football-plus.az

10Mənbələr