AZ

“Trampın xülyası suya düşdü” - Sabir Rüstəmxanlıdan maraqlı İran PROQNOZU

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı cavablandırıb. Müsahibəni təqdim edirik:

- Sabir bəy, İrana qarşı müharibə bir aydan çoxdur ki, davam edir. Sizcə, savaş uzandıqca, Rusiya-Ukrayna müharibəsinə oxşaya bilərmi?

- Ruslarla ukraynalılar cəbhədə üz-üzə dayanıblar. Burada isə yalnız havadan hücumlarla zərbələr endirilir. İranı hava hücumları ilə məğlub edəcəklərini gözləyirdilər. Ancaq bu əməliyyatların nəticəsi görünmür. Çünki İranın bu qədər ciddi müqavimət göstərəcəyini gözləmirdilər. Eyni zamanda, dünya ölkələrinin bir hissəsi İranı müdafiə etdi. Aydın oldu ki, ölkəni dağıtsan da, İran xalqını bütövlüklə məhv edə bilməzsən. İndi müharibənin sonuncu mərhələsi, yəni quru əməliyyatı gözlənilir. Amma quru qoşunlarının yeridilməsinin də perspektivi yoxdur. ABŞ İrana nə qədər qoşun göndərəcək ki, qalib gəlsin?! Trampın qısa müddətdə İranı məğlub edəcəyi barədə xülyası suya düşdü. ABŞ əvvəllər də belə müharibələr aparıb. Məsələn, oğul Buşun vaxtında deyildi ki, İraqda müharibə tezliklə bitəcək. İki ay sonra bu barədə bəyanat da verildi, lakin savaş 8 il davam etdi.

Hazırda ABŞ şəhərlərində Trampa qarşı başlanan etiraz aksiyaları göstərir ki, onun addımları bəyənilmir. Ona görə də yəqin ki, ortaq bir yol tapacaqlar, hansısa bəhanə ilə müharibə bitəcək. Nəticədə ABŞ nə qədər öz istəyinə çatacaq, bunu deyə bilmərəm. Amma belə görünür ki, İran uranı zənginləşdirməyə davam edəcək.

Tehran məntiqlə deyir ki, Amerikanın və İsrailin nüvə silahı varsa, bizim də olsun. Yəni niyə sənə olar, mənə olmaz... Baxmayaraq ki, İranın nüvə silahına sahiblənməsi bölgə üçün təhlükədir. Əslində hamı nüvə silahından imtina etməlidir ki, dünyada sabitlik olsun. Bu hadisələrdə digər hədəf İran neftinə sahiblənməklə Çini zəiflətməkdir. Bu yolla ABŞ-dünyanın tək ağası olduğunu göstərmək istəyir. İndi ABŞ şərt qoyur ki, neftini, Hörmüz boğazına nəzarəti ver, öz rejimini saxla. Məsələ bundan ibarətdir.

- Bu məsələdə İrandakı siyasi sistemin gücü və dayanıqlığı rol oynadımı?

- Əslində, öldürülənlərin bir hissəsi elə soydaşlarımızdır. SEPAH-da xeyli azərbaycanlı var. Mən heç vaxt İran rejimini sevməmişəm. Ali rəhbər Xameneiyə də sağlığında İranın siyasəti və orada soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı etiraz məktubu yazmışdım. Məncə, əgər xalqın öhdəsinə buraxılsaydı bəlkə rejimi dəyişəcəkdilər. Amma kənardan müdaxilə olanda vətəndaş müharibəsi unudulur, vətən müharibəsi başlanır. O zaman xalq sevmədiyi siyasi rejim də olsa onun ətrafında birləşir. Bu mənada artıq İrana münasibət dəyişir, Azərbaycan və Türkiyə hadisələrə təmkinlə yanaşır. ABŞ və İsrailin başladığı bu müharibənin heç bir əsası yoxdur. Burada azərbaycanlılar və digər millətlərin azadlığı məsələsi də yoxdur. Əgər olsaydı, bəlkə buna dəstək verilərdi. Sadəcə, Orta Şərq projesi var və məqsəd İsrail ərazilərini genişləndirməkdir. Bu prosesdə kürdlərin ağıllı adamları da bunu başa düşməli və onların oyununa getməməlidirlər.

- Onda müharibədən sonra rejim öz varlığını davam etdirə biləcəkmi?

- Öncə İranın parçalanması ehtimalı var idi, indi bu gözlənti azdır. Müharibə insanları birləşdirdi.

Emil Salamoğlu
Musavat.com

Seçilən
24
2
musavat.com

3Mənbələr