AZ

Bu gecə 24 illik həsrətə SON qoyulacaqmı? – Türkiyə TARİXİ görüşə çıxır

DÇ-2026-nın pley-off mərhələsinin final oyunları çərçivəsində bu gün Kosovo-Türkiyə oyunu keçiriləcək. Görüş Kosovanın paytaxtı Priştina şəhərində baş tutacaq. Bakı vaxtı ilə 22:45-də start götürəcək bu oyun təkcə növbəti seçmə mərhələ oyunu deyil, həm də iki fərqli futbol hekayəsinin toqquşmasıdır. Bir tərəfdə 24 illik həsrətə son qoymaq istəyən, sonuncu dəfə 2002-ci ildə dünya üçüncüsü olaraq tarix yazmış Türkiyə, digər tərəfdə isə 2008-ci ildə dövlət müstəqilliyini elan edən, cəmi bir neçə il əvvəl beynəlxalq arenaya çıxmış, lakin ambisiyası ilə diqqət çəkən Kosovo dayanır. 18 il öncə müstəqilliyini elan edən Kosovo qısa müddətdə futbol xəritəsində öz yerini tapmağa çalışıb. UEFA və FİFA-ya üzvlük əldə etdikdən sonra seçmə mərhələlərdə iştirak edən bu kiçik ölkə üçün dünya çempionatının final mərhələsi çox böyük arzudur. 1.8 milyonluq əhaliyə malik bir dövlətin belə bir uğura imza atması reallaşa bilərmi?

Türk

Digər tərəfdən Türkiyə millisi heyət baxımından daha təcrübəli və güclü görünür. Lakin səfər oyununun çətinliyi, tribunaların təzyiqi və rəqibin motivasiyası bu üstünlüyü kompensasiya edə bilər.

Bəs Türkiyə bu həsrətə son qoya biləcəkmi, yoxsa Kosovo tarixinin növbəti ilkinə imza atacaq?

İdman yazarı Natiq Muxtarlı Musavat.com-a açıqlamasında Türkiyə yığmasını olduqca çətin oyun gözlədiyini söyləyib:

“Kosovoya heç bir halda yuxarıdan aşağı baxmaq olmaz. Bu yığma artıq özünü sübut edib. Dünya Çempionatının seçmə mərhələsində də parlaq oyun göstərdilər. Pley-offun yarımfinalında isə Slovakiyanı fantastik oyunla mübarizədən kənarlaşdırdılar. Slovakiya ilə oyundan çıxan nəticə bu idi: Kosovo əlinə düşən imkanlardan maksimum yararlanır, rəqibin müdafiə xəttindəki istənilən boşluğu bağışlamır, standart vəziyyətlərdən əla istifadə edirlər. Türkiyə yığmasını bu oyunda ciddi problemlər gözləyir. Birincisi mentalitet problemidir. Türklər daim belə rəqiblərə yuxarıdan aşağı baxıblar və belə hallarda nəticəsi acınacaqlı olub. Futbolçular Kosovonu qiymətləndirməsələr, bu qarşılaşmada Türkiyənin məğlubiyyəti qaçılmaz olacaq”.

Futbolumuzun

Onun fikrincə, Türkiyə müdafiə xəttində daim boşluqlar verir:

“ Bu amil Kosovo üçün öldürücü üstünlükdür. Onlar Slovakiya ilə oyunda belə şanslardan necə yararlandıqlarını göstərdilər. Üstəlik, Kosovo sürətli əks-hücuma çıxmağı da bacarır. Yəni bu komanda olduqca güclüdür. Bu mərhələyə qədər gələn bir komandanı “zəif” adlandırmaq özünü aldatmaq sayılar. Və bu “özünüaldatma” sonda məğlubiyyəti qaçılmaz edər”.

İdman şərhçisi qeyd edib ki, Türkiyə yığmasının məşqçilər korpusunun üzərinə böyük yük düşür:

“Onlar türklərin yuxarıda dediyim mentalitetini heç olmasa bu oyun üçün dəyişməlidirlər. Dəyişə bilməsələr, faciə yaşanacaq. Türkiyə yığması avantüraya qapılmamalı, Kosovonu ciddi rəqib kimi qəbul etməli, müdafiədə boşluq buraxmamalı, hücumda isə effektiv olmalıdır. Yalnız bu halda Kosovonu mübarizədən kənarlaşdırıb 24 illik həsrətə son qoymaq olar”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
85
26
musavat.com

10Mənbələr