AZ

Fransada kiçik avtomobil ölçüsündə dron hazırlanır

Paris, 31 mart, AZƏRTAC

Fransanın avtomobil istehsalçısı olan “Renault” hərbi və mülki məqsədlərdən ötrü istifadə üçün nəzərdə tutulan dronla bağlı yeni layihə üzərində işlədiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, hazırda inkişaf mərhələsində olan bu prototipin iyun ayında keçiriləcək “Eurosatory” sərgisində təqdim olunacağı ehtimal edilir. Müdafiə sənayesində artan fəallıq fonunda ortaya çıxan bu təşəbbüs “John Cockerill” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu şirkət həm də hərbi nəqliyyat vasitələrinin istehsalçısı olan “Arquus”un sahibidir.

“Renault”dan bildirilib ki, ilin əvvəlində Silahlı Qüvvələr Nazirliyi tərəfindən onun sürətli inkişaf və istehsal imkanları nəzərə alınaraq əməkdaşlıq təklifi edilib. Şirkətin məlumatına görə, tədqiqat və inkişaf komandaları müxtəlif variantları, eləcə də yerüstü robotları sınaqdan keçirirlər. Bu texnologiyaların yalnız hərbi deyil, həm də mülki sahələrdə tətbiq potensialının olduğu vurğulanır. Layihə hələlik “eksperimental tədqiqat mərhələsindədir”.

Prototipin kiçik avtomobil ölçüsündə olacağı və əsasən kəşfiyyat məqsədilə istifadə ediləcəyi bildirilir. Dizayn baxımından onun çoxsaylı kameralarla təchiz edilmiş kiçik ay səthində hərəkət edən 4x4 nəqliyyat vasitəsini xatırladacağı qeyd olunur. Texniki baxımdan isə cihaz “Renault”un mövcud texnoloji platformalarına və komponentlərinə əsaslanacaq.

Şirkət üçün bu layihə müdafiə sektorunda ilk addım deyil. “Renault” artıq “Turgis Gaillard” ilə birlikdə “Chorus” adlı hava dronu üzərində işləyir. Bu dron Lö Mans şəhərində istehsal olunur və aylıq istehsal gücünün 600 ədədə çatdırılması planlaşdırılır.

Uzunmüddətli perspektivdə isə “Renault” və “Arquus” hərbi təyinatlı yüngül nəqliyyat vasitələrinin hazırlanması üzərində də əməkdaşlıq edə bilər. Bu çərçivədə “Dacia” markasının bəzi modellərinin hərbi istifadəyə uyğunlaşdırılması da istisna edilmir.

Seçilən
38
3
azertag.az

5Mənbələr