AZ

Paşinyanın Rusiyaya səfəri nəyə hesablanıb? DETALLAR

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.

“Tezliklə Rusiyaya gedəcəm. Biz əlaqələri qoruyuruq”, - deyə Paşinyan İrəvanda vətəndaşlarla görüş zamanı, Rusiya ilə münasibətlər barədə sakinlərdən birinin fikrinə cavabında belə deyib. 

O, həmçinin vurğulayıb ki, Rusiya Ermənistan üçün dost ölkədir.Qeyd edək ki, martın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Onlar ikitərəfli gündəlikdə olan məsələləri müzakirə edib və yaxın zamanda müzakirələri görüş formatında davam etdirmək barədə razılığa gəliblər. Ermənistan hökuməti Paşinyanın Moskvaya səfərinin gündəliyini hələlik açıqlamayıb. 

Lakin aprel ayında bu müzakirələrin baş tutacağı gözlənilir. Rusiya mediasının yazdığına görə, Paşinyanla Putin Ermənistan və Rusiya arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələləri barədə danışacaqlar.

Hazırda Ermənistan ərazisindəki dəmir yolu xətlərinin təmiri və tikintisi ilə bağlı məsələnin İrəvanla Moskva arasında mübahisə predmetinə çevrildiyini nəzərə alsaq, çox güman ki, bu mövzu danışıqlar masasında yer alacaq.

Cənubi Qafqaz Dəmir Yollarının idarəçilik hüququ Rusiyaya məxsus olduğundan Nikol Paşinyan Moskvadan bir sıra layihələrin həyata keçirlməsini tələb edir.

Söhbət Arazdəyən-Naxçıvan Muxtar Respublikasının sərhədi, Axurik (Türk Qarakilsəsi) -Türkiyə sərhədi və İcevan (Karvansaray) - Qazax rayonu sərhədini əlaqələndirən dəmir yolu xətlərinin bərpası və inşasından gedir. Ermənistanın Baş naziri Rusiya tərəfinin bu öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, dəmir yolunun konsessiya hüququnun başqa dövlətə veriləcəyini bildirir. 

Rusiya isə bu addımı Ermənistanın 2008-ci ildə imzalanmış konsessiya müqaviləsi öhdəliyini pozması və Avrasiya İqtisadi İttifaqının ərazisinə kənar dövlətlərin müdaxiləsi hesab edir.

Ona görə də Paşinyanın Putinlə aparacağı müzakirələrdə dəmir yolu məsələsi əsas yerlərdən birini tutacaq.Bundan başqa, Paşinyan Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana daşımaların həyata keçirilməsində maraqlıdır. 

Çox güman ki, o, Putini Rusiyadan idxal edilən taxıl, neft məhsulları və digər yüklərin Azərbaycan üzərindən tranzitinin vacibliyinə inandırmağa çalışacaq.

Rusiya və Ermənistan arasında ticarətin dəmir yolu ilə həyata keçirilməsi ucuz başa gəlməklə yanaşı, həm də Moskvanın konsessiya öhdəliklərini yerinə yetirməyə marağını artıra bilər.

Lakin Nikol Paşinyanın Rusiyaya səfərinin iqtisadi mövzuların müzakirəsindən daha çox siyasi məqsəd daşıdığı ehtimal edilir.Belə ki, iki aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərin nəticəsi Rusiya üçün geosiyasi baxımdan strateji əhəmiyyətə malikdir. 

Yəni seçkilərdə Kremlə bağlı müxalifətin qələbəsi Ermənistanın Rusiyanın forpostu olaraq qalmasında mühüm rol oynaya bilər. Seçkilərdə Rusiyanın dəstəkləyə biləcəyi əsas namizədlər hazırda həbsdə olan milyarder Samvel Karapetyan və keçmiş prezident Robert Köçəryandır.

Nikol Paşinyanın qələbəsi isə növbəti mərhələdə Ermənistanın Qərbə inteqrasiyası və Rusiyanın təsir dairəsindən çıxması prosesini sürətləndirə bilər.

Hazırda Nikol Paşinyan daha çox Rusiya və Qərb arasında balanslaşdırılmış siyasi kursa üstünlük verir. Lakin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu nisbətin Qərbin xeyrinə dəyişəcəyi gözlənilir.

Ona görə də Rusiya seçkilərdə Paşinyana alternativ namizədlərdən birinin qələbəsində maraqlı olacaq. Bütün bunları nəzərə alan Nikol Paşinyan isə Rusiyanın seçkilərə müdaxiləsini neytrallaşdırmaq üçün Kremllə anlaşmaya nail olmağa çalışacaq.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın seçkilərə hibrid müdaxiləsinin və dezinformasiya kampaniyasının qarşısını almaq üçün fevral ayında Avropa İttifaqına xüsusi qrup göndərməklə bağlı müraciət etmişdi.  

Avropa İttifaqı müraciətə müsbət cavab verərək Rusiya təhlükəsi ilə mübarizə aparmaq məqsədilə Ermənistana hibrid çevik reaksiya qrupu göndərmək qərarına gəlib. 

Öz növbəsində, Rusiya Moldovada olduğu kimi Avropa İttifaqının hibrid çevik reaksiya qrupunun seçkilərə nəzarət etməsindən narahatdır. 

Bu baxımdan, çox güman ki, Paşinyanın Putinlə görüşündə də seçkilər məsələsi diqqət mərkəzində olacaq. Ermənistanın baş naziri Rusiyanın müxalifətə dəstək verməməsini, Kreml də Avropa İttifaqının seçkilərə müdaxilə etməməsini istəyir.

Yəqin ki, Paşinyanın Rusiya səfərinin əsas təşəbbüskarının Ermənistan tərəfi olması da məhz seçkilər amili ilə bağlıdır.Müşfiq Abdulla   

“Cebheinfo.az”

Açar sözlər:

Paşinyan səfər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr