AZ

Unudulmayan faciə ŞƏRH

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan xalqının tarixində silinməz iz qoymuş ən ağır faciələrdən biri 31 Mart Soyqırımıdır. 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar milli tariximizin ən qanlı səhifələrindən biri kimi yadda qalmışdır. Bu faciə təkcə Bakı ilə məhdudlaşmamış, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələri də əhatə etmişdir.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. Rəsmi mənbələrə əsasən, həmin qanlı hadisələr nəticəsində 12 minə yaxın günahsız azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

1918-ci ilin mart hadisələri zamanı dinc əhali xüsusi qəddarlıqla hədəfə alınmış, qadınlar, uşaqlar və qocalar amansızlıqla öldürülmüşdür. Yaşayış məntəqələri yandırılmış, evlər talan edilmiş, xalqımızın dini və mədəni irsinə aid çoxsaylı abidələr, məscidlər və tarixi tikililər dağıdılmışdır. Xüsusilə Şamaxı və Quba bölgələrində törədilən vəhşiliklər öz miqyası və qəddarlığı ilə seçilmişdir. Məqsəd Azərbaycan xalqını öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, milli varlığına ağır zərbə vurmaq idi. Xüsusilə Şamaxı və Quba bölgələrində törədilən qətliamlar tariximizin ən ağrılı səhifələri sırasında yer alır.

31 Mart hadisələri Azərbaycan xalqına qarşı uzun illər həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşətli nümunələrindən biri hesab olunur. Uzun müddət bu tarixi həqiqətlər müxtəlif səbəblərdən lazımi siyasi-hüquqi qiymətini almamışdır. Lakin ümummilli lider Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixində imzalanmış sərəncamla 31 Mart rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş və bu faciəyə dövlət səviyyəsində siyasi qiymət verilmişdir.

Bu gün 31 Mart hadisələri yalnız matəm günü deyil, həm də milli birlik, həmrəylik və tarixə sahib çıxmaq günüdür. Azərbaycan xalqı öz keçmişini unutmur, şəhidlərinin xatirəsini daim ehtiramla yad edir və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

Tarixi yaddaşın qorunması xalqın gələcəyi üçün mühüm amildir. Keçmişdə baş vermiş faciələrdən nəticə çıxarmaq, milli birliyi daha da gücləndirmək və dövlətimizin müstəqilliyini qorumaq hər bir vətəndaşın mənəvi borcudur. 31 Mart soyqırımı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq və onların faciəsi heç vaxt unudulmayacaq.

Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmur və bu qanlı səhifənin tarixi həqiqətlərini yaşatmaqda davam edir.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
sesqazeti.az

1Mənbələr